Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 22:43

«Şevarnadze dövründə varıydı» və ya azlıqda qalan sinif


«Hətta statistikaya görə, Gürcüstanda yoxsulların sayının milyona çatdığı deyilir və bu göstərici getdikcə artır»
«Hətta statistikaya görə, Gürcüstanda yoxsulların sayının milyona çatdığı deyilir və bu göstərici getdikcə artır»
ORTA TƏBƏQƏ VƏ YA GÜRCÜ QİYMƏTLƏNDİRMƏSİ

Gürcüstanda orta təbəqə varmı? Varsa bu kəsimin üzvləri cəmiyyətin neçə faizini təşkil edir? Bu suala dəqiq cavab yoxdur.

İqtisadçı ekspertlərə görə, beş nəfərlik ailənin aylıq gəliri 500 laridirsə, o orta təbəqənin nümayəndəsi sayıla bilməz. Bu ailə sadəcə, cəmiyyətin yoxsul təbəqəsinə aiddir.

Son illər Gürcüstanda dövlət qulluğunda çalışanların maaşı artsa da, bu, orta sinfin say artımına səbəb olmayıb.

O zaman sual yaranır: Orta təbəqəyə kimi aid etmək olar, klassik təriflə yox, bugünkü gürcü qiymətləndirməsiylə orta sinfə kimlər mənsubdur? İqtisadçı ekspert Giya Xuxaşvili bir neçə vacib şərti sadalayır:

«O ailəni orta sinfə aid etmək olar ki, özünü zəruri olan hər şeylə tam təmin edir, kommunal və ərzaq xərclərini ödəyir, ildə bir dəfə istirahətə və başqa şeylərə pul ayırır. Nəqliyyatı bura aid etmək olmaz, Gürcüstanda şəxsi avtomobil artıq yoxa çıxmaqdadır…»

ŞEVARNADZE DÖVRÜNDƏKİ KÖLGƏ SİNİF

1990-cı illərdən başlayaraq siyasi gərginliklər içində yaşayan cəmiyyətdə orta sinif heç cür formalaşa bilməzdi. Xuxaşvili düşünür ki, son iki prezidentin idarəçiliyini müqayisə edəndə məlum olur ki, orta sinif birincinin dövründə mövcud olub:

«Orta sinif firəvanlığın və iqtisadi inkişafın başlıca indikatorlarından sayılır. Bizim ölkədəki sistem problemlərinə görə, orta sinif hələ oturuşmayıb. Məncə, prezident Şevarnadzenin zamanında orta sinif daha çox gözə görünürdü, amma bu sinif belə demək mümkünsə, kölgə sinfiydi, o qanuni yolla, maaşla dolanmırdı, əksinə korrupsiya sayəsində mövcud idi. Və bu günlə müqayisədə o zaman korrupsiya gəlirləri daha böyük idi. Hətta vergi və ya yol inspektoru da orta sinfə mənsubuydu, onun gəlirləri qanunsuz olsa da, ümumi mənzərəni təhrif edirdi. Rəsmi statistikanı götürsək, bu gün Gürcüstanda orta təbəqənin sayı artmalıydı, məsələn, əvvələ baxanda bu gün menecerlərin maaşı daha çoxdur, amma bu maaşlar o zamankı korrupsiyalaşmış elitanın gəlirlərindən çox aşağıdır».

YA KASIB VAR, YA DA VARLI, NƏTİCƏSİ DƏ İNQİLAB…

Giya Xuxaşvili təxmini hesablamalarına görə, orta təbəqəyə o adamları aid edir ki, aylıq gəlirləri 1000 dollar və ya daha çoxdur. Amma bununla belə, bu gün ölkədə əsasən iki sinif mövcuddur: varlılar və kasıblar:

«Gürcüstanda orta təbəqənin seqmenti həddən artıq az olduğundan əhali real olaraq iki qütbə bölünüb. Mənim hesablamalarıma görə, bu kəsim ölkə əhalisinin olsa-olsa 3-5 faizini təşkil edir. 5 faizsə varlı elitayla kasıblar arasında duruş gətirə biləcək bufer deyil. Bu cür dissonans və disbalans, iki təbəqə arasında çox zəif bir buferin olması daimi sosial gərginliklərə və inqilabi vəziyyətə gətirir».

«DEMƏLİ, VERGİ SİYASƏTİ DƏYİŞMƏLİDİR»

Qafqaz İqtisadi və Sosial Araşdırmalar İnstitutunun icraçı direktoru David Narmaniya isə deyir ki, orta təbəqə bütün ölkələrdə var, amma həlledici faktor kəmiyyətdir, yəni bu sinfə aid olanların sayıdır:

«Əgər ölkədə varlılar və yoxsullar çoxdursa, deməli, bu ölkənin iqtisadi siyasəti düzgün qurulmayıb, vergi siyasətinə yenidən baxılmalıdır ki, bu yolla müxtəlif kəsimlərin gəlirləri arasında tarazlıq yaransın, bu halda dövlətlilər daha yüksək vergi ödəməli, yoxsullara isə qısamüddətli sosial müavinətlər verilməlidir. Eyni zamanda, incə şəkildə biznesin və istehsalın inkişafına yardım etmək lazımdır, bu vəziyyətdə də orta sinfə aid olanların sayı da artacaq».

İnkişaf etmiş ölkələrin iqtisadiyyatı orta təbəqənin inkişafına yönəlib. Və belə ölkələrdə bu sinfə mənsubların sayı da bəllidir. Gürcüstanda isə bu sahədə vəziyyət çətindir:

«Hesablamanın müxtəlif metodları var, bu da normal ölkələrdə müxtəlif təbəqələrin gəlirlərini müəyyənləşdirməyə imkan yaradır. Bizim dövlət statistika departamenti isə həddən artıq təxmini hesablamalar aparır, detallı hesablamalarsa yoxdur, nəticələr ümumiləşdirilir və real mənzərəni təsvir etmək mümkün deyil».

YOXSULLAŞAN ORTA TƏBƏQƏ

David Narmaniyanın müşahidələrinə görə, son illər cəmiyyətin varlı və yoxsul kəsimləri bir-birindən əhəmiyyətli dərəcədə uzaqlaşıblar:

«Varlılar və kasıblar bir-birindən uzaqlaşır, orta sinfin nümayəndələrinin sayı isə azaldıqca azalır və onların böyük bir hissəsi yoxsul təbəqənin üzvünə çevrilir. Hətta statistikaya görə, Gürcüstanda yoxsulların sayının milyona çatdığı deyilir və bu göstərici getdikcə artır».

Orta təbəqənin mövcudluğu üçün nə lazımdır? Narmaniya üç amili göstərir: Birinci növbədə kiçik biznes dəstəklənməlidir, ikincisi, elitar səviyyədə korrupsiyanın kökü kəsilməlidir və nəhayət, düzgün vergi siyasəti aparılmalıdır.

Biz Tbilisi sakinlərinin də bu haqda fikirlərini soruşduq. Rəyini öyrəndiklərimizin əksəriyyəti hesab edir ki, kasıbdır, üstəlik də Gürcüstanda orta sinif demək olar ki, yoxdur:

- Camaat ya varlıdır, ya da kasıb, orta təbəqə yoxdur. Biz özümüz də yoxsul sinfə aidik.

- Orta sinif? Bu sinif azlıqdadır. Ölkədə bir varlılar var, bu az faiz təşkil edir, bir də çoxlu kasıb var. Minimum gəlir yoxdur, əksəriyyət yoxsulluq həddində yaşayır.

- Ya həddən artıq yoxsullar var, ya da varlılar. Mən özüm ehtiyac içində yaşayıram. Mən də, həyat yoldaşım da, işsizik, dörd uşağımız və balaca nəvələrimiz var…
XS
SM
MD
LG