Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:12

Ramazanın yayın ortasına düşməsi bəzi həkimləri qayğılandırır


«İslam dindarların rahatlığını və sağlamlığını istəyir»
«İslam dindarların rahatlığını və sağlamlığını istəyir»
Bu il Ramazanın yayın ortasına düşməsi bəzi həkimləri çox qayğılandırır. Bu narahatlığın bir sıra səbəbləri var. Birincisi, gün uzun olduğundan insanlar daha çox ac-susuz qalacaqlar. İkincisi isə, isti havada insan daha tez susayır deyə, orqanizmin daha çox zəifləməsi və yorulması qaçılmaz olacaq. Digər tərəfdənsə, isti havada həzm prosesi bir qədər zəiflədiyindən imsaq (səhər yeməyi) və iftar (axşam yeməyi) zamanı çoxlu yemək mədəyə problemlər yarada bilər.

ORUC TUTANLAR ÜÇÜN XÜSUSİ TİBB MƏSLƏHƏTLƏRİ XİDMƏTİ YARADILIB

Hətta Birləşmiş Ərəb Əmirliklərinin Səhiyyə Nazirliyindən Dr. Əli bin Şəkər deyir ki, bu problemləri nəzərə alıb, oruc tutanlar üçün xüsusi tibb məsləhətləri xidməti yaradıblar:

«Biz xüsusi tibbi məsləhətxanaları yaratmışıq ki, orucla bağlı ortaya çıxacaq problemləri həll edək. Havanın isti, günün uzun olmasını nəzərə alsaq, bu dövrdə daha diqqətli olmaq üçün maarifləndirməyə ehtiyac var».

Həmin xidmətə müraciət etməklə açıq havada və ya qapalı yerdə çalışanların sağlam oruc tutması üçün və ya «səhər tezdən nəyi yemək olar», «iftar açanda ilk əvvəl nəyə üstünlük verməli» kimi suallara cavab almaq olar.

«QAZ ƏMƏLƏ GƏTİRƏN QİDALAR RASİONNDAN ÇIXARILMALIDIR»

Bu cür xidmət yaratmasa da, Tatarıstandakı həkimlər də yemək menyusuna xüsusi diqqət etməyi tövsiyə edirlər. Eldar Tuxvatullin:

«Oruc tutanlar ancaq sübh tezdən və günbatanda yeyirlər. Əgər bu zaman qidanı normal qəbul eləsələr, yəni həddən artıq çox yeyib mədələrini gücə salmasalar, oruc tutmaq doğrudan da sağlamlığa xeyirli olur. Odur ki, karbohidratları çox olan və rahatca başqa yeməklərlə qarışdırıla bilən qidalara – qurudulmuş meyvələrə, xurmaya, əncirə, quşa, balıq ətinə, süd məhsullarına üstünlük vermələri tövsiyə olunur. Qaz əmələ gətirən qidalar və qazlı sular orucluqda qida rasionundan çıxarılmalıdır».

«XÜSUSİ EHTİYAC OLARSA, İNSANLARIN ORUCUNU POZMASI QADAĞAN EDİLMİR»

Ancaq orucluğun yaya düşməsi üzündən insan sağlamlığına yarana biləcək problemlərdən danışanda, Əfqanıstandan olan molla Mustafa Fədai deyir ki, ilk əvvəl nəzərə almaq lazımdır ki, İslam orucun məcburi olduğunu demir:

«İslam dindarların rahatlığını və sağlamlığını istəyir. Xüsusi hallarda, əgər insan halsızlaşır və huşunu itirirsə, müqəddəs «Quran» orucun pozulmasına və qida qəbuluna icazə verir. Xüsusi ehtiyac olarsa, insanların orucunu pozması qadağan edilmir».

İraqlı molla Əli əl Ciburi isə deyir ki, İslam səyahət edənləri, hamilə qadınları, xəstə insanları oruc tutmaqdan azad edir. Onlara səhhətləri üçün daha uyğun bir vaxtda, sonradan oruclarını tutmaq tövsiyə olunur.

«KİMSƏ XƏSTƏDİRSƏ VƏ DÜŞÜNÜRSƏ Kİ, ORUC TUTMAQLA SAĞALACAQ – SƏHV EDİR»

Tatarıstandan olan imam İlduz Faiz isə vurğulayır ki, oruc tutmaq insanın səhhətinə müsbət təsir etsə də, bir şeyi unutmaq olmaz:

«İnsanlar bilməlidirlər ki, oruc insanı sağaltmır. Kimsə xəstədirsə və düşünürsə ki, oruc tutmaqla sağalacaq – səhv edir. Niyyət bu olmamalıdır».

Ramazan ayının gəlişiylə müsəlmanların üzləşə biləcəyi başqa bir problem isə - donuz qripiylə bağlıdır. Oruc tutan orqanizm daha zəif olur deyə, xəstəliklərə yoluxmaq şansı da artır.

Səudiyyə Ərəbistanı hökuməti artıq əvvəlcədən donuz qripi təhlükəsi üzündən bu il 12 yaşdan kiçik və 65 yaşdan yuxarı adamlara, xroniki xəstələrə Həcc ziyarətinə viza vermir.

Dünya Səhiyyə Təşkilatının rəqəmləri isə bu qorxuları daha da əsaslandırır. İranda donuz qripinə tutulan 144 nəfərin yarısı xəstəliyə Ərəbistanda düçar olub, Misirdə ölən 19 yaşlı qız isə yenicə Məkkə ziyarətindən qayıdıbmış.
XS
SM
MD
LG