Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:37

«Əbu-Bəkr» işində şahidlə prokuror arasında mübahisə düşdü


Avqustun 20-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə «meşə qardaşları» kimi tanınan qanunsuz hərbi birləşmələr tərkibində fəaliyyət göstərməkdə təqsirləndirilən 26 nəfərin məhkəməsi davam edib. Məhkəmə iclasında təqsirləndirilən şəxslərin həbsi epizodu ilə bağlı hal şahidləri dindiriliblər.

Növbə hal şahidi Şahin Poladovun dindirilməsinə çatanda mübahisə yaranıb. Dəstə üzvü olduğu bildirilən Azər Baxışov MTN işçilərini Qusar meşəsində silahların saxlandığı yerə aparıb.

Orada saxlanc yerini MTN işçilərinə göstərib, həmin yer qazılıb və oradan silah-sursat çıxarılıb.
Lakin Şahin Poladov məhkəmə ifadəsində bunu təkzib edib. Məhkəmənin nəzərinə çatdırıb ki, MTN işçiləri ilə birlikdə meşəyə gəlib, lakin MTN işçiləri onu silahların saxlanc yerinə aparmayıblar. «Məni bir kənarda saxladılar, özləri getdilər, bir qədərdən sonra silahlarla qayıtdılar. Sonra da mənə protokol imzalatdırdılar ki, guya saxlanc yerinin Azər Baxışov tərəfindən göstərilməsinin, həmin yerin qazılmasının və silah-sursatların çıxarılmasının şahidi olmuşam. Əslində mən heç nə görməmişəm, hətta Azər Baxışovu da ilk dəfə burada görürəm» - şahid bildirib.

Şahid prokurorun «nəyə görə ibtidai istintaqa verdiyiniz ifadənizdə Azər Baxışovu gördüyünüzü, silah-sursatların sizin şahidliyinzlə qazılıb çıxarıldığını göstərmisiniz» sualına qəzəblənib. O, «mən ləzgiyəm, həm də savadsızam, mənə tərcüməçi verilməmişdi, latın qrafikasını bilmirəm, ifadəmi müstəntiq kompüterdə yazmışdı, o mənə ifadəmdən başqa şeylər oxumuşdu. Mən də orada yazılanlarla razılaşıb imzaladım. Ancaq mənim ifadəmdə belə şeylər yazılmamışdı. Ən düzgün ifadəni burada verirəm» deyib.

Məhkəmə prosesi şahid ifadələri ilə davam edir. Qeyd edək ki, iş üzrə 90 şahid var.

Məhkəmə qarşısında təqsirləndirilən şəxslər qanunsuz silahlı birləşmənin tərkibində fəaliyyət göstərməkdə, «Əbu-Bəkr» məscidində partlayış törətməkdə və digər cinayətlərdə ittiham olunurlar.

«Əbu-Bəkr» məscidində 2008-ci ilin avqustun 17-da baş verib. Məscidə atılan əl qumbarasının partlaması nəticəsində 3 nəfər ölüb, 19 nəfər yaralanmışdı.
XS
SM
MD
LG