Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:18

Xaricdə təhsil alan tələbənin 50 minlik problemi


Dünyanın 21 ölkəsində təhsil alan azərbaycanlı tələbələr tibb, iqtisadiyyat, siyasi elmlər, idarəetmə, hüquqşünaslıq və s. digər ixtisaslara yiyələnməkdədirlər

Dünyanın 21 ölkəsində təhsil alan azərbaycanlı tələbələr tibb, iqtisadiyyat, siyasi elmlər, idarəetmə, hüquqşünaslıq və s. digər ixtisaslara yiyələnməkdədirlər

2007-2015-ci illəri əhatə edən dövlət proqramı çərçivəsində xaricdə təhsil alan tələbələrin sayı 450 nəfərə yaxındır. Bunu Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan tələbələrlə görüşdə təhsil naziri Misir Mərdanov dedi.

Dünyanın 21 ölkəsində təhsil alan azərbaycanlı tələbələr tibb, iqtisadiyyat, siyasi elmlər, idarəetmə, hüquqşünaslıq və s. digər ixtisaslara yiyələnməkdədirlər. Nazirin dediyinə görə, proqram çərçivəsində 5 min gəncin dünyanın ən nüfuzlu ali məktəblərinə göndərilməsi planlaşdırılır. Nazir onu da bildirdi ki, Dövlət Proqramı çərçivəsində gənclərin xaricdə təhsil alması üçün dövlət büdcəsində ildə 10 milyon manat nəzərdə tutulub.

Görüş xaricdə təhsil alan tələbələrə dövlət rəsmilərinə minnətdarlıqlarını və problemlərini çatdırmaq üçün fürsət yaratmışdı.

«ŞAHMAR MÜƏLLİM, SIZ ARTIQ SÖZ VERDİNİZ»
Amma Fransadakı tibb universitetlərindən birində təhsil alan Ülviyyə Əlizadənin çıxışı zalda xeyli gülüş doğurdu. Gülüşə səsəbsə o oldu ki, Fransadakı uğurlarından danışan tələbə görüşdə iştirak edən Neft Fondunun icraçı direktoru Şahmar Mövsümova problemindən söz açdı.

Tələbənin dediklərindən məlum oldu ki, o Tibb Universitetini bitirib və indi oftalmologiya üzrə internatura keçmək, daha beş il tibb təhsilini davam etdirmək istəyir. Amma Fransada əcnəbi tələbə üçün bu xeyli maliyyə tələb edir. Misir Mərdanov bu məsələdə problem olmadığını bildirdi. Amma Ülviyyə Əlizadə problemin nədən ibarət olduğunu açıqlayanda bu zaldakıları xeyli təəccübləndirdi.

«Oftalmologiya üzrə internatura keçmək üçün ildə 50 min avro pul lazımdır»

Misir Mərdanov burda da hər hansı problem olmadığını bildirdi.

- Sən qəbul ol, davamını biz edərik.
- Mən qəbul olmuşam.
- Onda sənədlərini təqdim elə Şahmar müəllim onu təsdiqləyəcək.
- Çox sağ olun Şahmar müəllim artıq siz söz verdiniz...

Ülviyyə Əlizadənin Neft Fondundan istədiyi beş illik pul 250 min avrodur. Məbləğ çox olsa da, tələbə ümid edir ki, onun müraciətini nəzərə alacaqlar.

İKİ AYLIQ TƏQAÜDÜ KƏSİLƏN TƏLƏBƏLƏR
Cənubi Koreyada təhsil alan tələbə Azər Hüseynov isə təqaüdlə bağlı problemin olduğunu bildirdi. Onun sözlərinə görə, əvvəllər bütün il boyu təqaüd alsalar da yeni qaydalara görə tətil dövründə onlara təqaüd verilməyəcək. Azər Hüseynova görə, semestr-arası iki ay ərzində tələbənin Cənubi Koreya kimi bahalı bir ölkədə təqaüdsüz yaşaması xeyli çətindir. Misir Mərdanov tələbəyə bu məsələ ilə bağlı nazirliyə müraciət etməyi məsləhət gördü.

TƏLƏBƏ DƏ VAR 1750 AVRO TƏQAÜD ALIR
Amma Fransada və Böyük Britaniyada təhsil alan tələbələrin bir neçəsi ilə söhbətdə məlum oldu ki, onlara verilən təqaüd bir aylıq xərclərini tam ödəyir. Hətta artıq da qalır. Böyük Britaniyanın Notinqem universitetində təhsil alan Mətin Məmmədlinin dediyinə görə, o hər ay 1750 avro təqaüd alır: «Mənə tamamilə çatır. Bura yataqxana və ölkə daxilində nəqliyyat xərcləri də daxildir». İllik təhsil haqqına gəlincə, Mətin Məmmədli deyir ki, Azərbaycan dövləti hər il onun təhsil aldığı universitetə 10 min 200 Böyük Britaniya funtu ödəyir.

Xaricdə təhsil alan tələbələrin sonradan Azərbaycana qayıdıb işləmək məsələsinə gələndə tələbələr arasında bununla bağlı müəyyən tərəddüdlər var. Bəziləri hesab edir ki, dövlət vəsaiti hesabına təhsil aldıqlarından təhsili başa vurandan sonra qayıdıb Azərbaycanda işləməlidirlər. Amma bəziləri də hesab edir ki, onlar xaricdə qalıb işləməkdə daha çox maraqlıdırlar.

Diplomatik Akademiyanın rektoru Hafiz Paşayev isə təhsili başa vurub geri dönənlər üçün iş yeri problemi olmadığını deyir. Onun sözlərinə görə, ən yaxşı mütəxəssislər daha çox xarici şirkətlərə üz tutur çünki orda yüksək maaş var. Hafiz Paşayev düşünür ki, artıq Azərbaycanın dövlət qurumlarında da yaxşı mütəxəssislərə yüksək maaş vermək imkanları yaranmaqdadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG