Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:38

Nehrəmdə su davası


Babək rayon Nehrəm kəndində su qəhətə çıxıb
Babək rayon Nehrəm kəndində su qəhətə çıxıb
Babək rayon Nehrəm kəndində su qəhətə çıxıb. Kəndin torpaq becərənləri Su İstifadəçiləri Birliyi (SİB) işçiləri eləcə də kənd icra nümayəndəsi su davasına çıxıblar. Kəndlilər şikayətlənirlər ki, susuzluqdan min bir əziyyətlə əkib-becərdikləri sahələr viran qalıb.

«20 HEKTAR SAHƏDƏ 2500 MANAT ZİYANA GETMİŞƏM»
Sahələr Araz çayının 3 kilometrliyində olmasına baxmayaraq, su tapa bilmirlər. Nehrəm kənd sakini Yaşar Bağırsoyun sözlərinə görə, yazın əvvəlində rayonun səlahiyyətli şəxsləri, eləcə də Naxçıvan Muxtar Respublikası (MR) rəhbərliyi kəndlilərə torpaqlarını boş qoymamağı, əkib-becərməyi israrla tövsiyə ediblər. Bildiriblər ki, təsərrüfatla məşğul olanlara hər cür qayğı göstəriləcək. O da bundan həvəslənib qardaşlarının da əkin sahələrini öz sahəsinə qataraq nə az-nə çox düz 20 hektar sahədə taxıl və heyvan yemi olan yonca əkib. Deyir kaş əkməz olaydım:
Yaşar Bağırsoy: «20 hektar sahədə 2500 manat ziyana getmişəm»


«20 hektar sahədə 2500 manat ziyana getmişəm. Bunun da səbəbkarı su birliyidir. Bizə suyu vaxtlı-vaxtında verə bilmir. Belə olan halda yerli hökumət də bizə vaxtında bildirməlidir ki, əkin əkməyin su olmayacaq. Hal-hazırda suvarma suyu yox dərəcəsindədir».

«BİZİM HÖKUMƏTİN GÜCÜ YOXDURMU?»
Susuzluqdan əkin sahələrinə xərclədiklərinin heç yarısını da qazanmayan təsərrüfatçılar payız əkinindən imtina edəcəklərini də bildirdilər və bunun günahkarı kimi yerli orqanları göstərirlər. Düşünürlər ki, Araz çayından 3 kilometrə su çəkmək neft ölkəsi olan Azərbaycan üçün böyük bir problem olmamalıdır.

«Bizim hökumətin gücü yoxdurmu ki, 3 kilometr ərazidən su çəkib gətirə kəndə? Bu sualıma cavab verilsin. Bir məmur gəlib desin ki, hökumətin gücü yoxdur? Mən inanıram ki, bizim hökumətin gücü yetəri qədərdir. Amma su niyə çəkilmir aydın deyil».

Əkinçilərlə söhbətdə o da aydın oldu ki, qıt olan suya da az pul ödəmirlər. Burda da onları necə deyərlər soyurlar. Suyun 1000 kub metri 50 qəpik olduğu halda hazırda onlardan 1 hektara 6 manat tələb edilir.

Məcbur qalıb təyin edilən məbləği ödəsələr də, əvəzində ödəmə qəbizini də ala bilmirlər.

«Su təsərrüfatı Agentliyinə rəsmi sorğu etmişəm. Suyun qiyməti hər min kubmetrə əlli qəpikdir. Əkin sahələri göstərilir 50 qəpik, otlaq sahələri 40 qəpikdir. Suyun qiyməti hazırda qeyri qanuni 6 manatdır».

Nehrəm kəndində su probleminin olmasını kənd icra nümayəndəsi Təvəkkül Ələkbərov da etiraf etsə də Su İstifadəçiləri Birliyinin rəhbəri Cəmşid Həsənov isə bunların əksini iddia etdi.

C. Həsənov kəndlilərdən suya görə niyə artıq vəsaitlərin alınması sualından da yayındı.
XS
SM
MD
LG