Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:18

Niyazi ilə Həcər xanımın sevgi tarixçəsi...


Maraqlıdır ki, avqust ayı maestronun həm doğulduğu, həm də dünyadan köçdüyü aydır

Maraqlıdır ki, avqust ayı maestronun həm doğulduğu, həm də dünyadan köçdüyü aydır

Hər il avqustun 20-də maestro Niyazinin Bülbül prospekti-21-də yerləşən, indi muzeyə çevrilmiş mənzilinə xeyli adam toplaşır. Tanınmış mədəniyyət xadimləri, Niyazi sənətinin vurğunları, gənc musiqiçilər bir-birinin ardınca çıxış edir, maestroya sayğılarını bildirirlər. Fəqət bu qələbəlikdə, həm də sovet standartlarına görə çox geniş sayılan bu 5 otaqlı mənzildə indi nə maestro Niyazi var, nə Həcər xanım…

Maraqlıdır ki, avqust ayı maestronun həm doğulduğu, həm də dünyadan köçdüyü aydır. Elə ailə həyatına da avqustun bircə addımlığında - iyulun 31-də qədəm qoyublar Niyazi və Həcər xanım.

Biz, «İz» proqramının yaradıcıları da bu fürsətdən yararlanıb, məşhur Hacıbəyov soyadının davamçılarından birinin - ünlü bəstəkar və dirijor Niyazinin xatirəsini anmağa qərar verdik. Ancaq Niyazidən danışıb onun həyatında önəmli rol oynamış qadından - Həcər xanımdan söz açmamaq mümkünsüzdür. Bu radio dastanın adı elə o üzdən «Şıltaq dahinin yumşaldılması» və ya «Niyazi və Həcər xanım»dır.

Bu dastanı söyləməkdə Niyazinin mənzil muzeyinin direktoru Rza Bayramov, maestronun sənət dostları, həmçinin Həcər xanımın «Ərim haqqında xatirələr»i (rusca) çox böyük yardımçımız oldu.

Beləliklə, 51 il 2 gün sürən bir sevgi tarixçəsi sizin qarşınızdadır. Onu həm oxuya, həm də dinləyə bilərsiniz.

AZADLIQ: Rza müəllim, Niyazinin ilk adı nədən Knyaz olub?

Rza Bayramov: Yox, əsl adı elə Niyazi olub. Sadəcə, qardaşı Zülfüqar bəyin qucağında onun körpə oğlunu görən Üzeyir Hacıbəyov bu körpənin üz fiadəsini və duruşunu knyaza bənzədib. Bu səbəbdən Niyazini həm də «Knyaz» deyə çağırıblar.

AZADLIQ: Maestro Niyazi niyə Tiflisdə doğulub? Valideynləri kim olub?

Rza Bayramov: Onun ata-anası və əmisi (söhbət Üzeyir bəydən gedir) Tiflisə qastrola gediblərmiş. Niyazi, beləcə, orada doğulub. Atası Zülfüqar Hacıbəyov, anası isə ixtisasca həkim Böyükxanım adlı qadın olub.

AZADLIQ: Knyaz necə maestro Niyaziyə çevrilib? O, hansı mühitdə böyüyüb?

Rza Bayramov: Niyazi Hacıbəyovlar nəslinə mənsub olub. Bu fakt artıq çox şey deyir. Balaca Niyazi dövrünün ünlü yazıçılarını, sənət adamlarını dövrəsində görüb. Gələcək maestro Qırmızı Kadet Korpusunda oxuyarkən orada skripka sinfinə də gedib. Bu, onun gələcək həyatının musiqiyə bağlanmasında əlavə rol oynayıb. Söhbət 1921-ci ildə Türk Hərbi Orkestrinin skripka sinfində aldığı təhsildən gedir. 1925-26-cı illərdə Rusiyada Qnesinlərin Musiqi Məktəbinin bəstəçilik sinfində təhsili də Niyazinin həyatında önəmli rol oynayıb. Və nəhayət, o, 1929-30-cu illərdə Leninqrad (indiki Sankt-Peterburq) Mərkəzi Musiqi Texnikumunda bəstəçiliyin sirlərini öyrənib, ancaq həmin şəhərin havası ona düşmədiyindən, sözügedən təhsil ocağını bitirə bilməyib. Bakıya qayıdandan sonra - 1931-ci ildə Niyazini Dağıstan Maarif Komissarlığına şöbə müdiri göndəriblər. Həcər xanımla – İran təbəəsi olan bu cəsur qadınla da məhz Mahaçqalada tanış olub.

AZADLIQ: Bəs Niyazi niyə gələcək xanımını qaçırmalı olur. Həcər xanımgilin ailəsi nədən Niyazini xoşlamayıb?
Maestro Niyazi Həcər xanımla


Rza Bayramov: Yox, əslində, ailələr yaxın olublar. Həcər xanımın qardaşı Mahaçqaladakı İran konsulluğunda çalışırmış. Bu ailənin İrana geri dönmək fikri olduğundan, Həcərin Niyazi ilə yaxınlaşmasını əngəlləmək istəyiblər. Heç kəs öz övladının, ya bacısının qürbət eldə qalmasını istəməz. Həcər xanım özü xatirələrində belə yazır: «1932-ci ilin sonlarında ailəmizdə İrana qayıtmaq haqqında danışmağa başladılar. QAÇIB GİZLİCƏ EVLƏNMƏK QƏRARINA Niyaziylə o vaxt gəldik. Ancaq bu planı gerçəkləşdirmək çətin məsələydi: qardaşlarım hər hərəkətimə göz qoyurdular, üstəlik, hara qaçacağımızı da bilmirdik. O dönəmlərdə Üzeyir və Zülfüqar Hacıbəyovlar çox sadə dolanır, zaman-zaman ehtiyac içində yaşayırdılar. Zülfüqar bəyin mənzili tək, həm də balaca bir otaqdan ibarət idi. Amma Niyaziylə qəti qərara gəlmişdik. Tələbə şəhərciyindəki qısa görüşlərdən yararlanıb qaçış planını hazırladıq».

AZADLIQ: Evliliklərinin ilk illəri necə keçib? Elə bir etibarlı qaynaq varmı bu barədə?

Rza Bayramov: Həcər xanım Hacıbəyovanın xatirələri etibarlı qaynaq deyil? Niyazinin özü xatirələrini yazmaq istəyirdi, amma əcəl imkan vermədi. Həcər xanımın rusca yazdığı xatirə qeydləri bu baxımdan qiymətli mənbə sayıla bilər. Sualınızın 1-ci hissəsinə gəlincə, Həcər xanım yazır ki: «…maddi durumumuz da ağır idi. Niyazi Konservatoriyadan 70 manat təqaüd alırdı. Bunun 15 manatı ev kirayəsinə gedirdi. Rəfiqələrimin qardaşlarımın gözündən yayındırıb gətirdikləri paltarlar məni yola verirdi, amma Niyaziyə geyim almağa pulumuz, təbii ki, yox idi. Onun olası-qalası bircə kostyumunu hər mövsümə uyğun boyayırdıq. Kostyumun astarı elə gündəydi ki, hər gün yamamaq lazım gəlirdi. Suyu az buraxsın deyə, Niyazinin qaloşlarına qat-qat qəzet qoyardıq…Bununla belə, onunla xoşbəxt idik. Gəncdik axı, hər necə olsa da, sığındığımız bir otaq və gələcəyimiz vardı».

AZADLIQ: Niyazi bəstəçi kimi ad çıxarmışdı, amma nədənsə dirijor kimi daha çox anılır. Sizcə, niyə?

Rza Bayramov: Həcər xanımın xatirələri bu suala da aydınlıq gətirir: «Niyazi hər səhər ya dərsə, ya da məşqlərə yollanırdı. Heç yadımdan çıxmaz, bir dəfə Konservatoriyanın müəllimlərindən alman professor Ştrasser mənə yanaşıb dedi: «Madam, çox xahiş edirəm sizdən, mənim dirijorluq sinfimə keçməsi üçün ərinizi dilə tutun. Onun qeyri-adi əlləri var, çalışsa, çox-çox məşhur olacaq». Bu söhbəti Niyaziyə çatdıranda, o, gülərək – «Ştrasser şişirdir» - dedi. Ancaq həmin söhbətdən sonra ərimə daha diqqətlə göz qoymağa başladım. Axı həmin dönəmlər mən də çox ağır durumdaydım - həmişə bolluq içində yaşamış bir adam nəyin naminə yoxsulluq içində çabalamalıydı?». Təsadüflər elə gətirib ki, Niyazi Simfonik Orkestrin rəhbəri olub. Demək, dirijorluq onun alnına yazılıbmış. Onun qədər Azərbaycan musiqisini tanıdan 2-ci şəxs olmayıb.

AZADLIQ: Maestronun çox tünd xasiyyətindən də danışanlar var. Onlar nə dərəcədə haqlıdırlar?

Rza Bayramov: Bir az acılığı olub, amma böyük şəxsiyyətlərə xas acılığın ayrı dadı da var. Həcər xanım sözügedən xatirələrində, görün, nə yazır: «Bir dəfə yenə Moskvada olarkən, bizi restorana çağırmışdılar. Süfrəyə qara çörək verdilər – Moskvanın çovdar çörəyindən ötrü ürəyim gedir. Bir tikə çörək götürüb üzərinə xardal yaxdım, sonra da üstünə istiot səpdim. Niyazi bunu görüb dedi ki, «neynirsən, istiot hara, xardal hara? Bu qarışıqdan nə alınar?». Dedim: «Necə yəni nə alınar? Niyazi alınar!». Hamı uğunub özündən getdi. Ən çox gülən də Niyazinin özüydü». Çox incə qəlbi olub maestronun.

AZADLIQ: Maestro Niyazi ilə Həcər xanım barədə məzəli əhvalatlar danışanlar nə dərəcədə haqlıdırlar?

Rza Bayramov: Həcər xanımın xatirələrini oxusanız, sualınıza dolğun cavab taparsınız. O yazır ki: «Niyaziylə mənim barəmdə məzəli əhvalatlar, ara-sıra, Türkiyə mətbuatına da yol tapırdı. Bir dəfə Türkiyədə hansısa səfirlikdə ziyafətə qatılmışdıq. Xörəkpaylayan mənə yanaşıb – «Madam, viski istəyirsiz?» - deyə soruşdu. İstəmədiyimi söyləyəndə, xörəkpaylayan araq, konyak, şərab da təklif etdi. Mən yenə istəmədiyimi bildirəndə, Niyazi hamının eşidəcəyi səslə «mənim xanımım mənim qanımdan başqa heç nə içmir!» - dedi. Hamı ürəkdən gülməyə başladı»…Bu da sualınızın cavabı.

AZADLIQ: Həcər xanımla Niyazi necə yola gedirdilər?

Rza Bayramov: Həcər xanımın özündən başqa heç kəs bu suala dolğun cavab verə bilməz. Yenə xatirələrə üz tutaq. Həcər xanım yazır ki, «Niyazi xəstələnərkən lap əsəbləşər, sevdiyi bu sözləri dilə gətirərdi: «Həcər, düşünəndə ki, ölərəm, sən başqasına ərə gedərsən, - cin başıma vurur!».
Əsəbləşəndə uşaqdan da pis olurdu. Yadımdadı, vərəmə, özü də ağır formasına tutulanda, şıltaqlığa başlar, hətta mənim ondan iyrənib-iyrənmədiyimi də yoxlardı. Qəfildən hər hansı xörəkdən dadmağımı xahiş edər və öz qaşığını mənə uzadardı. Mən də boyun qaçırmazdım. Bax onda Niyazinin gözlərindən həm xoşbəxtlik, həm də minnətdarlıq yağardı».

Xatirələrinin başqa bir yerində Həcər xanım yenə bu barədə söz açır: «Sözün düzünü desəm, hərdən mənə elə gəlirdi ki, onu qoruyuram, amma o, məni qorumağı bir yana, heç mənə verdiyi əziyyətləri də görmür. Olurdu ki, inciyirdim ondan…Ancaq bu düşüncələr bütövlükdə ədalətli deyildi. Əvvəla, söhbət məndən düşəndə, Niyazi həmişə dostlarımıza deyirdi ki, «heç bir qadın onun mənimçün elədiklərini edə bilməzdi. Axı, hansı qadın gecələr gözünü yummayıb mənim əsərlərimə qulaq asar, hansı qadın gecələr mənə yemək bişirərdi. Həcərin önündə çox günahım var və ona çox borcluyam». Mən də Niyaziyə minnətdaram»…Həcər xanımın son sözləri hər şeyi deyir.. Məncə, həmin sözləri Azərbaycanın hər bir vətəndaşı deməlidir.

- Həcər xanımla maestronun niyə uşağı olmadı?
- Onlar kimi övladlığa götürmüşdülər?
- Uşağın aqibəti necə oldu?
- Həcər xanımı kim öldürdü?

Bu sualların cavabını səsdə dinləyin.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG