Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:46

Kosmik sənayenin inkişafı Azərbaycana nə vəd edir?


Avqustun 17-də Azərbaycanda Kosmik Sənayenin Yaradılması və İnkişafı üzrə Dövlət Proqramı təsdiq edilib

Avqustun 17-də Azərbaycanda Kosmik Sənayenin Yaradılması və İnkişafı üzrə Dövlət Proqramı təsdiq edilib

Avqustun 17-də prezident İlham Əliyev Azərbaycanda Kosmik Sənayenin Yaradılması və İnkişafı üzrə Dövlət Proqramını təsdiq edib. Sərəncamda qeyd olunur ki, proqrama daxil olan tədbirlər dövlət büdcəsi və digər mənbələr hesabına maliyyələşəcək.

Bu tədbirlərin icrasının əlaqələndirilməsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə həvalə edilib.

PROQRAMIN ÖZƏYİNDƏ ƏSASƏN RABİTƏ PEYKLƏRİNİN ƏLDƏ EDİLMƏSİ DAYANIR

Milli Aerokosmik Agentliyi baş direktorunun birinci müavini Tofiq Süleymanov deyir ki, proqramın özəyində əsasən rabitə peyklərinin əldə edilməsi dayanır. Ondan sonra kadr hazırlığı, kosmik sənayenin yaradılması üçün yerüstü infrastrukturun təşkili - yəni kosmik məlumatların qəbulu, emalı və istehlakçılara çatdırılması kompleksinin yaradılması, sonrakı mərhələlərdə isə bu işlərin tam şəkildə təşkili dayanır. Bütün bunlar müasir texnologiyalar əsasında həll edilən əsas məsələlərdir. Onun sözlərinə görə kosmik sənayenin yaradılması, ümumiyyətlə ölkənin özünün fəzada peykinin olması iqtisadi cəhətdən böyük səmərə verir:

«İlk növbədə Azərbaycanın öz rabitə sisteminin təkmilləşdirilməsi, sonrakı mərhələdə isə yerin təbii ehtiyatlarının öyrənilməsi sahəsində kosmik məlumatlardan istifadə, operativ məlumatların əldə edilməsində səmərəli ola bilər. Biz bu məlumatları hazırda çox çətinliklə başqa ölkələrdən əldə edirik. Ancaq öz peykimizin olması həm öz daxili məsələlərimizin həllinə şərait yaradar, həm də ondan kommersiya məqsədilə istifadə edib başqa ölkələrə də öz xidmətlərimizi təklif edə bilərik».

Tofiq Süleymanov deyir ki, bu işin həyata keçirilməsi bir neçə ilə nəzərdə tutulur. Çünki rabitə peykləri əldə ediləndən sonra Azərbaycanın təbii ehtiyatların tədqiqi peykləri də olmalıdır.

QLOBAL BÖHRAN VƏ KOSMİK FƏZANIN FƏTHİ

Tofiq Süleymanov deyir ki, Milli Aerokosmik Agentliyi 1973-cü ildən fəaliyyət göstərir. Kifayət qədər kadr potensialı var. Hazırda milli aviasiya akademiyasında və xarici ölkələrdə kadr hazırlığı davam edir. Ancaq prezidentin təsdiqlədiyi proqram həm də Amerikanın və Avropanın inkişaf etmiş bir sıra təşkilatlarında kadr hazırlığının həyata keçirilməsini nəzərdə də tutur.

İqtisadçı ekspert Vüqar Bayramov isə deyir ki, dövlət proqrammı ilə həyata keçirilən tədbirlərin həyata keçirilməsi illər tələb edən bir məsələlərdir. Bu baxımdan Kosmik Sənayenin Yaradılması və İnkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsini birmənalı şəkildə qiymətləndirmək çətindir. Çünki hazırda dünya qlobal maliyyə böhranı keçirir və bir sıra sektorlarda durğunluq var. Bu baxımdan indiki halda kosmik sənayenin yaradılması və inkişafı ilə bağlı tədbirlər həlli vacib tədbirlər kimi təqdim oluna bilməz:

«Əgər biz məsələyə qlobal maliyyə böhranı, eləcə də Azərbaycan iqtisadiyyatının tələbləri və hansı sektorların inkişafının daha vacib olması aspektindən yanaşsaq təbii ki Kosmik Sənayenin Yaradılması və İnkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsinə ehtiyac yoxdur. Amma məsələyə Azərbaycanın prioritet hesab etdiyi sahələr aspektindən yanaşsaq belə bir proqramın təsdiq edilməsinə təbii ki, ehtiyac var. Çünki Azərbaycan informasiya texnologiyalarının inkişafını sahəsini prioritet sektor kimi seçib».

Vüqar Bayramova görə diqqət çəkən bir müsbət məqamı ondan ibarətdir ki, proqram yalnız dövlət büdcəsi hesabına maliyyələşməni önə çəkmir. Bu proqramın hazırlanması və təsdiqi bütövlükdə qlobal maliyyə böhranının təsirləri nəzərə alınmaqla həyata keçirilib. Daha məqsədəuyğun olar ki, proqramın dövlət büdcəsindən kənarda olan mənbələr hesabına həyata keçiriləcək hissəsinə aid olan tədbirlər icranın ilk illərində həyata keçirilsin. Çünki dövlət proqramının həyata keçirilməsi 2010-cu ildən nəzərdə tutulur.

2010-cu ilin birinci yarısında da qlobal maliyyə böhranının təsirlərinin qalacağı proqnozlaşdırılır. Digər tərəfdən nəzərə alınsa ki, 2011-2012-ci ildə Azərbaycanın neft və mavi qaz yanacağından əldə edəcəyi gəlirlərin artacağı proqnozlaşdırılır, onda kosmik sənayenin yaradılması və inkişafına dair dövlət proqramının həmin vaxt həm də büdcədən maliyyələşməsi daha məqsədəuyğun olar.

Mövzu ilə bağlı münasibətinizi forumda bildirə bilərsiniz.
XS
SM
MD
LG