Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:16

Növruzəli Məmmədov nədən ölüb?


İlkin rəydə Novruzəli Məmmədovun baş beyin damarlarının kəskin trambozundan öldüyü bildirilir

İlkin rəydə Novruzəli Məmmədovun baş beyin damarlarının kəskin trambozundan öldüyü bildirilir

Avqustun 18-də «Tolişi sədo» qəzetinin baş redaktoru Novruzəli Məmmədov doğulduğu Astara rayonunun Ərçivan kəndində torpağa tapşırılıb. Onun bir gün əvvəl Penitensiar Xidmətin müalicə müəssisəsində vəfat etdiyi bildirilir. İran xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlandırılan mərhum iki il əvvəl iyunun 27-də məhkəmənin hökmü ilə 10 il həbs cəzası almışdı.

İlkin rəydə Novruzəli Məmmədovun baş beyin damarlarının kəskin trambozundan öldüyü bildirilir. Bu barədə AzadlıqRadiosuna Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov məlumat verib.

«ONDA HƏLƏ PENİTENSİAR XİDMƏTƏ DAXİL OLMAMIŞ BİR SIRA XƏSTƏLİKLƏR OLUB»

Mehman Sadıqov deyir ki, meyit Məhkəmə Tibbi Ekspertizanın Nizami rayon şöbəsində müayinədən keçirilib. Bu rəy açıqlandıqdan sonra ölümün yekun səbəbi aydın olacaq:

- Bu adamda hələ Penitensiar Xidmətə daxil olmamış bir sıra xəstəliklər olub. Yəni bu xəstəliklər cəzaçəkmə müəssisəsində qazanılmayıb. Xroniki xolisistiti (mədəaltı vəzinin iltihabı), hipertoniyası, zobu, kataraktı vardı. Biz də əlimizdən gələni etmişik. Hətta əlavə söz-söhbət olmasın deyə, onun müayinə və müalicəsinə respublikanın ən tanınmış mütəxəssislərini dəvət etmişdik.

ONUN MÜALİCƏ MÜƏSSİSƏSİNƏ KÖÇÜRÜLMƏSİ NƏDƏN YUBADILIB?

Novruzəli Məmmədov iyulun 31-i 15 saylı cəzaçəkmə yerindən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. Ancaq onun vəkilləri düşünürlər ki, bu məsələ xeyli yubadılıb. Müdafiə tərəfi elə buna ölümü doğuran başlıca səbəblərdən biri kimi baxır. Vəkil Ramiz Məmmədov deyir ki, bu il yanvarın 14-də Novruzəli Məmmədov 15 saylı cəzaçəkmə yerinə gətirilərkən bir həftəlik cərimə kamerasına salınıb. Bu, vəkilin fikrincə, Novruzəli Məmmədovun səhhətini daha da ağırlaşdırıb. Ancaq dəfələrlə müraciət etmələrinə baxmayaraq, Novruzəli Məmmədov müalicə müəssisəsinə köçürülməyib. Məcbur olub məhkəməyə müraciət ediblər. Nəhayət, bu il martın 6-da Nizami Rayon Məhkəməsi Novruzəli Məmmədovun müalicə olunması məsələsini həbsxana rəhbərliyinin üzərinə bir vəzifə olaraq qoyub:

- Çox təəssüf ki, məhkəmənin qərarı iyulun 31-nə kimi icra olunmadı. Baxmayaraq ki, dəfələrlə müraciət etmişdi və məhkəmənin qərarı var idi. Nəhayət, iyulun 31-də müalicə müəssisəsinə gətirdilər və bu da aqibəti…

Penitensiar Xidmətdən Mehman Sadıqov isə deyir ki, Novruzəli Məmmədov hələ cəzaçəkmə müəssisəsində olarkən həkim nəzarətinə götürülmüşdü və ona hər cür tibbi yardım göstərilirdi:

- Bu, Allahın işidir. Ancaq kim deyirsə ki, ona tibbi yardım göstərilməyib, bu, tamamilə yanlış məlumatdır.

NOVRUZƏLİ MƏMMƏDOVUN OĞULLARININ FACİƏLİ TALEYİ…

Novruzəli Məmmədovun oğullarından biri Kamran Məmmədov iki il əvvəl sentyabrın 8-də vəfat edib. Müdafiə tərəfi Kamran Məmmədovun ölümünə həm atasının haqsız yerə tutulmasının, həm də özünün üzləşdiyi təzyiqlərin nəticəsi kimi baxır. Novruzəli Məmmədovun ikinci oğlu Emil Məmmədov da ötən il iyunun 17-də həbs edilib. Onu isə qanunsuz narkotik maddə saxlamaqda ittiham ediblər. Novruzəli Məmmədovun Hüquqlarını Müdafiə Komitəsinin sədri Hilal Məmmədov deyir ki, Emil Məmmədovun həbsi atasına təzyiq məqsədi daşıyırdı:

- Oğlu tutmaqla ataya təzyiq edirdilər ki, sən boynuna al ki, İrana casusluq etmisən. Hətta Emili bir neçə dəfə oğurlayıb döymüşdülər…

Məhkəmənin hökmü ilə bir il şərti cəza alan Emil Məmmədov hazırda azadlıqdadır. Kamran Məmmədovun ölümünü isə yaxınları uzun müddət Novruzəli Məmmədovdan gizlətməyə çalışıblar. Hilal Məmmədovun ehtimallarına görə, ola bilsin ki, Novruzəli Məmmədov son günlərində oğlunun ölüm xəbərini alıb və bu da atanın səhhətinin yenidən kəskin şəkildə pisləşməsinə səbəb olub.

NOVRUZƏLİ MƏMMƏDOV KİM İDİ?

Novruzəli Məmmədov Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunda şöbə müdiri işləyib. O, Talış Mədəniyyət Mərkəzinə də rəhbərlik edirdi. Hazırda Hollandiyada yaşayan Ələkrəm Hümmətov deyir ki, Novruzəli Məmmədov kökünə bağlı insan idi:

- Əslini, kökünü itirən insanlar heç kimə vəfalı ola bilməzlər. Onlar kiməsə xoş gəlmək üçün əslini, kökünü dansalar, sabah da nəyinsə xatirinə həmin insanları, həmin ölkəni satacaqlar. Novruzəli Məmmədov belə insan deyildi.

Novruzəli Məmmədovla birgə tutulub 6 il həbs cəzası alan «Tolişi Sədo» qəzetinin məsul katibi Elman Məmmədov isə istintaqa İran xüsusi xidmət orqanları ilə əməkdaşlıqlarına dair ifadələr verib. Ancaq Novruzəli Məmmədovun vəkilləri bu ifadələri uydurma sayırlar.

Şərhləri göstər

XS
SM
MD
LG