Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:38

Media, mən və uçurum


Azərbaycanda adamların mediadan qaçmasının iki əsas səbəbi var

Azərbaycanda adamların mediadan qaçmasının iki əsas səbəbi var

Türkiyəli Nurəddin Atmaca 10 ilə yaxındır ki, Bakıda jurnalist işləyir. O deyir ki, Türkiyədə jurnalist olmaq Azərbaycanda bu işi görməkdən qat–qat asandır, Bakıda mikrafon görəndə çox adam başını tutub qaçır. Jurnalistlə danışmaq istəmir, Türkiyədə adamlar mətbuata bundan qat-qat açıqdır.

«KQB» XOFU

Atmaca Bakıda «Doğan» Haber Agentliyinin müxbiridir. Buna qədər 25 il öz ölkəsində TRT-də işləyib. O deyir ki, Azərbaycanda adamların mediadan qaçmasının iki əsas səbəbi var:

«Birincisi budur ki, insanların beynində sovet dövrünün «KQB» xofu hələ də qalır. Azərbaycanda demokratiya tam oturuşmayıb. Adamlar qorxurlar ki, birdən jurnalistə dərdimi deyərəm, məni işdən çıxararlar, qızımı universitetdən qovarlar. İkinci səbəb budur ki, Azərbaycanda təhsilin səviyyəsi aşağıdır, yolda –izdə gördüyümüz adamların 70 faizə qədəri özünə inanmır, nəyisə səhv deyəcəyindən, gülüş obyekti olacağından qorxur».

AĞRIMAZ BAŞIN DƏSMALI

... Xahiş edirik ki, heç olmasa, sualı dinlə, dinləyir, sonra «mən heç nə deyə bilmərəm» deyib, iri addımlarla küçəni keçir...

Sual belə idi ki, sizdən axırıncı dəfə harada rüşvət istəyiblər?

...Nəhayət, bir şərtlə danışmağa razıdır ki, adını gizlədək. Bakıda orta məktəbdə müəllimədir. Bu müəllimə deyir ki, müdir hər ay maaşlarından 15 manat tələb edir, amma bu haqda açıq-aşkar danışa bilməz:

- Bəs bunu bayaq niyə demirdiz ki?
- Çünki bilirəm ki, xeyri olmayacaq...
- Heç olmasa, ictimaiyyət biləcək, biz Təhsil Nazirliyinə zəng vurub, qarşı tərəfin fikrini öyrənəcəyik...
- Nə olacaq ki, onda?! Guya nazirlik bilmir, hər şeyi bilirlər. Jurnalistlər heç nə edə bilməyəcəklər. Axırda özüm işsiz qalacam. Nəyimə lazımdır ağrımaz başıma dəsmal bağlamaq?!

Bir müddət əvvəl Amil Həsənov adlı polis əməkdaşı AzadlıqRadiosuna şikayət etmişdi ki, ANS-ə müsahibə verdiyinə görə onu işdən çıxarıblar.

NORVEÇDƏ CAMAAT NARAZIDIR, MEDİA ONLARIN ŞİKAYƏTİNƏ AZ VAXT AYIRIR

Norveçli jurnalist Elena Saulaneer AzadlıqRadiosuna müsahibəsində deyir ki, onun ölkəsində media-hakimiyyət problemi yoxdur, media-cəmiyyət problemi var:

«Yeganə məhdudiyyət əhali ilə bağlıdır. Adamlar istəyirlər ki, mətbuat onların şikayətlərini daha çox dinləsin. Amma medianın buna imkanı yoxdur. Məncə, bu problemdir».

Norveç «Sərhədsiz Reportyorlar»ın siyahısında 178 ölkə arasında 1-ci yerdədir, Azərbaycan 150–ci yerdə.

«UÇURUM DƏRİNLƏŞİR»

«Azadlıq» qəzetinin əməkdaşı Aytən Məmmədova 9-cu ildir ki, müxbir işləyir. O da deyir ki, adamlar mediadan getdikcə daha çox uzaqlaşırlar, fikirlərini deməkdən çəkinirlər. Jurnalist hesab edir ki, bu, hakimiyyətin insanlarda yaratdığı xofdur, məmur özbaşınalığının nəticəsidir.

«Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov isə deyir ki, Sovet dövrü ilə müqayisədə media ilə vətəndaş arasında münasibətlər xeyli yaxşılaşıb, indi tam mənəvi azadlıq var, demokratiya təmin olunub:

«Mediaya açıq danışmaqdan çəkinənlər qeyri-peşəkarlardır, bunun demokratiyanın vəziyyətinə aidiyyəti yoxdur».

DANIŞMAMAQ HAQQI VƏ YAZMAQ BORCU

Media üzrə ekspert Zeynal Məmmədli isə deyir ki, jurnalist peşəsinin prinsiplərinə sadiqdirsə, gərək geri çəkilməsin:

«Ola bilsin ki, adamlar ilk görüşdə danışmaq istəmirlər, amma ikinci, üçüncü cəhddə onları ələ almaq mümkündür, indi Azərbaycanda demokratiya zəifdir, amma buna peşəkarlıqla qalib gəlmək mümkündür, peşəkar media dağ çayı kimidir, o, haradan olsa, özünə yer tapıb çıxacaq. Əgər siyasi maneələri dəf edə bilmirsə, onda «peşəkar» adını daşımağa layiq deyil».

Eskpert deyir ki, adamın açıq müsahibə verməməsi o demək deyil ki, bu problemdən yazmamaq lazımdır. Onun danışmamaq haqqına sayğı göstərilməlidir, amma bütün hallarda jurnalist gərək mövzunu mütləq işıqlandırsın.

Şərhləri göstər

XS
SM
MD
LG