Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:22

Bakı Qarabağda sülhməramlı missiyaya avropalıların və amerikalıların daxil olmasının tərəfdarıdır


Novruz Məmmədov

Novruz Məmmədov

Qarabağ münaqişəsinin nizamlanması üzrə Ermənistan və Azərbaycan tərəflərinin konsepsiyalarında müəyyən fərqlər qalmaqdadır. Bu barədə «Turan»a eksklüziv müsahibəsində Azərbaycan Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

Azərbaycanın mövqeyi əvvəlki kimidir: ermənilər mərhələli şəkildə Qarabağ ətrafında işğal etdikləri əraziləri azad etməlidir, məcburi köçkünlər isə doğma yurdlarına qayıtmalıdırlar. Bundan sonra, keçid dövründə Laçın və Kəlbəcər rayonlarının azad edilməsi və eyni zamanda DQ və Ermənistan arasında dəhlizin formalaşdırılması mümkündür.

Bu proseslər ərazilərin minalardan təmizlənməsi, bərpa işləri ilə müşayiət olunmalıdır. Bütün bunlar 5 ildən 10 ilədək vaxt apara bilər:

«Sonra məcburi köçkünlər birbaşa Dağlıq Qarabağa qaytarılmalı, sülhməramlı qüvvələr yerləşdirilməlidir. 60 min azərbaycanlı oraya qayıtdıqdan və 1991-ci ildəki vəziyyət bərpa edildikdən sonra DQ-nin hüquqi statusu işlənib hazırlana bilər. Bütün bunlar 10 ilə qədər vaxt apara bilər».

Bu zaman N.Məmmədov qeyd edib ki, DQ-nin statusu müstəsna olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müəyyən edilməlidir.

Bununla belə, o qeyd edib ki, hazırkı mərhələdə dəqiq zaman çərçivəsindən danışmaq mümkün deyil. Belə ki, proseslərin hansı formada inkişaf edəcəyi məlum deyil. Yalnız DQ ətrafındakı 7 rayona 760 min insan qayıtmalıdır:

«Orada bütün evlər, istehsalat, sənaye və sosial infrastruktur dağıdılıb. Bütün bunların bərpası bir günün işi deyil. Yalnız minalardan təmizləməyə bir neçə il lazım olacaq. Bunlar nəzərə alınmaqla, bütün nizamlanma prosesi 15-20 il uzana bilər», - deyə Məmmədov bildirib.

Yenilənmiş «Madrid prinsipləri»nin təfsilatına varmayan Məmmədov bildirib ki, onlar DQ statusunun müəyyən edilməsinə, yəni qərarın nə vaxt, kimin tərəfindən və necə veriləcəyinə aiddir:

«Sülhməramlı qüvvələrə, onların tərkibinə və yerləşdirilmə vaxtına aid məsələlər var, dəhlizlə bağlı müəyyən məsələlər var».

N.Məmmədov tərəflərin razılaşmaya yaxın olması məsələsində həmsədrlərlə razıdır. Lakin bəzən kiçik bir detal bütün nizamlanma prosesinə təsir edir:

«Əlbəttə, Ermənistan DQ-nin hüquqi statusunun birinci mərhələdə müəyyən edilməsini istəyir. Lakin ümumi razılıq və həmsədrlər arasında razılıq belədir ki, əvvəlcə DQ ətrafındakı 7 rayonun hamısı azad olunmalıdır», - deyə N.Məmmədov bildirib.

Azərbaycanın mövqeyi ondan ibarətdir ki, sülhməramlıların tərkibində qonşu dövlətlərdən hərbçilər olmamalıdır:

«Bizim fikrimizcə, sülhməramlı missiya Avropa dövlətləri və ABŞ-ın hərbi qüvvələrinin nümayəndələrindən təşkil edilsəydi, yaxşı olardı», - deyə Məmmədov bildirib.

Sülh prosesinin uğurlu inkişaf edəcəyi halda, ilk növbədə dəmiryol kommunikasiyaları açılacaq. Bununla yanaşı, yerli səviyyədə kommunikasiyalar bərpa edilə bilər.

Sonra avtomobil yollarının açılması barədə məsələ qaldırıla bilər. Sonra aviasiya əlaqəsi açıla bilər:

«Hesab edirəm ki, Ermənistan ilk öncə dəmiryolun açılmasında maraqlıdır, belə ki, özünü blokadada hiss edir. O, özü özünü bu blokadaya sürükləyib», - deyə Məmmədov bildirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG