Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:20

Əsgərə namaz qadağası


Əsgər səs vermək üçün qeydiyyatdan keçir, 15 oktyabr 2008

«Namaza qadağa var idi bizim hərbi hissədə. Deyirdilər ki, olmaz qılmaq. Mənimçün namaz həyatın mənasıdır».

Keçmiş sıravi Fəxri Hüseynova əsgərlikdə namaz qılmağı qadağan eləyiblər.

Deyir ki, gecələr gizlincə, uzanıqlı vəziyyətdə, ürəyində ibadət etdiyi günləri çox olub, zabitlər namaz qılanlara təzyiq edirmişlər. O, məzuniyyət vaxtı məscidə getdiyi üçün cəzalandırılan bir əsgər yoldaşı haqda danışır:

«Səhəri gün zabitlər çağırdılar o əsgəri, dedilər ki, sən məscidə getmisən, sənin adını siyahıya salacağıq, təxribatçısan. Amma belə təzyiq bizimçün bir sınaqdır».

Fəxri Hüseynov xidmət etdiyi hərbi hissənin adını açıqlamaq istəmir.

«ƏSGƏRLƏRİN KONSTİTUSİYA HÜQUQLARI POZULUR»

Dini Etiqad və Vicdan Azadlığı Mərkəzinin sədri İlqar İbrahimoğlu deyir ki, Fəxri kimi əsgərlər Azərbaycanda çoxdur, əsgərlərin Konstitusiyada nəzərdə tutulan hüquqları beləcə kobud surətdə pozulur:

«Bununla bağlı məlumatları biz araşdırırıq, amma təəssüf ki, Azərbaycanda əsgərin öz komandirindən açıq-aşkar şikayət etməsi müşkül məsələdir, şikayətlər rəsmi olmur deyə, biz də hökumətə müraciət edə bilmirik».

ELDAR SABİROĞLU: «QADAĞA YOXDUR, BU CAVABLA KİFAYƏTLƏNİN»

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu isə deyir ki, orduda namaza qadağa yoxdur:

- Belə bir şey yoxdur, şayiədir, insan hüquq və azadlıqlarına aid olan heç bir şeyə orduda qadağa qoyulmur.
- Yəni, Eldar müəllim, qanunla...
(sualı bitirməyə imkan vermir) – Sizin sualınıza cavab verdim, kifayətlənə bilərsiz.

«RUS ORDUSUNDA KEŞİŞ ŞTATI VAR»

Amma parlamentin Müsavat deputat qrupundan olan üzvü, Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü deputat Pənah Hüseyn də deyir ki, orduda
namaza qeyri-rəsmi şəkildə qadağa var, özü də bu, axır vaxtlar ölkədə dini təriqətlərin aktivləşməsindən sonra başlayıb. Bir neçə il əvvələ kimi Azərbaycanda hətta hərbi hissələrdə namaz otaqları da var idi:

«Rus ordusunda ayrıca keşiş ştatı var, bu məsələ qanunvericilikdə də nəzərdə tutulub. Azərbaycanda isə belə bir ənənə yoxdur, qanunvericilik də bunu tənzimləmir, amma qadağa da yoxdur, yəni, qanunda bu sahədə boşluq var».

Amma Pənah Hüseyn deyir ki, Konstitusiyada nəzərdə tutulmuş dini etiqad və vicdan azadlığı bütün vətəndaşlara şamil olunmalıdır.

Keçmiş sıravi Fəxri Hüseynov isə dövlətindən narazı qalıb, deyir ki, bir il ərzində onun hüquqları hər gün pozuldu.
XS
SM
MD
LG