Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:52

«Qonşulardan birinin ayaqqabısının içindən qumbara çıxartdılar»


«Bizim qanunvericiliyə görə, onların etdikləri cinayətdir. Ancaq təqsirləndirilənlərin dini baxışlarına görə, bu, cinayət sayılmır»

«Mənim oğlumu dini əqidəsinə görə tutublar. O, heç də ittihamda göstərildiyi kimi Amerika səfirliyini partlatmaq, ya da hansısa qurumlara hücum etmək istəməyib. Onu əqidəsinə görə tutub Kamran Əsədovla əlaqələndiriblər».

«ƏRİM QARDAŞIMIN GÜDAZINA GEDİB»

Bunu radikal dini qruplaşma yaradaraq Amerika və Böyük Britaniya səfirliklərini partlatmaqda günahlandırılan 20 nəfərlik dəstənin üzvlərindən biri, 15 il həbs cəzası almış Kamran Babayevin anası Məsmə Babayeva deyir. O iddia edir ki, oğlu günahsızdır.

Bu işdə ən aşağı cəza alan Şəhriyar Məhərrəmovun həyat yoldaşı Qismət Məhərrəmova isə deyir ki, əri dini radikallıqda günahlandırılan qardaşının güdazına gedib:

«Qaynımı tutmaq üçün gələndə həyat yoldaşımı da tutdular ki, sən cinayəti bilib xəbər verməmisən. Qapımızı sındırdılar, yoldaşımı döyüb apardılar. Yoldaşımın qardaşı namaz qılan idi. Şəhriyar yazıqsa heç namaz da qılmırdı. Günahı evindən silah çıxan qardaşıyla qonşu olmağı idi».

Son bir neçə ayda Bakıda terrorda ittiham olunaraq məhkəmə qarşısına çıxarılan dindarların sayı artıb. Hazırda bu ittihamlarla bağlı Bakı məhkəmələrində 4 məhkəmə gedir. İttiham olunanlar dəstə şəklində mühakimə olunurlar. Hər dəstənin tərkibində azı 10-15 adam var. Bu işlərin istintaqını Milli Təhlükəsizlik Nazirliyi aparıb. Haqqında danışdığımız Kamran Əsədovun dəstəsi adlı qrupun mühakiməsi isə iyun ayında başa çatıb, 20 nəfər 2 ildən 15 ilə qədər azadlıqdan məhrum edilib. Bir çoxlarından fərqli olaraq dəstə rəhbəri kimi təqdim edilən Kamran Əsədov son sözündə ona qarşı irəli sürülən ittihamlarla bağlı peşmançılıq hissi keçirmədiyini bildirdi. O deyirdi ki, həbsdən çıxandan sonra da kafirlərə qarşı mübarizə aparacaq.

Bəzi hüquqşünasların fikrincə, ittiham olunanların heç də hamısı istintaq materiallarında deyildiyi kimi terrorçu olmayıblar. Terrora meylli adamlarla yaxınlığın güdazına gediblər.

Hazırda Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə mühakimə olunan qruplardan biri də 26 nəfərlik dəstədir. Onların işi «Meşə qardaşları» adıyla tanınır. Müttəhimlər terrorçuluq, qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə yaratmaq, qəsdən adam öldürmə və başqa maddələrlə ittiham olunular. Onların bəziləri ittiham üzrə özlərini təqsirli, ya da qismən təqsirli saysalar da, çoxu günahsız olduqlarını, heç bir-birlərini tanımadıqlarını deyirlər.

«HÖKUMƏT BAŞQALARINDA XOF YARATMAQ İSTƏYİR»


«Hüquqi Dövlət» Araşdırmaları Fondunun rəhbəri Müzəffər Baxışov deyir ki, həm dəstənin sayını çox göstərməklə, həm də hamısına ucdantutma eyni ittiham verməklə hökumət başqalarında xof yaratmaq istəyir:

«Əslində, bu işi «Meşə qardaşları» adı altında birləşdiriblər. Bunların bir-biriylə əlaqəsi yoxdur. İstintaq hesab edir ki, cinayətləri bu şəxslər «Meşə qardaşları» adı altında törədiblər. Təqsirləndirilən şəxslərin əksəriyyəti bir-birini tanımır. Kifayət qədər sübutlar olmadığı halda onları Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham edirlər. Əslində, bu şəxsləri ittiham etməklə Azərbaycan cəmiyyətində bir xof yaratmaq istəyirlər ki, onlar dini cərəyanlarda olmaqdan çəkinsinlər».

İttiham olunanlardan Məmməd Məmmədovun anası Zoya Bağırova da iddia edir ki, evlərindən çıxan silahı əməliyyatçılar özləri qoyub:

«Bizə gəlməmişdən əvvəl qonşulardan birinin ayaqqabısının, digərinin isə yuduğu paltarın içindən qumbara çıxartdılar. Bizdən də elə, ağlımıza gəlməyən yerdən silah çıxdı».

Ancaq bu işdə ittihamları qəbul edənlər də vardı ki, onlar bunu din yolunda etdiklərini deyirdilər.

«TALİBANÇILARLA BİRLİKDƏ DAĞLARDA İŞĞALÇILARI AXTARIRDIQ»


Din yolunda etdiyi ictimai təhlükəli əməli cinayət saymayan başqa bir qrup isə azərbaycanlı talibançılar kimi tanınanlardır. İyul ayında 13 nəfərlik belə bir qrupun məhkəməsi başlanıb. Bir neçə gün əvvəl isə bu işlə bağlı daha iki nəfər məhkəmə qarşısına çıxıb.

Onlar Pakistanda talibançıların düşərgələrində hərbi təlimlər keçəndən sonra Əfqanıstana gedib oradakı Azərbaycan və digər koalisiya qüvvələrinə qarşı vuruşmaqda ittiham olunublar. Təqsirlənənlərdən bəziləri keçən ilin yayında İrana, oradan Pakistana keçib Əfqanıstanla sərhəddəki Şimali Vəziristan əyalətinə gəldiklərini, Talibanın düşərgələrində təlim keçdiklərini etiraf ediblər. Onlardan biri Araz Kəngərli deyirdi ki, məqsədləri döyüşmək olub:

«Orada amerikalılara qarşı vuruşacaqdıq. Talibançılarla birlikdə dağlarda işğalçıları axtarırdıq. Ancaq onlara rast gəlmədim. 2 ay qalandan sonra yenidən İrana, oradan da qaçaq yoluyla Azərbaycana qayıtdım».

Təqsirlənənlər ifadələrində deyirdilər ki, onlar dini alimlərdən öyrəniblər ki, cihad etmək cinayət deyil, ona görə də Əfqanstanda koalisiya qüvvələrinə qarşı vuruşmaq istəyiblər. Müdafiə tərəfinin vəkilləri də bəzi hallarda onların günahkar olduğunu etiraf edir. Vəkil Arzu Alıyeva:

«Bizim qanunvericiliyə görə, onların etdikləri cinayətdir. Ancaq təqsirləndirilənlərin dini baxışlarına görə, bu, cinayət sayılmır, özləri də bunu deyirlər. Onlar cinayət törətdiklərini dərk eləməyiblər. Onlar belə hesab ediblər ki, müsəlman kimi ora gedə, müsəlmanları müdafiə məqsədi ilə dəstə yarada bilərlər. Ona görə də gedib Talibana qoşulublar».

Valideynlərinin deməsinə görə isə, uşaqları onlara dini təhsil dalıyca getdiklərini deyirmişlər.

«GÜNAHLARI RADİKALLARIN TƏSİRİNƏ DÜŞMƏLƏRİDİR»

Azərbaycanda dini radikalların olduğunu, ancaq onların fəaliyyətinin şişirdilməsiylə bağlı «Bizim Yol» qəzetinin əməkdaşı Natiq Cavadlı da araşdırma aparıb:

«O mənada şişirdilir ki, guya, bunlar dövlət çevrilişi etmək istəyiblər, siyasətə qarışıblar. Ancaq dedikləri kimi deyil».

Natiq Cavadlı deyir ki, əgər ittiham olunan bir dəstədə 2-3 nəfər cinayətə meylli olanlar varsa, qalanları qurunun oduna yanan yaşlardır. Günahları da radikalların təsirinə düşmələridir:

«Onlarda böyük təsiretmə gücü var. Din məsələsinə görə, insanların duyğularına təsir edə bilirlər, inandırırlar. Xüsusilə gəncləri cəlb etməyi bacarırlar. Burda savad məsələsi də rol oynayır. Çünki Azərbaycandakı gənclərin çoxu dünyagörüşlü deyil, ona görə də təsir altına tez düşürlər. Həm də Azərbaycanda azadlıqlar məhdudlaşdırıldığından din tərəfə meyl güclənir, nəticə isə acınacaqlı olur».

Jurnalist deyir ki, bundan istifadə edən hüquq-mühafizə orqanları onları qat-qat ağır cəzalarla cəzalandırırlar.

Hüquqşünaslar da deyirlər ki, Azərbaycanda dini radikallar var. Ancaq hökumət onların həm saylarını, həm fəaliyyətlərini cəmiyyətə daha qorxunc formada təqdim edir.
XS
SM
MD
LG