Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:41

«Məhəmməd Əli xalatını mənə bağışladı»


Əli İsmayılov
Əli İsmayılov
Ümumdünya Boks Təşkilatının - WBO LATINO versiyası üzrə qızıl kəmərin sahibi.

1974-cü ildə Ukraynanın Donetsk şəhərində idmançı ailəsində anadan olub. Azərbaycan üçün nadir idmançılardan sayılan bu adam gənc olmasına baxmayaraq, artıq ölkəsindən kənarda da çoxlarını təəccübləndirə bilib.

Arzusu 91 kilo çəkidə mütləq çempion olmaqdır. Peşəkar boksun 5 versiyası üzrə qızıl kəmərləri yığıb Azərbaycana gətirmək istəyir. Bununla o təkcə adını Azərbaycanın idman tarixinə yazmaq yox, həm də yeni boksçu nəslinin yetişməsinə təkan vermək istəyir. Həvəskar boksda olimpiadadan başqa demək olar ki, bütün yarışların mükafatçısıdır. Ailəlidir, iki övladı var.

- İşləriniz necə gedir?

- Şükür Allaha yaxşıdır.

- Qarşıda nələr var?

- Qarşıda mötəbər yarışlarımız var, indi elə vaxtımızın çoxu ona hazırlaşmağa gedir.

- 1974-cü ildə Ukraynanın Donetsk şəhərində anadan olmusunuz. Bəs valideynləriniz ora necə gedib çıxıblar? Atanız da, ananız da idmançı olublar bilirəm ki.

- Bəli. Atam azərbaycanlı, anam ukraynalıdır. Atam ora institutda oxumağa gedib. Elə orada da tanış olub, ailə qurublar. Mən dünyaya gələndən bir il sonra Azərbaycana qayıdıblar.

- Atanız boksçu olub.

- Bəli atam boksçu, anam isə basketbolçu olub.

- Və atanız səhv eləmirəmsə əfsanəvi boksçu Məhəmməd Əlinin şərəfinə sizi Əli adlandırıb.


- Bəli. 1974-cü il Məhəmməd Əlinin idman karyerasının ən parlaq anlarından idi. Həmin il o Afrikada – Zairdə Corc Formana, sonra isə Manilada – Filippində təkrar döyüşdə Co Frezerə qalib gəlmişdi. Bu il onunla bağlı idi. Ona görə də valideynlərim mənim adımı Əli qoyublar.

- Siz də eləmədiniz tənbəllik böyüdünüz oldunuz boksçu.

- Bu, atamın ən böyük arsusu idi. Məktəb illərində artıq mən bilirdim ki, kimin adını daşıyıram. Və başladım maraqlanmağa. Bu idman növünə qoyulandan sonra evdəkilər də hiss elədilər ki, boksa məndə çox böyük maraq oyanıb. Başladım Məhəmməd Əli haqda qəzetlərdə, jurnallarda dərc olunan məqalələri, şəkilləri toplamağa. Plakatlarını aldım. Sonra özüm güclü idmançıya çevriləndən sonra qismət elə gətirdi ki, onunla görüşdüm.

- Harada və necə baş tutdu bu görüş?

- 1999-cu ildə ABŞ-ın Texas ştatında - Hyustonda dünya çempionatı keçirilirdi. Bütün dünya çempionatlarında, olimpiya oyunlarında tanınmış tamaşaçılar sırasında Məhəmməd Əli həmişə olur. Adəti üzrə o həmişə komandalara yaxınlaşıb görüşür söhbət edir, avtoqraf verir, şəkil çəkdirir. Əsas da üstünlük verir müsəlman ölkələrinə. Adətən belə yarışlarda da müsəlman ölkələrinin paltar dəyişmə, döyüş öncəsi hazırlıq otaqlarını bir tərəfə salırlar. Çünki idmançılar arasında namaz qılanlar üçün xüsusi otaq ayrılır, ona görə müsəlman komandaları bir yerə toplayırlar. Məhəmməd Əli İran, Türkiyə və sair komandalara baş çəkdi. Növbə Azərbaycana çatdı. Boks Federasiyasının o vaxtkı sədri Ağacan Əbiyev ingilis dilində qonağa Azərbaycan və onun komandası barədə məlumat verdi. Bu vaxt mən məşqçim Rauf müəllimlə bədənimi qızışdırırdım. 10-15 dəqiqədən sonra rinqə çıxmalı idim. Boynumuzda da ingiliscə kimliyimiz qeyd olunan kart vardı. Yaxınlaşıb kartıma baxanda gördü adım «Ali» yazılıb. Soruşdu, dedim hə, mənim adım Əlidir. Qucaqlayıb öpdü məni. Dedi gedirəm zala sənə tamaşa etməyə. Həmin döyüşdə qələbə qazandım. Otağa qayıdandan 10 dəqiqə sonra cangüdəni qapını döyüb mənə bir bağlama verdi və dedi ki, bu, Məhəmməd Əlidən sənə hədiyyədir.

Komanda yoldaşlarım səbirsizliklə açdırdılar mənə bağlamanı. Gördük xalatdır. O öz xalatını mənə bağışladı. Tez qaçdım salona xalatın üzərinə aftoqraf yazdırdım. O da mənə dedi ki, qoy bu xalat sənə yeni-yeni uğurlar gətirsin. Növbəti il - 2000-ci ildə isə biz onunla Avstraliyada, Sidney olimpiadasında görüşdük. O «Olimpiya Şəhərciyi»nə gəldi. Hamı ilə görüşür, aftoqraf paylayır, şəkil çəkdirirdi. Yaxınlaşıb, tanışlıq verdim. Xatırladı. Sonra tərcüməçinin köməyi ilə ona dedim ki, 4 ay əvvəl mənim oğlum olub, adını Məhəmmədəli qoymuşam. Qucaqladı öpdü məni. Gözləri yaşardı, minnətdarlıq etdi. Dedim sizin bağışladığınız xalat artıq mənə yox, ona çatır. Dedi mən 20-ci əsrin Məhəmməd Əlisi idim, qoy sənin oğlun 21-ci əsrin Məhəmməd Əlisi olsun. İnşaallah o xalatı ona verərsən.

- Allaha inanırsınız?

- Əlbəttə, onsuz mümkün deyil. Hər dəfə döyüş zamanı rinqə qalxanda Allaha dua edirik ki, bizə qələbə hədiyyə eləsin. Şükür Allaha, hər şey də yaxşı olur.

- Məğlub olanda necə?

- Məğlub olanda çox idmançılar başlayırlar səbəbi haradasa başqa yerdə axtarmağa. Məşqçilərimiz bizə deyiblər ki, səhvləri, səbəbi ilk növbədə özünüzdə axtarın və tapın. Sonra altı ay, bir il onun üzərində işləyin və növbəti döyüşdə qələbə mütləq sizin olacaq. Elə də edirik.

- Peşəkar boksda nə qədər qələbəniz olub?

- Peşəkar boksda 20 döyüş keçirmişəm. 2 məğlubiyyətim var. Qalan 18-də qalib gəlmişəm. Bunların 14-ü nokautla əldə edilən qələbədir. Peşəkər boks dilində mən «pançer» boksçu - yəni həmişə öz rəqiblərini nokauta salan boksçu kimi tanınıram. Bu da dünya səviyyəsində reytinq baxımından daha da üstünlük verir.

- Peşəkar boksa qədər də, səhv eləmirəmsə 284 görüşün 264-ü nokautladır.

- Bəli.

- Bəzi boksçular rəqibi nokauta salandan sonra da vurmaq istəyirlər. Buna necə baxırsınız?

İlqar Rəsul və Əli İsmayılov
- Çox şükürlər olsun, hamı da bunu təsdiqləyər ki, Əli İsmayılov rinqdə tək boksçu yox, həm də centlmendir. Mən həmişə nokauta saldığım rəqibimi əl uzadıb qucaqlayaraq yerdən qaldırmışam. Bunu da həmişə döyüşü şərh edənlər müsbət hal kimi dəyərləndiriblər.

Amma olur, rəqibin qulağını dişləyən də, yıxılanı yerdə vuran da olur. Əlbəttə, böyük idmanda buna pis baxılır. Rinqdə həmişə centlmen olmaq lazımdır.

- Yəqin ki, hər şey xarakterdən irəli gəlir. Maraqlıdır, bax rinqdə döyüş yarış deməkdir. Bayırda isə bu, artıq davadır. Olurmu belə hallar?

- Şükür Allaha ki, son illər bayırda belə hallar olmur. Çünki camaat, xalq artıq məni tanıyır. Ona görə də küçədə mənə çoxları əllimi sıxmaq, yaxud şəkil çəkdirmək üçün yaxınlaşır. Xoş sözlər deyirlər, sadə adam olduğuma görə təşəkkür də edirlər. Ümumiyyətlə, idmançı gərək öz zəhmini, gücünü rinqdə, döyüş meydanında rəqibə nümayiş etdirsin. Adi insanlara qarşı bu düzgün deyil. Olub, cürbəcür hadisələr. Amma həmişə çalışmışam ki, sözlə başa salım. Şükürlər olsun ki, çoxusu da başa düşür. Hətta tanıyandan sonra üzr də istəyirlər. Bəzən hətta – «nə yaxşı ki, sən belə sadə adamsan, bizi dillə başa saldın, vurub şikəst eləmədin, sağ ol» -deyənlər də olur (gülür).

- Əli, nədən qorxursunuz?

- Allahdan.

- Başqa?

- Yalnız Allahdan. Başqa şeydən qorxmağı heç ağlıma da sığışdıra bilmirəm.

- Bəs nədən xoşunuz gəlmir, nə sizi narahat edir, darıxdırır?

- İnsanların şit hərəkətləri, yalan danışması. İndiki zəmanədə belə şeylərlə tez-tez rastlaşıram. Bax bu adamı özündən də çıxarır, darıxdırır, narahat da edir. Elə bil öz qabında olmursan onda.

- Nəyinizisə oğurlayıblar?

- Hə, oğurlayıblar. Maşınımı aparıblar (gülür).

- Necə oldu?

- 1999-cu ildə - həvəskar boksçu olanda, mötəbər bir yarışdan medalla vətənə qayıtdım. O vaxt Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən mənə «VAZ-06» verilmişdi. Bəzəmişdim içərisini, maqnitofon və sairə. Elə 6 ay sürmüşdüm ki, bir də gördüm gecəynən girib içindən o bahalı maqnitafonu, filanı götürüb aparıblar. Özü də bilə-bilə ki, bu mənim – boksçu Əli İsmayılovun maşınıdır, qorxmadan eləmişdilər. Amma atalar demişkən aparan aparıb də. Heç təəccüblənmədim də. Hər halda yaxşı ki, o anda oğrularla qarşılaşmamışam, yoxsa xatası çıxardı, yəqin ki, təcili yardımla gedərdilər xəstəxanaya (gülür).

- Bəs nə vaxt xətrinizə dəyirlər və necə?


- Sözlə xətrimə dəyənlər olur, amma baş qoşmuram. Özümə söz vermişəm ki, Tanrının verdiyi gücü yalnız idmana yönəldim və camaata nəyisə sübut etmək istəyirəmsə bunu rinqdə edim.

- İtkiniz nə olub?


- İdmançı kimi itkim iki olimpiadada iştirak edib medalsız qayıtmağımdır. Həvəskar idman karyeramda Avropa, dünya çempionatlarından, mötəbər yarışlardan demək olar ki, medalsız qayıtmamışam. Bircə olimpia medalım yoxdur.

- Peşəkar boksçulara da ki, olimpiadada yer yoxdur. Ona görə olimpiadaya əlvida dediniz.

- Düzdür, peşəkar boks yarışları olimpiadadan daha yüksəkdə durur. Amma yenə də bu itkidir.

- Siz WBO-LATINO versiyası üzrə qızıl kəmərin sahibisiniz. Digər versiyalar üzrə də qalib olmaq istəyirsiniz.

- Ümumi 5 versiyadır. Arzum mütləq çəkidə çempion olmaq, bütün versiyalar üzrə kəmərləri Azərbaycana gətirməkdir. Ən böyük məqsədim odur ki, Azərbaycanda da beynəlxalq rinqlərdə söz deyə bilən peşəkar boksçuların olduğunu sübut edim və ölkəmizin gücünü dünyaya göstərim.

- Neçə övladınız var?

- İki, bir qız, bir oğlan. Oğlum Məhəmmədəli, qızım Aliyə.

- Aliyə basketbolçu olmaz?

- Məncə, həyat yoldaşım kimi gimnastikaya gedəcək. Həyat yoldaşım idman gimnastikasında 10 qat Azərbaycan çempionu, SSRİ idman ustası, ittifaq yarışlarının dəfələrlə qalibi olub.

- Həyat yoldaşınızla tanışlığınız necə olub?

- Biz Bakının Nərimanov rayonunda – metronun yaxınlığında qonşu məhəllələrdə yaşayırdıq. Demək olar ki, bir yerdə böyümüşük. Uşaq vaxtı futbol və digər oyunlar zamanı onların məhəlləsinə qaçırdıq. Elə olurdu məhəllələr arasında davalar düşürdü. Enlə orada görmüşdüm onu. Belə tanıdıq bir-birimizi. Sonra qismət elə gətirdi ki, Bədən Tərbiyəsi İnstitutunda da 4 il bir qrupda oxuduq. Və orada bizim uşaqlıq dostluğumuz böyük məhəbbətə çevrildi.

Buna da bax:

XS
SM
MD
LG