Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:14

Ələkrəm Hümmətov kölgə kabineti yaradır?


Əlikram Hümbətov
Hazırda Hollandiyada mühacirət həyatı yaşayan Ələkrəm Hümmətov hələ ötən həftə keçmiş Müdafiə naziri Rəhim Qazıyevlə müsahibəmizə şərh yazmışdı. Rəhim Qazıyevlə müsahibə Azərbaycanda vaxtı ilə mühüm vəzifələrdə olan şəxslərin 15 il əvvəl MTN təcridxanasından sirli qaçışının təfərrüatlarından bəhs edirdi. Bu qaçışda Rəhim Qazıyev, onun keçmiş mərhum müavini Baba Nəzərli və «Laçın» alayının komandiri Arif Paşa ilə birlikdə olan Ələkrəm Hümmətov həmin hadisəylə bağlı danışmaq istədiyini yazırdı. Bu müsahibəyə gələn bir sıra oxucu şərhlərində də Ələkrəm Hümmətovun mövqeyi ilə maraqlanırdılar. Elə bizim də Ələkrəm Hümmətovdan soruşmaq istədiyimiz bəzi mətləblər var idi:

- Ələkrəm bəy, həmin qaçışla bağlı Rəhim Qazıyevin dediklərinə əlavəniz varmı?

- Aradan uzun müddət keçib, ola bilsin Rəhim Qazıyevin yaddaşında dolaşıqlıq yaranıb. O, bəzi təhriflərə yol vermişdi…

QAÇIŞ PLANI ÇOXDAN HAZIRLANMIŞDI

- Məsələn, o, nəyi təhrif etmişdi?

- Faiq Mirzəyevlə bağlı dediklərində təhriflər var. (Faiq Mirzəyev MTN təcridxanasının nəzarətçisi idi. O da bu dəstəyə qoşularaq qaçıb. Faiq Mirzəyev həbs edildikdən sonra isə prezidentin əfv fərmanı ilə azadlığa buraxılıb. Onun indi Rusiyada yaşadığı güman edilir – B.B.) Mən inanmıram ki, o onda hər şeyi axıra qədər bilirdi. Bir də qaçış planı çoxdan hazırlanmışdı və biz hələ bir neçə ay əvvəl bunun olacağını bilirdik. Ancaq planın yerinə yetmə vaxtını biz dəyişirdik, fikirləşirdik ki, başqa planlar ola bilər. Rəhim Qazıyevi bilmirəm, mən özüm bəzi adamlarla məsləhətləşdim. Məlum oldu ki, bu plan bizim özümüzə qarşı çevrilə bilər. Məhz qaçış gününü dəyişməyimiz, planın bəzi detallarının dəyişməsinə səbəb oldu.

- Siz deyirsiniz ki, qaçış planının mövcudluğunu hələ bir neçə ay əvvəlcədən bilirdiniz. Bunu sizə kim demişdi və planı hazırlayanlar kimlər idi?

- Bilirsiniz təklif…Faiq Mirzəyevi mən hələ 1990-cı ildən tanıyırdım. Mən 20 yanvar hadisələrindən sonra həbs edilmişdim və o vaxtkı Dövlət Təhlükəsizlik Komitəsinin təcridxanasında saxlanırdım. Faiqi ordan tanıyırdım. Orada onunla konfliktim də olmuşdu. Ancaq 1993-cü ildə ikinci dəfə həbs edildikdən sonra Faiqin mənə münasibəti dəyişmişdi. O, hələ 1994-cü ilin yanvarında belə bir plan qurmaq istədiyini mənə demişdi. Qaçışdan 8 ay əvvəl. Mən ona inanmadım. Çünki 1993-cü il qarşıdurmasından sonra hesab edirdim ki, Faiq Azərbaycan xalqına yox, Dövlət Təhlükəsizlik Komitəsinə işləyir. Ancaq o qaçış təklifini bir neçə dəfə səsləndirdikdən sonra, biz bu məsələni birlikdə müzakirə etməyə başladıq.

FAİQ MİRZƏYEVİN ARXASINDA DURANLAR VAR İDİ

- Faiq Mirzəyev kim idi ki, belə bir plan hazırlayırdı və bir də ona nə düşmüşdü sizə kömək edirdi?

- Elə bizi düşündürən də o idi ki, bu plan Faiqin deyil. Bunu ona kimsə ötürür. Sonradan da mənim təhqiqatlarım sübut elədi ki, o tək deyildi. Kimsə onu buna məcbur edirdi. Ancaq onun kim olduğunu mən bilmirəm.

- Yeri gəlmişkən, cəmiyyətdə belə bir fikir var ki, bu qaçış planını Rusiya təşkil edib. Məqsəd Azərbaycanı çökdürmək idi. Elə sizin qaçışdan bir gün sonra Bakıda beynəlxalq neft müqavilələrinin imzalanmasını yada salmaq kifayətdir. Bu barədə nə deyə bilərsiniz?

- Mən bu barədə heç nə deyə bilmərəm. Ancaq bir şeyi dəqiq bildik ki, əgər qaçış vaxtı marşrutu dəyişməsəydik, indi səninlə danışa bilməzdik.

- Onda bu plan Azərbaycanda hazırlanmışdı?

- Mənə elə gəlir ki, bəli. Çox ola bilər ki, siz dediyiniz amillərin də təsiri olsun. Ancaq bu, mənə məlum deyil. Çünki mən inanmıram ki, o vaxt Rusiya mənimlə maraqlansın. 1990-cı ildə Rusiyanın mənə münasibəti çox pis idi və inanmıram ki, bu münasibət nə onda nə də indi dəyişmiş olsun.

- Yaxşı, Rəhim Qazıyevin deməsinə görə, qaçışdan sonra sizi xəbərdar edib ki, əgər bir də «Talış, muğan» sözlərini dilinizə gətirsəniz, elə o, başınıza bir güllə vuracaq. Aranızda belə söhbət olub?

- Bilirsinz, bu 15-16 ildə mənə bir şey aydın oldu. Kim bu iqtidarın gözünə xoş gəlmək, yanında yerini şirin etmək istəyirsə, mütləq Ələkrəmi söyüb təhqir etməlidir. Rəhim Qazıyev də görünür, iqtidara yaxınlaşmaq, onlardan özünə bir yer almaq istəyir. Ələkrəm Hümmətovu söymək indi dəbdir. Mən inanmazdım ki, Rəhim Qazıyev lazım olmayan söhbət eləsin. Çünki biz uzun müddət bir yerdə olmuşuq, mənim ona böyük hörmətim olub.

«TMR» NİYƏ YARADILMIŞDI?

- Cəmiyyətdə belə bir fikir də var ki, əslində, «Talış Muğan Respublikası»nın yaradılmasının mahiyyətində də Rusiyanın istəyi dururdu?

- Cəmiyyətdə belə fikirlər ola bilər. Ancaq bu, həqiqət deyil. Ələkrəm Hümmətovu Rusiyaya bağlamaq kökündən yanlışdır. Bilirsiniz ki, keçmiş Sovetlər İttifaqında Kommunist Partiyasının hakimiyyətinə rayon miqyasında son qoyan Ələkrəm Hümmətovun iştirakı ilə Lənkaran Xalq Cəbhəsi olub. Bütün bu söhbətlər bilərəkdən cəmiyyətin arasında aparılır. Bilirsiniz ki, Ələkrəm Hümmətova qarşı çox murdar bir kampaniya aparılıb və bu indi də davam edir.

- Bəs onda «Talış Muğan Respublikası»ı yaratmaqda, Azərbaycanı parçalamaqda məqsədiniz nə idi?

- Bəlkə fikrinizi bir qədər dəqiqləşdirəsiniz. «Muxtar» sözü ilə «parçalama» sözü bir-biriylə uyuşmur. Biz heç vaxt Azərbaycanı parçalamaq istəməmişik və indi də istəmirik. Azərbaycanın ərazi bütövlüyü uğrunda başqa bölgələrlə müqayisədə heç də az qurbanlar verməmişik. Biz sadəcə istəyirdik ki, bölgələrin də müəyyən səlahiyyətləri olsun. Öz iqtisadi, sosial, siyasi həyatlarını qurmaq üçün ixtiyarları olsun. Əgər muxtariyyət Azərbaycanı parçalamaqdırsa, onda Naxçıvan da Azərbaycanın parçalanmış bir ərazisidir, Dağlıq Qarabağa yüksək status verilməsi isə Azərbaycanın tamam parçalanmasıdır.

- Əlikram bəy, balaca ölkədə bu qədər muxtariyyət olar?

- İndi Azərbaycanda 70-80 rayon var. Hər birində də bir şah var. Budur Azərbaycanı parçalamaq yoxsa orada 7-8 ərazi vahidi yaradıb islahatlar aparmaq? Təsəvvür edin ki, indi biri Lənkəranda bir iş görmək istəyir, mütləq gəlib Bakıda bir məmurdan icazə almalıdır.

- Bu, təkcə Lənkəranda belədir yoxsa Şamaxıda, İmişlidə və yaxud başqa rayonlarda da belədir?

- Bütün Azərbaycanda belədir.

- Onda deyirsiz hər yerdə muxtar respublika yaradılsın?


- Bütün bölgələrdə ərazi islahatları aparmaq olar. Bilirsiz, bu söhbətlər o vaxt bütün səviyyələrdə aparılıb. Baş nazirlə də, o vaxt prezident yox idi, Ali Sövetin sədriylə də (O vaxt Baş nazir Sürət Hüseynov, Ali Sovetin sədri isə Heydər Əliyev idi – B.B.) söhbətlər aparılmışdı ki, unitarizm yerlərdəki təşəbbüskarlıqları boğur.

- Bu islahatları muxtar respublika yaratmadan aparmaq olmazdı?

- Olardı. Mən sizinlə razıyam. Adını başqa cür də qoymaq olardı, ancaq səlahiyyətlər verilməliydi. Siz deyirsiz Azərbaycan balaca ölkədir. Baxın Azərbaycanın ərazisi 86, Hollandiyankı isə cəmi 42 min kvadrat kilometrdir. Ancaq bu ölkə 9 vilayətə bölünüb, hər vilayətin də öz parlamenti var. Hər birinin də müəyyən səlahiyyətləri var. Burada mili məsələlər də var. Hər bir millətin də dilinin, mədəniyyətinin inkişafına böyük qayğı hiss olunur.

HOLLANDİYADA KÖLGƏ KABİNETİ FORMALAŞDIRILIR?

- Bəs indi Hollandiyada fəaliyyətiniz nədən ibarətdir?

- Yaşımın o çağındayam ki, (Ə.Hümmətovun 61 yaşı var – B.B.) burada mənə iş verən tapılmaz. Ancaq vaxtı ilə birgə fəaliyyət göstərdiyimiz insanlarla Azərbaycanın gələcəyini düşünürük. İstəyirik ki, Azərbaycanda da Hollandiya kimi bir dövlət sistemi yaradılsın, demokratiya inkişaf etsin. Bundan ötrü də çalışırıq. Artıq bundan ötrü Hollandiyada Demokratik Azərbaycan Cəbhəsinin ilk təşəbbüs mərkəzini yaratmışıq. Biz bilirik ki, Azərbaycanın peşəkar kadrlara ehtiyacı var. Bu məqsədlə xaricdə təhsil alan gənclərdən kölgə kabineti formalaşdırmaq niyyətindəyik. Bu, bizim başlıca məqsədimizdir. Bir də boş vaxtımı Xocalı abidəsinə xidmətlə keçirirəm. Elə bil ki, oranın zahidiyəm.

- Sonda sizdən bir məsələni də soruşum. Bir neçə il əvvəl yerli qəzetlər yazdı ki, siz Ermənistana getmisiz. Sonra isə yazdılar ki, orda keçirilən bir tədbirə təbrik məktubu göndərmisiz?


- Bəbək bəy, mən sizə nə deyim? Mənim heç keçən ilin dekabrına qədər Hollandiyadan çıxmağa icazəm olmayıb. Çünki Azərbaycan mənə vətəndaşlığı olmayan şəxsin vəsiqəsini verib, Hollandiya da mənə sənəd verməyi yubadıb. Mən nə Ermənistana getmişəm, nə də ora məktub göndərmişəm. Ancaq imkanım olsa Ermənistana da gedərəm, Gürcüstana da, lap Azərbaycana da. Ermənistana jurnalistlər də gedir, ziyalılar da. Ələkrəm Hümmətovun Ermənistana getməsi nəyi dəyişəcək ki?

- Doğrudan Azərbaycana gəlmək istəyirsiniz?

- Bəli. Hər gün yuxuda doğulduğum kəndi görürüm. (Lerik rayonunun Halabun kəndi – B.B.) Bilirsiz mənə Azərbaycana gəlmək qadağan edilib. Hollandiya vətəndaşlığını alandan sonra buna cəhd göstərəcəm. Ancaq düşünürəm ki, məni Azərbaycana buraxmazlar. Ancaq buna cəhd göstərmək lazımdır. İnsan qocalanda vətəni onu daha çox cəlb edir. Onun daşı, onun torpağı…Mən də artıq qocalmışam…

Şərhləri göstər

XS
SM
MD
LG