Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:56
Bakı ətrafında elektrik qatarlarına aid dəmiryolların sökülməsinə başlanıb. Buzovna dayanacağında fəhlələr iş başındadırlar.

«Biz sadəcə fəhləyik, nə tapşırıblarsa, onu da eləyirik», – deyib bizimlə söhbətə razılıq vermirlər. Bircə onu deyirlər ki, dəmiryolun söküntüsünə avqustun 12-də başlanıb və proses mərhələlərlə davam etdiriləcək.

Ümumilikdə isə, Zabrat, Maştağa, Bağlar, Buzovna, Zuqulba, Sahil, Mərdəkan və Qala kəndləri istiqamətindəki elektrik qatarlarının ləğvi nəzərdə tutulur. Səbəb isə nəqliyyatın bu növünün iqtisadi cəhətdən səmərəsiz olması, ziyanla işləməsi və müasir tələblərə cavab verməməsidir.

Amma bir neçə gündür gözləri elektrik qatarının yolunda qalan Bakı kəndlərinin sakinləri çox narazıdırlar.

İllərdir elektrik qatarında gedib-gələn Maştağa sakini deyir ki, bu dəfə də qapaz kasıbın başına dəyib:

(Reportajın mətni videodan sonra davam edir)

«Münasib idi gedib-gəlməyə. İndi gedib-gəlməyə heç nə yoxdur, gərək maşının ola, kasıbın da pulu hardan maşın alsın. İki gündür işləmir, nə qədər yolu piyada gedirik».

«Həmişə «elektriçka» ilə getmişəm, əziyyət çəkməmişik. İndi əziyyət çəkirik. Uşaqlar da məktəbə «elektriçka» ilə gedirdi, indi qaldılar belə. Marşrutlar da işləmir».

Camaat arasında «Vişnyovka» kimi tanınan Albalı qəsəbəsində isə vəziyyət daha acınacaqlıdır. Bu qəsəbədən bircə marşrut da keçmir.

Sakinlər Buzovnayadək təxminən 3 km yolu piyada gedir, daha sonra bir neçə marşrut dəyişməklə mənzil başına çatırlar. Bu isə həm də gündəlik 2 manata yaxın yolxərci deməkdir. Halbuki elektrik qatarı ilə bu yolu 10 qəpiyə gedirdilər.

«10 minə yaxın əhali var burda. Hamı elektrik qatarından istifadə edirdi. İndi o da işləmir. Çox çətinlik çəkirik. Nə qədər yolu piyada gedirik. Bir adamın aylıq gediş-gəlişi 60-70 manata çıxır».

Sakinlər elektrik qatarının getdiyi istiqamətdə heç olmazsa avtobus marşrutların təyin olunmasını tələb edirlər.

Nəqliyyat naziri Ziya Məmmədov da prezident İlham Əliyevə görüləcək işlər barədə məlumat verəndə bildirmişdi ki, sökülən dəmiryol xəttinin yerində yeni magistral yolun çəkilməsi planlaşdırılır. Amma bu yolun nə vaxt çəkiləcəyi, adıçəkilən qəsəbələrə marşrutların təyin olunub-olunmayacağı barədə hələ ki, məlumat verilmir.

Rəsmi statistikaya əsasən, gün ərzində elektrik qatarları Abşeron yarımadasında 3 min sərnişin daşıyırdı. Ekspertlərin fikrincə, elektrik qatarları sərnişinlər üçün ən rahat və təhlükəsiz nəqliyyat vasitəsidir. Bu nəqliyyat vasitəsinin inkişaf etdirilməsi həm də avtomobil yollarında intensivliyə, avtobus marşrutlarının azalmasına kömək edir, ekoloji vəziyyəti yaxşılaşdırır, ən əsası isə, sərnişinlər üçün əlverişlidir. Elə bu səbəbdəndir ki, Avropanın demək olar ki, bütün iri şəhərlərində elektrik qatarları ən populyar nəqliyyat növü hesab edilir.

Şərhləri göstər

XS
SM
MD
LG