Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:47
Avqustun 12-də Hökməli kəndindən olan bir qrup qadın kəndlərində yaranmış gərgin vəziyyətlə bağlı Prezident Adminstrasiyası və Baş Prokurorluqda olub. Qadınlar AzadlıqRadiosu-na bildirblər ki, onlar qorxu içərisində yaşayırlar. Gecələr qorxudan qapıları bağlayıb işıqları da söndürülər. Kəndəki indiki vəziyyət az qala 37-ci illərin repressiya dövrünü xatırladır:

- Gecələr taksilə mülki geyimlilər gəlir, evlərdən bir-bir uşaqları yığıb gedirlər. Mənim oğlumun heç o hadisələrə dəxli yoxdur, işə gedəndə tutub aparıblar. Onun müdiri bizə zəng edib deyib ki, oğlunuzu həbs ediblər.

- Gecə saat 2-də, 3-də çıxırsan çölə, görürsən ki, maşınlar dayanıb. Kim ki evdən çölə çıxdı, iki-üç nəfər tökülür üstünə, ağzını tutub basırlar maşına aparırlar.

«BIZİ PUL ALIB BURAXIBLAR»

Kənd sakinləri iddia edirlər ki, hadisə baş verəndən indiyə qədər 100-ə yaxın sakin saxlanıb və onlardan müxtəlif məbləğlərdə pul alınaraq buraxıblar. İstənilən məbləği verməyənlər isə hələ də həbsdədirlər:

- Hamını pul alıb buraxırlar. Mənim pulum yoxdur, ona görə də oğlum qalıb həbsdə. Həbsdən çıxanların hamısı deyir ki, bizdən pul alıb buraxıblar. Nə bilim iki min, üç min, beş min, on min. Mənim o qədər pulum var? Gedin baxın görün mənim evimin üstü nə gündədir, yağış yağanda başımıza tökülür. Pulum olsa elə onu düzəltdirərəm.

«GÜNAHI OLMAYANLAR NARAHAT OLMASIN»

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə deyilənlərin həqiqət olduğuna inanmır. Deyir ki, əgər kimdəsə polisin adamlardan pul alıb buraxması barədə faktlar varsa, hüquq-mühafizə orqanlarına müraciət etsinlər. Onun fikrincə, ola bilər ki, polisə müqavimət göstərənlər özünü müdafiə etmək üçün belə şaiyələr yayırlar. Qaldı kimlərinsə saxlanmasına və polisə aparılmasına, E.Zahidov deyir ki, həmin hadisədə günahı olmayanların narahatlığına əsas yoxdur:

- Kütləvi iğtişaşlar zamanı əgər polisə və hökumət adamlarına qarşı zorakılıq göstəriblərsə sözsüz ki, onlar həmin hərəkətlərinə görə cavab verməli olacaqlar.

Hazırda həbsdə olan Məhəmməd Loğmanovun anası Mehparə Loğmanova isə həmin gün oğlunun hadisə yerində olmadığını və bu baxımdan da polisə qarşı hər hansı müqavimət göstərmədiyini deyir. Onun fikrincə, hansısa qüvvələr bununla adamları prezidentə qarşı qaldırırlar:

- Bizi hökumət əleyhinə, prezident əleyhinə qaldırılar.

Məhəmməd Loğmanovun vəkili İsa Əsədov da müdafiə etdiyi şəxsin günahsız olduğunu düşünür. Vəkil deyir ki, Məhəmməd barədə seçilən həbs-qətimkan tədbirinin ləğv edilməsilə bağlı apellyasiya şikayəti verib:

- Mən sübut edəcəm ki, müdafiə etdiyim şəxsin hərəkətlərində hər hansı cinayət tərkibi yoxdur. Əgər ədalətli olsalar,
72 yaşlı Bəsti Muxtarova
həmin adam bəraət alacaq. Çünki həmin hadisə baş verəndə Məhəmməd Loğmanov işdə olub.

72 YAŞLI HÖKMƏLİ SAKİNİ ÖMRÜNDƏ İKİNCİ DƏFƏ BAKIYA NİYƏ GƏLDİ?


72 yaşlı Bəsti Muxtarova ömründə ikinci dəfədir kənd qadınlarına qoşulub Bakıya gəlib ki, öğlunun günahsız həbs edildiyini və kənddəki vəziyyəti prezidentə çatdırsın. Amma çatdıra bilməyib. Prezident Adminstrasiyasından onları Baş Prokurorluğa göndəriblər.

Sakinlərin dediyinə görə, yaxınları həbs edilənlər Baş prokurorun adına şikayət ərizəsi yazıblar. Digərlərinə isə məsləhət görülüb ki, onlara torpaq verənlərdən aidiyyatı qurumlara şikayət etsinlər.

Bəsti Muxtarova deyir ki, özü hadisə vaxtı orda olsa da, oğlu evdə olub. Amma evə qayıdanda oğlunu tapmayıb:

- 44 yaşı var. Ötən il evləndirmişəm, üç aylıq uşağı da evdə qalıb. Getdim özümə dərman alım. Gəldim ki, oğlum yoxdur, qapı açıq, televizor yanır, siqareti, alışqanı da stolun üstündə. Çağırıram ay Mayıs, ay Mayıs...

Xeyli axtarışlardan sonra qonşular ona oğlunun həbs olunduğunu deyiblər:

- Sən gəl nahaq yerə mənim övladımı apar, bəyəm 37-ci ildir?

«TORPAĞI SATANLAR, SƏNƏD VERƏNLƏR CƏZALANDIRILSIN»

Kənd sakinlərinin deməsinə görə, indiyə qədər onlara bir neçə dəfə xəbərdarlıq edilib ki, Neft Şirkətinin ərazisi olduğundan evlərindən çıxsınlar. Amma bu xəbərdarlıqların yersiz olduğunu bildirən sakinlər hesab edirlər ki, əgər həmin ərazidə məskunlaşma qanunsuz idisə, onda niyə buna icazə verirdilər. Sakinlər iddia edirlər ki, onlar evləri tikməyə başlayanda hər yerin haqqını ödəyiblər. Bu əraziləri onlara bələdiyə veriyə və bunu sübut edən sənədlər də var. Elə bu səbəbdən də kənd sakinləri düşünürlər ki, onların evlərini uçurmaqdansa, torpaqları onlara satanlar cəzalandırılmalıdır.

Avqustun 5-də Hökməli kəndi yaxınlığında yeni salınan yaşayış məntəqəsində polislə sakinlər arasında qarşıdurma olub. Hadisə ilə bağlı kənd sakinlərindən bir neçə nəfər həbs edilib. Onlardan xəsarət alanlar da var. Baş verənləri Bakı şəhər Prokurorluğu araşdırır.

Daxili İşlər Nazirliyinin həmin vaxt yaydığı məlumatlarda isə hadisə zamanı 20 polisin müxtəlif bədən xəsarətləri aldığı bildirilirdi. Qarşıdurmanın baş verdiyi ərazi Dövlət Neft Şirkətinin balansında olduğundan şirkət həmin ərazilərin boşaldılmasını istəyir.

Şərhləri göstər

XS
SM
MD
LG