Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:02

Əvvəl həbs, sonra günahın sübutu


«Qətimkan tədbiri fərdin azad yaşama və hüquqlarını realizə etmək imkanlarını tam məhdudlaşdırır»
«Qətimkan tədbiri fərdin azad yaşama və hüquqlarını realizə etmək imkanlarını tam məhdudlaşdırır»
HƏBS-QƏTİMKAN TƏDBİRİ ÖZÜ AĞIR CƏZADIR

2003-cü ildə Müsavat Partiyasının sədr müavini Sülhəddin Əkbər də yüzlərlə digər müxalifətçi kimi həbs olundu. Amma başqalarından fərqi o idi ki, S.Əkbəri 5 ay həbsdə saxlayıb, sonra azadlığa buraxdılar, bir qədər sonra isə iş də xətm olundu, amma müstəntiq, prokuror və hakimin heç ağlına da gəlmədi ki, 5 ay azadlığını əlindən aldıqları Sülhəddin Əkbərdən üzr istəsinlər.

Sülhəddin Əkbər kimi Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin (DEVAMM) rəhbəri İlqar İbrahimoğlu da 2003-cü il prezident seçkilərindən sonra Bakıdakı iğtişaşlarda ittiham olunmuşdu. Dörd ay həbsdə yatdıqdan sonra ona beş il şərti cəza veriblər:

«Qətimkan tədbiri olan həbs cəza növüdür. Ağır bir cəzadır. Təbii ki, bu, bir növ fərdin azad yaşama və hüquqlarını realizə etmək imkanlarını tam məhdudlaşdırır».

Azərbaycandakı vəkillərə görə, hüquq-mühafizə orqanları nədənsə qətimkan tədbirləri arasında məhz həbsə üstünlük verirlər. Zaminlik, girov və ya ev dustaqlığı kimi tədbirləri seçməkdən imtina edirlər. Ona görə də vəkillərin hüququnu müdafiə etdiyi şəxslə bağlı qaldırdıqları ilkin vəsatət məhz bu haqda olur:

«Filankəs barəsində seçilmiş həbs-qətimkan tədbiri əsaslı deyil. İstintaqın məhkəməyə təqdim etdiyi vəsatətdə həbs-qətimkan tədbirinin seçilməsi üçün heç bir sübut olmayıb. Onun haqqında başqa qətimkan tədbirləri zaminlik, girov və ya ev dustaqlığı seçilə bilərdi».

«GÖZ QORXUTMAQ ÜÇÜNDÜR»

Vəkil Elçin Sadıqov deyir ki, bunun səbəbi çox sadədir:

«Əslində, bu, məhkəmələrin asılı vəziyyətdə olmasından və hətta qətimkan tədbirlərinin vətəndaşların üzərində güc kimi tətbiq olunmasından irəli gəlir. Bəzən elə olur ki, təqsirləndirilən şəxsin dilindən başqa yerə getməmək haqda iltizam alınır. Bu o işlərdir ki, həmin şəxsin arxasında kimlərinsə marağı və sifarişi durur. Marağı olmayan işlərdə isə insanların gözünü qorxutmaq və cəzalandırmaq üçün dərhal həbs-qətimkan tədbiri seçilir».

Vəkilin sözlərinə görə, əslində, bu, çox təhlükəli seçimdir. Çünki bir çox hallarda ittiham olunan şəxslə bağlı həbs-qətimkan tədbiri seçilsə də, sonradan onun təqsirli olmadığı üzə çıxır. Amma bununla belə, iş işdən keçmiş olur, həbs- qətimkan tədbiri şəxsin imicinə böyük zərbə vurur:

«Sonradan həmin şəxsin əməlində cinayət tərkibi müəyyən olunmur. Amma şəxs faktiki olaraq üç ay, dörd ay həbsdə yatır. Reputasiyası korlanır. Adam işini itirir. Cinayət işi xətm olunsa da, hamı deyir ki, sən oğurluğa görə həbsdə yatmısan. Ona görə də hüquq-mühafizə orqanları ittiham irəli sürərkən ciddi əsaslara söykənməlidirlər».

HÜQUQ-MÜHAFİZƏ ORQANLARI NƏ DEYİR?

Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə bu haqda deyir:

«Cinayət-prosessual qanunvericiliyin tələblərinə görə, həbs və ona alternativ qətimkan tədbirləri iki ildən artıq müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində təqsirləndirilən şəxsə, həmçinin istintaq orqanından gizlənmək, istintaqın normal gedişinə mane olmaq, cəmiyyət üçün təhlükə yaratmaq hərəkətlərinin edilməsi ehtimalına kifayət qədər əsaslar olduğu hallarda, iki ilədək müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilə bilən cinayətlərin törədilməsində şübhəli bilinən və ya təqsirləndirilən şəxslərə də tətbiq oluna bilər».

O ki qaldı, həbs-qətimkan tədbirinin ev dustaqlığı və ya girovla əvəzlənməsinə, Eldar Sultanov deyir ki, həmin tədbirlər həbsə alternativ tədbirlərdir, təqsirləndirilən şəxsin həbsə alınması barədə məhkəmənin çıxardığı qərardan sonra müdafiə tərəfinin vəsatəti üzrə seçilə bilər.

Vəkil Elçin Sadıqov isə deyir ki, əksər hallarda ittiham tərəfi Eldar Sultanovun dediyi kimi, ortaya sübut yox, ehtimallar qoyur. Məsələn, onun müdafiə etdiyi şəxslərdən biri – politoloq Zərdüşt Əlizadənin oğlu, narkotik maddə gəzdirməkdə ittiham olunan Salur Əlizadəylə bağlı sadəcə, ehtimallar qoyulubmuş.

QANUNDAKI UYĞUNSUZLUQ

Bəs imicinə zərbə dəyən şəxs bununla bağlı məhkəməyə müraciət edə, hüquq-mühafizə orqanlarının cəzalandırılmasını istəyə bilərmi?

Vəkil Elçin Sadıqov deyir ki, Avropa İnsan Haqları Konvensiyasına görə, vətəndaş bundan şikayət verə bilər. Amma yerli qanunvericilikdə bununla bağlı heç nə deyilmir. Yəni nəzərdə tutulmayıb ki, vətəndaş qanunsuz həbsdən şikayət edə bilər ya yox. Burda bir incəlik də var:

«Əslində, həbs qanunsuz olmayıb, ittiham irəli sürülməyib. Burda uyğunsuzluq yaranır».

Bununla belə, hüquqşünasların bir məsləhəti var: gələcəkdə bu halların azalması üçün məhkəməyə baş vurmaq. Hərçənd Azərbaycan vətəndaşları ağrımaz başlarına dəsmal bağlamamaq üçün bu addımı atmağa tələsmirlər. Əksinə vəkillərin dediyinə görə, canlarını həbsdən qurtardıqlarına görə, sadəcə şükr etməklə kifayətlənirlər. Vəkil Elçin Sadıqov deyir ki, bu günədək müdafiə etdiyi şəxslər arasında barəsində həbs-qətimkan tədbiri xitam olunanlar çox olub. Amma sonradan bununla bağlı məhkəməyə cəmi bir nəfər müraciət edib. Onun da şikayəti təmin edilməyib.

Hərçənd İlqar İbrahimoğlu nikbindir, o, beş il öncəki həbslə bağlı məhkəməyə müraciət edib və işi artıq Avropa İnsan Haqları Məhkəməsindədir. Yaxın vaxtlarda məhkəmənin qərarını gözləyir.
XS
SM
MD
LG