Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:04

Dünya liderlərinin ərköyün uşaqları


Məşhur «Foreign Policy» dərgisi dünya liderlərinin ərköyün uşaqları barədə son illər yayılmış məlumatları bir araya toplayıb. Liderlərin övladları barədə oxuyub-bilmək istəmədikləri məlumatları təqdim edirik.

ƏRKÖYÜN OĞULLAR

Şeyx İssa Bin Zayed əl-Nayhan

Atası: Birləşmiş Ərəb Əmirliklərinin keçmiş prezidenti Zayed bin Sultan Əl-Nayhan.

Yaşı: Bilinmir.

Dövlət formal olaraq hər hansı vəzifə tutmasa Şeyx İssa Əbu-Dabidə tikinti sektoruna nəzarət edir. Qardaşı Əbu-Dabinin rəhbəridir.
Geniş yayılmış bir videodan sonra Şeyx İssanın adı sadizm və hakimiyyətdən sui-istifadə ilə yanaşı çəkilir.

«ABC News» televiziyası ilə yayılmış həmin videoda şeyxin də iştirakı ilə bir qrup adam onu aldatdığını iddia edən bir əfqan tacirə işgəncə verir. İssa adamın ayağının altına avtomat silahdan atəş açır, onu yıxıb ağzına torpaq doldurur, odda yandırır, açıq yarasının üstünə duz səpir.

Bu videonu ABC televiziyasına İssanın keçmiş iş ortaqlarından biri verib. Dediyinə görə, İssanın daha 25 adama bu cür işgəncə verdiyinin şahidi olub.

Kim Çen Nam

Atası: Şimali Koreyanın lideri Kim Çen İr

Yaşı: 38

2001-ci ildə Nam arvadı və oğlu ilə birlikdə saxta Dominikan pasportu ilə qanunsuz olaraq Yaponiyaya girmək istəyərkən Tokionun «Narita» aeroportunda həbs olunub. Polisə dediyinə görə, guya «Disneylend»ə getmək istəyir.

Bu hadisə Namın atası üçün olduqca alçaldıcı hərəkət olub. Ondan sonra Namın adı hakimiyyətin varisi namizədliyindən silinib. Onun yerinə hakimiyyət sırasında kiçik qardaşı Kim Çen Unun adı hallanır.

Bu yaxınlarda Kim Çen Nam olduğu deyilən bir adam Yaponiyada qumar oynayan yerdə yerli televiziyada görünüb. Jurnalistə bildirib ki, gələcəkdə hakimiyyətdə kimin olacağı onu o qədər də maraqlandırmır. Həmin adam ölkədən qovulduğu haqqında iddiaları da rədd edib. Bildirib ki, Yaponiyaya yalnız əyləncə üçün gəlib.

Hannibal Qəddafi


Atası: Liviya lideri Müəmmar Qəddafi

Yaşı: 33

Ola bilər ki, ata Qəddafi son illər Qərbin yanında nüfuzunu bir qədər yüksəldə bilib. Amma görünür, bu işdə onun ən böyük problemi ipə-sapa yatmayan oğlu Hannibaldır. Öz adaşı kimi o, bütün Avropanı bir-birinə qatıb.

Hannibal ilk dəfə 2004-cü ildə Parisdə yüksək sürətlə sürdüyü «Porsche» ilə radarlara düşüb. Həm də içkili və yolu hərəkət istiqamətinin əksinə gedirmiş. O vaxt Kopenhagendə biznes təhsili alan Hannibal diplomatik toxunulmazlıq hüququ olduğu üçün azad edilmişdi.

İkicə ay sonra isə Parisdə otellərdən birində qız dostunu döyən Hannibal polisə düşdü. Əlində tapança ilə polisi qarşılayan gənc Qəddafini güclə zərərsizləşdirmək mümkün oldu.

Bu dəfə də azad ediləndən az sonra polis yenə başqa bir otelə çağırıldı. Hannibal orada da mebelləri sındırdığına görə otelin sahibi polisə şikayət etmişdi. Amma bu dəfə Hannibal otelə hücuma görə cərimələndi.

Bundan da dərs almayan Hannibal keçən il İsveçrədə həbs olundu. O, oteldə iki xidmətçini döymüşdü.
Müəmmar Qəddafinin bu hadisələrə reaksiyası isə İsveçrə diplomatlarının müvəqqəti də olsa, Liviyadan qovulması oldu.

Hu Hayfen

Atası: Çin lideri Hu Szintao

Yaşı: 38

Bu ilə qədər Hu Hayfen haqqında Çindən kənarda heç nə məlum deyildi. O, «Nuctech» skaner şirkətinin sahibidir. Belə görünür atasının əlaqələrindən istifadə edərək Çində aeroportların skanerlə təmin edilməsi kimi karlı layihələri ələ keçirib. Bir neçə il əvvələ qədər o, öz adını kağızlardan gizləyə bilirdi. Amma iyul ayında Namibiya hökuməti «Nuctech» şirkətini korrupsiya faktı barədə araşdırmanın predmeti elan edəndən sonra Hu Hayfen adı ortaya çıxdı.

Namibiya hökumətinin iddiasına görə ölkənin aeroportlarını skanerlə təchiz etməyə müqavilə əldə etmək üçün Nuctech şirkəti yerli məmurlara rüşvət təklif edib. Hayfen adı şübhəli kimi hallanmasa da Namibiyanın baş prokuroru özü şəxsən Pekinə gedib onun şahid kimi dindirilməsinə çalışıb.

Bu qalmaqal barədə məlumatlar ortaya çıxandan sonra Çində medianın informasiyalara çıxışına maneə yaradılıb. İnternetdə yerli arama motorlarına «Hu Haifeng», «Namibia», «Namibia bribery investigation», «Nuctech bribery investigation», «southern Africa bribery investigation» kimi sözlərin tapılmasına məhdudiyyət qoyulub. Görünür, bu işdə Hayfenə bacısının əri kömək edib. O, Çində internetdə ən böyük arama motorunun rəhbəridir.

Mark Tetçer

Anası: Britaniyanın keçmiş baş naziri Marqaret Tetçer

Yaşı: 56

«Dəmir Ledi»nin bu həvəskar oğlu 2004-cü ildə Cənubi Afrikada evində həbs olundu. Onu ölkənin möhtəkirlik əleyhinə qanunlarını pozaraq Ekvatorial Qvineyada çevrilişi maliyyələşdirməkdə ittiham edirdilər. Mark hər hansı çevriliş planlarından xəbərsiz olduğunu bildirdi. Sonradan isə möhtəkirlərin istifadə etdiyi helikopterdən xəbəri olduğunu, amma onların niyyətlərini bilmədiyini dedi. Onu 500 000 dollar cərimələyib ölkədən çıxardılar.

Monakoda çevrilişdə adı hallanandan sonra Mark Tetçerin ABŞ-a səfəri üçün də viza verilmədi. Tetçerin öz nüfuzunu təmizləməsi üçün çalışdığı bir vaxtda Monako da ona bu ölkədə yaşayış icazəsi vermədi.

ƏRKÖYÜN QIZLAR

Gülnarə Kərimova

Atası: Özbəkistanın prezidenti İslam Kərimov

Yaşı: 37

Gülnarə Kərimova Avropada zəngin və xeyirxah bir adam kimi tanınır. Öz ölkəsində isə onu diktator atasını hakimiyyətdə əvəz edəcək namizəd, atasının hakimiyyət imkanlarından öz şəxsi var-dövlətini artırmaq üçün istifadə edən bir adam kimi tanıyırlar.

Kərimova 2001-ci ildə əfqan-amerikan iş adamı ərindən boşanandan bəri informasiya məkanındadır. Boşanandan dərhal sonra keçmiş ərinin «Coca-Cola» şüşəsi istehsal edən fabrikini bağlatdırdı, onun üç yaxın adamı həbs olundu, 24-ü isə silah gücünə ölkədən qovuldu.

Özbəkistanda çay biznesini əlində saxlayan Gülnarə Kərimova 2006-cı ildə onun biznes maraqlarına ziyan vuran rəqib şirkətə maskalı və silahlı adamlar göndərib, həmin şirkəti bağlatdı.

Son illər Gülnarə diqqətini özünün müğənnilik karyerasına yönəldib. Onun «GooGooSha» (atası onu uşaqlıqda belə çağırırmış) adı ilə çəkdirdiyi klip 2006-cı ildən bəri Özbəkistanın MTV kanalında daim göstərilir.

Sandar Vin

Atası: Myanmanın keçmiş baş naziri və prezidenti Ne Vin

Yaşı: 57

1962-1988-ci illərdə ölkəni idarə etmiş qoca diktator qızı Sandara hədsiz dərəcədə çox güvənməyə başlayıb.
1980-ci illərdə Sandar demək olar ki, ölkənin qeyri-rəsmi rəhbərinə çevrilmişdi. O, partiya liderlərinin atası ilə bütün əlaqələrinə nəzarət edirdi.

1988-ci ildə atası geriləyəndə Aun San Su Çjinin rəhbərliyi ilə ölkədə başlayan demokratik proseslərin ən böyük əngəlinə çevrildi. Hərbi xunta yenidən ölkəni ələ keçirəndən sonra isə ailənin biznes yatırımlarının qorunub artırılması üçün çalışdı.

2000-ci ilin əvvəllərində Sandar Vinin əri və üç oğlu xuntaya qarşı çevriliş hazırlamaqda ittiham edilərək həbs olunub. Çoxları bu çevriliş planının arxasında onun ideyalarının olduğunu düşünsə də hələlik Sandarın özünü tutmayıb, ev dustağı ediblər. Amma dekabr ayında onun azad edildiyi haqqında məlumatlar yayıldı.

Pinthonqtha Çinavat

Atası: Tailandın keçmiş baş naziri Taksin Çinavat

Yaşı: 27

Pinthonqtha Çinavat 2004-cü ildə Tailandda ən varlı sərmayədar olanda çox az adam buna təəccübləndi. Qardaşı Pantonqte ilə Tailand kommunikasiya şirkətindən 329.2 milyon pay aldılar. Sonra isə onun hər birini 50 dəfə bahasına Sinqapur şirkətinə satdılar. Alınan pulları da onların ataları vergidən yayındırdı.

Atası hakimiyyətdən gedəndən sonra Pinthonqtha həm özünü, həm də atasının var-dövlətini qorumalı oldu. 2007-ci ildə Tailand məhkəməsi qərar çıxardı ki, o və qardaşı 293.6 milyon dollar vergi ödəməlidir. Bu ilin fevralında isə məhkəmə onların 350 milyon dollarının dondurulması barədə qərarını təsdiqlədi.

Pinthonqtha Çinavat həmçinin, atasının var-dövlətini aşkar şəkildə müdafiə edir. Ola bilsin ki, o, ailənin sərvətinin əsas hissəsini xarici ölkələrdəki hesablarında saxlayır. Ona görə də rahat-rahat davranır.

İyabo Obasanco-Bello


Atası: Nigeriyanın keçmiş prezidenti Oluşequn Obasanco

Yaşı: 42

İyabo Obasanco-Bello ABŞ-da yaxşı tibb təhsili alıb. Bu sahədə araşdırmaları ilə tanınmağa başlayarkən 2004-cü ildə ABŞ-da doğulan oğlunu da götürüb vətəninə döndü. Əri onu adam qaçırmaq ittihamı ilə məhkəməyə verdi. Obasanco isə onu məhkəməyə verib ki, uşaq üçün 35 000 dollar alimenti vermir.

Evə dönəndən sonra o, qərara gəlib ki, «ailənin biznesinə» qoşulsun. Atasının hakimiyyətində tibb komissiyasının rəhbəri oldu, 2006-cı ildə isə Nigeriya Senatına seçildi.

2006-cı ildə Obasanconun minlərlə dollar rüşvət alması barədə xəbərlər yayıldı. Onun bir Avstriya şirkətinin hökumətdən enerji müqaviləsi əldə etməsinə kömək etməyin əvəzinə həmin şirkətindən rüşvət kimi «Toyota Land Cruiser» alması barədə məlumat var. Obasanco həmçinin, Nigeriyanın onsuz da çox az olan səhiyyə büdcəsindən öz şəxsi ehtiyacları üçün 85 000 dollar çıxarmaqda ittiham olunur.

İyabo Obasanco-Bello isə bütün bu iddiaların ondan pul qoparmaq üçün düşünülən bir şantaj olduğunu deyir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG