Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:59

İranda seçki məhbuslarına ağlasığmaz işgəncə iddiaları


«Ölənlər təkcə Tehranda olmayıb»

«Ölənlər təkcə Tehranda olmayıb»

«Tutulan adamların çoxu bildirir ki, həbsdə saxlanan qadınların bir çoxunu zorlayıblar. Tutulan gənc oğlanların bəzilərini də zorlayıblar. Xüsusən bu cavanlar depressiyadadırlar, zorlanarkən çox ciddi fiziki və mənəvi zərbə alıblar».

Bu sözləri İranda prezidentliyə namizəd olmuş islahatçı Mehdi Kərrubi iyulun 29-da nüfuzlu siyasi və dini xadim, keçmiş prezident Haşimi Rəfsəncaniyə göndərdiyi məktubda yazıb. Kərrubi Rəfsəncanidən xahiş edir ki, bu məsələni ali dini rəhbər Ayətullah Əli Xamneyinin yanında qaldırsın.

«O, 10-15 KİLO ARIQLAMIŞDI. NORMAL DANIŞA BİLMİR, AĞLI BAŞINDA DEYİLDİ»

Həmin məktubun surəti «Frans press» Agentliyinin əlinə keçib. Prezidentliyə namizəd olmuş Mir Hüseyn Musəvi də hakimiyyəti seçkinin elan olunan nəticələrinə etiraz olaraq keçirilən mitinqlərdə saxlanan adamlara qarşı orta əsrlərin üsulları ilə işgəncə verməkdə ittiham edib.

Həbsdə olanların ailələri deyir ki, içəridə onlara işgəncə verilir. 45 gün həbsdə olmuş Abdulla Momeninin arvadı onun vəziyyətini bu cür izah edir:

- O, 10-15 kilo arıqlamışdı. Normal danışa bilmir, ağlı başında deyildi.

İyunun 12-də keçirilmiş seçkinin Əhmədejadın xeyrinə saxtalaşdırıldığını deyən müxalifət fəallarının keçirdikləri etiraz aksiyalarında polis və İnqilab Keşikçiləri ilə toqquşmalarda tutulanların hamısının taleyi hələlik məlum deyil.

Rəsmi məlumata görə, hadisələr zamanı 30 adam həlak olub, saxlanmış minlərlə adam azad edilib. Hazırda həbsdə 200 nəfər qalır. Onların da 100 nəfəri üzərində birgə məhkəmə başlayıb.

Musəvinin yardımçılarından biri deyir ki, onlarda olan siyahıya görə, 1700 nəfər tutulub. Amma onlardan nə qədərinin sağ olması və harda saxlanmaları barədə məlumatları yoxdur.

Ölənlərin sayını insan haqları fəalları şübhə altına alırlar. İnternetdə yayılan bəzi məlumatlarda 365 nəfərin öldüyü deyilir.

PREZİDENTLİYƏ NAMİZƏDLƏR DƏ CƏZALANDIRILACAQLAR

İranda insan haqları uğrunda mübarizə aparan Hadi Ghaemi bildirir ki, ölənlərin siyahısını tutmaq olduqca çətindir:

- Bir şey aydındır ki, ölənlər təkcə Tehranda olmayıb. Rəsmilər bu barədə bir söz demirlər, amma mən 100 faiz bilirəm ki, İsfahanda, Kermanşahda, Şirazda da ölənlər var idi. Ümumilikdə ölü sayının 100-lə 300 arasında olduğunu desək səhv etmərik.

«Amnesty International» beynəlxalq insan haqları təşkilatı isə mitinqlərdə öldürülən 53 adam haqqında məlumatı olduğunu, amma onların daha çox ola biləcəyini deyir.

Parisdə yerləşən Beynəlxalq İnsan Haqları Təşkilatları Federasiyasından Əbdül Kərim Lahici hesab edir ki, BMT İrana xüsusi nümayəndə göndərib vəziyyəti araşdırmalıdır.

İnqilab Qvardiyası isə bildirir ki, hələ həbslər davam edə bilər. O cümlədən keçmiş prezident Xatəmi, prezidentliyə namizədlər Musəvi, ya da Kərrubinin bu məxməri çevrilişin arxasında olduğu təsdiqlənsə, onlar da cəzalandırılacaqlar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG