Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:56

«Azərbaycanın yaxın tarixinin ən gərgin dövrü»


Avqustun 4-də prezident İlham Əliyevin hakimiyyətə gəlişinin 6 ili tamam oldu

Avqustun 4-də prezident İlham Əliyevin hakimiyyətə gəlişinin 6 ili tamam oldu

Avqustun 4-də prezident İlham Əliyevin hakimiyyətə gəlişinin 6 ili tamam oldu. Milli Məclis 2003-cü ildə o zamankı prezident Heydər Əliyevin oğlu İlham Əliyevin baş nazir postuna təyin edilməsi haqda qərarını təsdiq etdi. Azərbaycan müxalifəti bunu o vaxta qədər haqqında çoxdan bəri danışılan varis planının gerçəkləşməsi üzrə ilk addım kimi qiymətləndirir. Müsavat başqanı İsa Qəmbər o dövrü Azərbaycanın yaxın tarixinin ən gərgin dövrü adlandırır:

VARİS PLANI

«Artıq o zaman Heydər Əliyevin hakimiyyəti idarə etmək gücündə olmadığı bəlli idi. Heydər Əliyevin səhhəti ilə bağlı ziddiyyətli xəbərlər yayılırdı. Bizim də onun sağlıq durumu ilə bağlı yetərincə dəqiq bilgilərimiz vardı. Belə bir mərhələdə saxta bir kağızla İlham Əliyevin baş nazir təyin edilməsi təbii və rejiminin ömrünü saxtakarlıqla uzatmağa yönələn addım idi. Çox təəssüf, bu saxtakarlıq bu günə qədər də davam edir».

AXCP lideri Əli Kərimli isə deyir ki, Milli Məclisin fövqəladə sessiyasının çağırılacağı haqda xəbər yayılandan sonra müxalifət partiyaları parlament binasının önündə etiraz aksiyası keçirməyi qərara alıb. Ancaq koordinasiya məsələləri düzgün təşkil olunmadığından mitinq baş tutmayıb:

YARIMAZAD ÖLKƏDƏN - AVTORİTAR ÖLKƏYƏ

«Bizə bəlli idi ki, hakimiyyət varislik mexanizminin işə salınması üçün beynəlxalq qurumlarla danışıqlar aparır. Artıq bəlli idi ki, iqtidar Heydər Əliyevin hakimiyyətini oğluna ötürmək üçün ciddi saxtalaşdırmalara hazırdır. Çox təəssüf ki, o zaman Azərbaycan cəmiyyətinin müqaviməti bu qanunsuzluqların qarşısını almaq üçün yetərli olmadı».

Keçən 6 ili xarakterizə edən Əli Kərimli bildirir ki, YAP-ın «gənc, perspektivli lider» adlandırdığı İlham Əliyev ölkəni bir qədər də avtoritarlaşdırdı:

«Heydər Əliyev onsuz da ölkəni qeyri-demokratik yolla idarə edirdi, İlham Əliyev hakimiyyətə gələndən sonra Azərbaycanda korrupsiya dövlət səviyyəsində çiçəklənməyə başladı, ölkədə söz və mətbuat azadlığına qarşı total hücumlar başladı. İlham Əliyev hakimiyyətə gələndə Azərbaycan beynəlxalq qurumların hesabatlarında yarımazad ölkə kimi xarakterizə olunurdusa, bir neçə il sonra Azərbaycan azad olmayan ölkə statusu aldı, bu il isə Azərbaycan avtoritar idarəetmə üsulu olar ölkə sırasına endi».

FEODALİZMƏ QAYIDIŞ

Siyasi şərhçi Şahvələd Çobanoğlu isə deyir ki, İlham Əliyevin hakimiyyətə gəlişi Azərbaycanın tarixə qayıdışı oldu. O, Milli Məclisin qərarı elan olunanda dövlət himni səslənməsinə baxmayaraq hakimiyyət üzvlərinin İlham Əliyevi təbrik etmək üçün sıraya düzülməsi kadrlarını çox yaxşı xatırladığını bildirir:

«Bu Azərbaycanda sülalə hakimiyyətinə keçid idi. Azərbaycan xalqının iradəsi, istəyi, dünyadakı siyasət ənənələri pozularaq İlham Əliyev baş nazir postuna gətirildi. Bu əslində Azərbaycanın feodal dövrünə qayıdışı idi».

Şahvələd Çobanoğlunun fikrincə, şəxslərin hakimiyyətə gəlmə üsulu onların hakimiyyətdə qalma üsuluna birbaşa təsir edir. Demokratik seçki keçirilən ölkədə hakimiyyət demokratik olmağa məhkumdur. Azərbaycanda hakimiyyət demokratik metodlardan kənar qurulduğuna görə, ölkədə demokratik dəyərlər məhv edilməkdədir.

HAKİMIYYƏT LEGİTİMDİR

Hakim Yeni Azərbaycan Partiyası isə İlham Əliyevin hakimiyyətə antidemokratik yolla gəlişi haqda fikirləri qəbul etmir. «Yeni Azərbaycan» qəzetinin İlham Əliyevin hakimiyyətə gəlişi ilə bağlı yazısında onun hakimiyyətə demokratik yolla gəldiyi yazılır. Qəzet bildirir ki, İlham Əliyevin hakimiyyətinin legitim olmasını onun 2003 və 2008-ci ildə keçirilən prezident seçkilərində rəqiblərini böyük üstünlüklə geridə qoyması, dünyanın aparıcı dövlətlərinin Azərbaycan hakimiyyətinin legitimliyini tanıması və onu özlərinin strateji tərəfdaşı kimi dəyərləndirməsi sübut edir.

Şərhləri göstər

XS
SM
MD
LG