Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:44

Türk və azərbaycanlı icması Obamaya məktub yazıb


Məktubda deyilir ki, ABŞ administrasiyasının Ermənistan və Azərbaycan arasında ədalətli sülhün əldə olunmasına istiqamətlənmiş səyləri alqışlanır.

Bildirilir ki, ötən il Rusiya ilə Gürcüstan arasında müharibə həll olunmamış münaqişələrin Cənubi Qafqazda sülhə və təhlükəsizliyə təhdid olduğunu göstərib: «Bu yaxınlarda bəzi İran məmurları İsrail prezidenti Şimon Peresin Bakıya səfərinə görə Azərbaycanı açıq şəkildə hədələyib. Eyni ilə BMT Təhlükəsizlik Şurası işğal olunmuş torpaqların boşaldılması və işğalı dayandırması haqqında dörd qətnaməni qəbul etsə də, 1993-cü ildən bəri 1 milyon məcburi köçkün və qaçqın üçün çox kiçik nailiyyət əldə edib. Bütün bunlar beynəlxalq hüquqa və insan haqlarına əsaslanan davamlı sülhün əldə edilməsinə, sizin də dediyiniz kimi, Dağlıq Qarabağ münaqişəsinin daimi və uzunmüddətli nizamlanmasına mane olur».

Məktub müəllifləri qeyd ediblər ki, ABŞ-ın güclü dəstəyi və Rusiyanın daha aktiv iştirakı ilə sülh prosesi Azərbaycan və Ermənistan prezidentlərinin son görüşündə bir qədər impuls verib:

«Bundan başqa, ATƏT-in Minsk Qrupunun Amerikadan olan həmsədri Metyu Brayza danışıqlarda Azərbaycan tərəfinin səmərəli mövqe və liderlik nümayiş etdirdiyini xüsusi vurğulayıb. Uzunmüddətli və daimi sülh Cənubi Qafqaza böyük pozitiv dəyişikliklər gətirərdi. Azərbaycan-Gürcüstan əməldaşlığı artıq göstərdi ki, tərəflər regional əməkdaşlığa cəhd edəndə, nə əldə edə bilər. Əgər Ermənistan rəhbərliyi səmərəli praqmatizm nümayiş etdirsə, bu, millətin regionun iqtisadi və demokratik gələcəyinə inteqrasiyasına, xalq üçün sülhün və inkişafın təmin olunmasına səbəb olardı».

ABŞ prezidenti Barak Obamaya məktub U.S. Azeris Network (USAN), Amerika Türk Assambleyaları Assosiasiyası (ATAA), Azərbaycan-Amerika Şurası (AƏŞ) və digər türk-azərbaycanlı icmaları adından göndərilib.
XS
SM
MD
LG