Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 23:53

«Yanğınlar qiymətləri göyə qaldırıb»


«8-ci kilometr» bazarında yanğın, 20 iyul 2009
«8-ci kilometr» bazarında yanğın, 20 iyul 2009
«Bizim Yol»: Son bir ayda paytaxtın iki nəhəng ticarət mərkəzində güclü yanğın hadisəsi baş verdi. «8-ci kilometr» bazarında və Dərnəgül şosesində yerləşən tikinti materiallarının satıldığı ticarət mərkəzində baş verən yanğın onlarla iş adamına külli miqdarda ziyan vurdu.
Hadisə dərhal tikinti materialları bazarında qiymətlərə təsir etdi.

«8-ci kilometr» bazarında taxta satan şəxslərdən biri dedi ki, yanğına qədər alver çox zəif idi. «Əslində neçə vaxt idi ki, durğunluq idi. İş dayandığından, alıcılıq qabiliyyəti aşağı düşüb. Bizə taxta Rusiyadan gətirilir. Yanğın zamanı taxta gətirən sahibkarlara külli-miqdarda ziyan dəyib və bazarlarda dərhal qiymət qaldırılıb». Satıcı müştəri qıtlığından da gileyləndi və bahalaşmanın sahibkara sərf etmədiyini bildirdi. Çünki, alıcılıq qabiliyyətinin aşağı düşdüyü bir vaxtda, bahalaşma ikitərəfli zərər vurur.

Digər bir taxta materialı satıcısı qiymətlərdə qeyri-sabitliyin olduğunu söylədi: «Tikinti bazarında qiymətlər heç vaxt sabit qalmır. Yanğında xeyli tikinti materialı yandı. İndi Dərnəgül bazarından bizə mal gəlir. Orda da yanğın baş verəndən sonra vəziyyət pisləşib». Onun sözlərinə görə, 1 kubmetri 170 manata alınan taxtanı müştəri hazırda 190 manata əldə edə bilər. Qiymətin bahalaşmasında məhz Dərnəgül bazarındakı yanğının rolu var. Adıçəkilən bazardan taxta materiallarının «8-ci kilometr»ə gətirilməsində daşınma xərclərinin olması bahalaşmaya səbəb olub.

«Azadlıq»: «Ruslan Bəşirlinin həbs olunmasının 4 ili tamam oldu. Nə qədər adam bu tarixi xatırladı? Ən əsası, nə qədər adam Ruslanı xatırlayarkən onun həbsinin əsl səbəbini bilir? Dövlət səviyyəsində telekanallardan beyinlərə soxuşdurulan Ruslan xofu inanmıram ki, yerli-dibli silinib gedib». Natiq Güləhmədoğlu «Ruslan Bəşirli haqda…» yazısında belə iddia edir.

«Axı günü bu gün də internetdə, çayxanada, kafedə Ruslanın Qarabağı erməniyə satmağa hazırlaşdığı haqda çərənləyənlər var. Hətta utanıb qızarmadan bu yöndə adama sual da verirlər, məktub da yazırlar… Adamı etmədiyi işə görə söymək, döymək, sorğulamaq bizdən çoxdan adət halını alıb. Amma hətta Məktəbli Kitabçasında əks olunan, Heydər Əliyevin hakimiyyəti dövründə erməni əsarətinə keçən rayonlar haqda sual verməyə, danışmağa cəsarəti çatanlar azdır.
Ruslan hadisəsi nə idi? Bu daha o vaxta qayıdıb, qısa şəkildə demək olar: Bu hakimiyyətin bir gəncin xırda səhvindən yararlanıb ona, ailəsinə qarşı apardığı repressiya!»

«Yeni Müsavat»: İran və Rusiya Xəzərdə birgə hərbi təlim keçirdilər. Qonşularımızın bu cür əzələ nümayiş etdirməsi ABŞ-a qarşı bir şou olsa da, hər şeydən əvvəl digər Xəzər ölkələrinə, ilk olaraq da Azərbaycana qarşı yönəlib. Başqa sözlə, onlar Azərbaycanın Qərbə təmayülünü hədələyirlər. Xəzər ölkələri arasında müstəqil xarici siyasət yürütmək və Qərbə inteqrasiyaya üstünlük verməklə bağlı ən güclü tələblər Azərbaycan cəmiyyətindədir. Hazırkı Azərbaycan hakimiyyəti xarici siyasətdə xalqın, cəmiyyətin özündən Avropa və Qərb təmayülü çox güclüdür. Ölkənin taleyini Rusiya və İranla bağlamaq istəyənlər tapılır, lakin böyük əksəriyyət bunu milli faciə kimi qəbul edir, bunda heç bir yaxşı perspektiv görmür». Shahvələd Çobanoğlu «Rusiya və İranın hədələrindən qorxmalıyıqmı?» sərlövhəli köşə məqaləsində belə yazır.

«Bu günün Azərbaycanını hədələmək narahat qoşunlarımıza lazım deyil, bu günün Azərbaycanı Rusiyaya da, İrana da sərf edir. Çünki qoşunlarımız ölkəmizin üzünü Qərbə tutacağından hər zaman qorxu keçirirlər. Onlar Azərbaycanın sabah özünü başqa cür aparacağından narahatdırlar. Deyirlər ki, ora üz tutsan, bizi qarşında görəcəksən…»

«Üç nöqtə»: «Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Əli Məsimlinin sözlərinə görə, Azərbaycanda vergi borcları əsasən inhisarçı və ya iri vergi ödəyicisi hesab olunan dövlət müəssisələrinin borclarından yaranır: «Rəqəmlərin müqayisəsindən də görünür ki, özəl sektorun borcu iri dövlət müəssisələrinin borcunu ötüb keçir. Ona görə də məsələyə birtərəfli yanaşmaq düzgün olmaz. İri vergi ödəyicilərinin borcları ciddi araşdırılmalıdır. İndi borclar 4 milyard manatdan çoxdur».

«Səs»: «Bu bir həqiqətdir ki, Sovet İttifaqında, o cümlədən Azərbaycanda 1991-ci ilin mart ayında Sovet İttifaqının saxlanmasına dair keçirilmiş referendum Naxçıvanda keçirilmədi. Naxçıvan o vaxt da öz qətiyyətini göstərdi. O vaxt da Heydər Əliyevin rəhbərliyi altında naxçıvanlılar öz milli xüsusiyyətlərini ortaya qoydular». Bu sözləri muxtar respublikaya səfərində prezident İlham Əliyev deyib.

Dövlət qəzetləri prezidentin səfərinə geniş yer ayırıblar.
«…Mən hər il Naxçıvanda oluram və hər dəfə Naxçıvanda gördüyüm dəyişikliklər məni ürəkdən sevindirir, çox sevindirir. Naxçıvan ən müasir şəhərə çevrilibdir. Naxçıvan Muxtar Respublikasında ən müasir infrastruktur yaradılır, sosial obyektlərin tikintisi geniş vüsət alıbdır. Məktəblər, xəstəxanalar tikilir. Naxçıvanda sənaye obyektlərinin tikintisi uğurla gedir və artıq muxtar respublikanın çox önəmli ixrac potensialı yaradılır...»- deyə, prezident bildirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG