Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:48

Gənclər terrorda ittiham olunur


Avstraliya polisi 4 nəfəri terror aktı hazırlamaq ittihamıyla həbs edib
Avstraliya polisi 4 nəfəri terror aktı hazırlamaq ittihamıyla həbs edib
Avstraliya polisi 4 nəfəri terror aktı hazırlamaq ittihamıyla həbs edib. Həbs olunanlar 20 yaşlarındakı 4 gəncdir. Polis onların Holvorsi bazasına avtomat silahlarla hücum planladığını iddia edir. 7 aydır izlənən bu gənclər barədə bildirilir ki, onlar bazaya daxil olub özləri öldürülənədək mümkün qədər çox Avstraliya əsgərini öldürməyə hazırlaşırlarmış.

POLİS TƏBRİK ALDI

Həbs olunanlar Avstraliya vətəndaşlarıdır, ancaq Somali və Liman əsillidirlər. Onların Somalidəki əl-Şahab terror təşkilatıyla bağlı olduğu, Somalidəki düşərgələrdə hazırlıq keçdiyi aşkarlanıb. Əl-Şahab qrupunun isə Əl-Qaidəylə əlaqəli olduğu güman edilir.

Avstraliyanın baş naziri Kevin Rudd terror planının üstünü açan federal polis və kəşfiyyat agentliyini işinə görə dərhal tərifləyib.

«Mən bu qurumları bu səhər gerçəkləşdirilən həbslərə və birgə işlərinə görə təbrik eləməliyəm. Avstraliya hökumətinin daha öncə də vurğuladığı kimi, istər öz ölkəmizdə, istərsə də bütün dünyada terror təhlükəsi daim var».

400-ə yaxın polis bu səhər Avstraliyanın ikinci iri şəhəri olan Melburnda 19 yerdə axtarış aparıb, 4 nəfəri həbs edib. Həbslərin sayının artacağı da istisna edilmir.

MOTİVLƏR BƏLLİ DEYİL

Hələ ki, terrorçuların motivləri haqda heç nə deyilmir. Ancaq Avstraliya ordusu həm İraq, həm də Əfqanıstandakı əməliyyatlarda iştirak etdiyindən islamçı yaraqlıların hədəfində olduğu güman edilir. Son 7 ildə İndoneziyadakı terror hücumlarında 90-dan çox avstraliyalı həlak olub.

Federal polisin rəisi Toni Nequs jurnalistlərə deyib ki, həbs olunanlardan azı birinin Somaliyə gedib, əl-Şahabın düşərgəsində xüsusi hazırlıq keçdiyi və orda bu terror aktı üçün fitva aldığı məlumdur.

Bugünkü həbslər Avstraliyada gedən terror şəbəkəsinin məhkəmə prosesi ilə də eyni vaxta təsadüf edib. Hazırda sonradan müsəlmançılığı qəbul edən Şeyn Kentin başçılıq etdiyi 8 nəfərlik dəstənin məhkəməsi gedir. Onlar 2005-ci ildə Melburnda, Avstraliya Futbol Liqasının final oyununda 92 min nəfərin olduğu stadionu partlatmağa hazırlaşmaqda ittiham edilirlər.

Baş nazir Kevin Rudd deyib ki, ölkədə terror şəbəkələri təhlükəsiylə daha tez-tez üzləşmələrinə baxmayaraq, terrora qarşı ümummilli həyəcan səviyyəsini qaldırmağa hələ ehtiyac görmür.

«Mənə məsləhət gördülər ki, bugünkü olaylarla bağlı terrorla mübarizə səviyyəsini 2001-ci ilin 11 sentyabrından bəri qoyulan orta səviyyədən yuxarı qaldırmağa ehtiyac yoxdur».

Avstraliyaya qədər əlləri uzanan əl-Şahab hərəkatı Somalidə ölkənin cənub və mərkəzi hissələrinə nəzarət edir. Muxtar Əli Robounun liderliyində yaraqlılar uzun illərdir Somali və Efiopiya hökumətinə qarşı islam dövləti yaratmaq üçün mübarizə aparırlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG