Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:31

Yaqub Zurufçu ikili vətəndaşlığını saxlamaq istəyir


Yaqub Zurufçu
ABŞ-da yaşayan müğənni Yaqub Zurufçu artıq Azərbaycan vətəndaşlığı aldı. «Ayrılıq» mahnısıyla hələ 1990-cı illərdə Azərbaycanda məşhurlaşan Yaqub Zurufçu uzun illərin arzusuna nəhayət ki, qovuşub.

- Yaqub bəy, sizi təbrik eləyirik. Yəqin ki, çox sevinirsiniz.

- Mən Azərbaycana, onun mədəniyyətinə, musiqisinə çox bağlıyam. Yeddi yaşımdan xanəndəlik eləyirəm. Çox istəyirdim ki, bu ölkənin vətəndaşı olum, mədəni həyatında yaxından iştirak eləyim. Xaricdə yaşaya-yaşaya bunu eləmək çətindir. Elə bilirəm, mənim də Azərbaycan mədəniyyətinin inkişafına dırnağın ucu qədər də olsa, köməyim dəyə bilər.

- Artıq Azərbaycan vətəndaşlığını təsdiqləyən sənədi almısınız?

- Hələ yox. Cənab İlham Əliyev vətəndaşlığımla bağlı sərəncamı yeni verib. Miqrasiya idarəsindən də mənə zəng vurub təbrik elədilər. Yəqin ki, vəsiqəni də alacağım. Mühüm odur ki, cənab prezidentin diqqətində olmuşam.

- Vətəndaşlıq almaq üçün nə vaxtdan müraciət etmişdiniz?

- 1999-cu ildə mərhum prezident Heydər Əliyevlə görüşəndə bunu ondan xahiş elədim. O zaman tapşırıqlar verdilər, amma təəssüflər ki, yuxarıda oturan bəzi məmurlar məni çağırmadılar, bu işi həll eləmədilər. Mən də istəmədim ki, hər dəqiqədəndir gedib-gələm. Bir də ötən il Prezident Aparatına getdim, ərizə yazdım.

- Ailənizdəmi Azərbaycana köçür?

- Yox, onlar istədilər, amma burda yaşaya bilmədilər. Azərbaycan cəlb etmədi onları, geri qayıtdılar. Uşaqlar böyüyüb, Amerika universitetə gedirlər. İldə bir-iki dəfə mən gedirəm ora, ya xanımım gəlir Bakıya.

- Yaqub bəy, Azərbaycan qanunvericiliyinə görə, ölkə vətəndaşı başqa ölkənin vətəndaşı ola bilməz. Sizin ABŞ vətəndaşlığınıza xitam veriləcəkmi?

- Fikirləşirəm ki, mənə veriləcək vətəndaşlıq məxsusi olacaq. Məsələn, pianoçu Çingiz Sadıqov həm ABŞ vətəndaşıdır, həm də Azərbaycan. Yəni məşhur adamlara məxsus olaraq verilir. Amerikada da belə bir qayda var. Fikirləşirəm ki, Azərbaycan qanunlarında da belə bir qayda var. Məşhur bir musiqiçi kimi fikirləşirəm, mənə də bu qayda tətbiq olunar.

- Yəqin artıq ölkənin şou-aləminə də yaxından qatılarsız…

- Mən heç vaxt Azərbaycanın şou-aləminə qatılmamışam, qatılmayacağam da. Çünki mən şou musiqisini sevmirəm. Doğrudan da, Azərbaycan şou-musiqisi çox geridə qalmış hallara malikdir. Heç arzulamazdım ki, bu aləmə qoşulum.

- Bəs Azərbaycanda hansı işlə məşğul olacaqsız?

- Yalnız xanəndəliklə!

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG