Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:04

Sürətli və gözəgörünməz ipoteka?


Bakı mənzərəsi, 4 avqust 2009
Bakı mənzərəsi, 4 avqust 2009
«Mən kredit almaq üçün banka müraciət elədim, dedilər ki, daha vermirik….»

İpoteka krediti ilə ev almaq istəyən Teymur Əliyevə müraciət etdiyi bankda deyiblər ki, limit dolduğundan ona ipoteka krediti ilə ev almaq üçün pul ayıra bilməzlər.

BANKLAR NİYƏ PUL AYIRMIR?

İpoteka Fondunun vəsaitləri hesabına ipoteka kreditləşməsini həyata keçirən müvəkkil bankların çoxundan bunu eşitmək olar. Səbəb odur ki, ipoteka krediti üçün ayrılan vəsait xərclənib qurtarıb. “Bank Standart”dan dedilər ki, sənəd qəbul edirik, ancaq limit dolduğundan pulun nə vaxt ayrılacağı demək sual altındadır. «Kapitalbank»dan isə bildirdilər ki, daha ipoteka krediti üçün pul verilmir.

İpoteka Fondunun rəsmi məlumatına görə, fond iyun-iyul aylarında 17 milyon manatlıq kredit verib. İqtisadçılar deyirlər ki, bankların vəsait ayırmamağı başadüşüləndir, çünki vəsait çox az olduğu üçün qurtarıb. İqtisadçı Vüqar Bayramov deyir ki, belə getsə, ümumiyyətlə kreditlərin verilməsi yaxın bir-iki ayda dayanacaq:

«Bankların son məlumatına görə, onlar artıq ərizələri qəbul etmirlər, çünki vəsaitləri qurtarıb. Doğrudan da bankların vəsaiti yoxdur. Bu reallıqdır. İpoteka Fondunun verdiyi vəsait bitib. Əgər bu gün adi ipoteka kreditlərinin verilməsi üçün 55 milyon manat nəzərdə tutulubsa, artıq 51 milyon manata sifariş verilibsə, təbii ki, davamı mümkün deyil. Ən ciddi problem isə odur ki, İpoteka Fondu köhnə qaydalarla işləyir. Belə vəziyyətdə ən gec kreditlərin verilməsi oktyabrda rəsmən dayanacaq».

Vüqar Bayramov deyir ki, ipoteka kreditlərinin verilməsinin uzunmüddətli olması üçün aylıq limitlərin müəyyənləşməsinə, əlavə maliyyə vəsaitlərinin cəlb olunmasına, istiqrazların aşağı faizlə satılmasına ehtiyac var.

İqtisadçı Anar Xanbəyli də deyir ki, ipoteka kreditlərinin verilməsi üçün ayrılan məbləğ çox olmalıdır:

«İki il əvvəlki ipotekadan fərqli olaraq təmin olunan müraciətlərin sayı indi çox azdır. Çünki ilk təcrübədən fərqli olaraq büdcə, yəni dövlət özü birbaşa bu kreditləri maliyyələşdirmir. Burda İpoteka Fondunun istiqrazlarının yerləşdirilməsi hesabına əldə olunan vəsaitlər ipoteka kreditlərinin yenidən maliyyələşməsinə yönəldilir».

«KÖHNƏ BİNALARLA TƏZƏLƏR ARASINDA FƏRQ QOYURLAR»

Müraciətlərin az olmasına gəldikdə, iqtisadçılar şərtlərin də sərfəli olmadığını deyirlər. İpoteka üçün müraciət edən vətəndaşlar da ilkin məbləğin çox olmasını səbəb kimi göstərirlər. Bakı sakini Samir İsmayılov deyir ki, iyun ayında o da ilk müraciət edənlərdən olub. Ancaq şərtlər onu qane etməyib:

«Mən şərti qəbul eləmədim. Çünki köhnə binalarla təzə binalar arasında fərq qoyurlar. Fərq odur ki, təzə binadan mənzil alırsansa, 15 faiz ödəyirsən, köhnə binadan alırsansa, 35 faiz . Təzə binalardan alanda müəyyən problemlər yaranır. Çünki təzə binaların əmlak şəhadətnaməsi olmadığından başqa bir ev tapıb girov qoymalısan, özünü qoya bilməzsən. Mənimsə buna imkanım yoxdur. Köhnə evlərdən almağıma isə ilkin ödənişin 35 faiz olması almağıma imkan vermədi».

Azərbaycan İpoteka Fondundan deyirlər ki, kreditlərin verilməsi dayandırılmayıb. Fondun mətbuat xidmətinin rəhbəri Samirə Nəsibova:

«Heç bir fasilə yaranmayıb. Kreditlər verilir. İpoteka Fondunun adından deyə bilərəm ki, bizdə yenidən maliyyələşmə davamlıdır».

İpoteka Fondundan verilən məlumata görə, iki ay ərzində müvəkkil kredit təşkilatları adi ipoteka krediti almaq üçün 1200-dən artıq, güzəştli ipoteka krediti almaq üçün isə 150-yə yaxın vətəndaşın ərizələrini qəbul edib. Bu müraciətlərlə bağlı kredit məbləğlərinin ümumi həcmi 51mln. manatdan çoxdur.

İki ayda 400-dən çox adama ipoteka krediti verilib. Verilmiş kreditlərin ümumi həcmi 17 mln. manatdan artıq olub. Yalnız iyul ayı ərzində verilmiş ipoteka kreditlərinin həcmi 16 mln. manatı keçib.
XS
SM
MD
LG