Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:10

Kimlər şəhiddir?


Şəhidlər Xiyabanı

Bundan sonra yalnız döyüş əməliyyatları zamanı deyil, hərbi xarakterli döyüş tapşırıqlarını yerinə yetirən şəxslər də şəhid adını ala bilər. İyulun sonlarında Nazirlər Kabinetinin müəyyənləşdirdiyi yeni qaydalara görə, Azərbaycan Respublikasının azadlığı, suverenliyi, ərazi bütövlüyü ilə bağlı ölkə qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o sıradan atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə, daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırıqlarının və döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifələrin icrası zamanı həlak olmuş, itkin düşmüş, məhkəmənin hökmü ilə ölmüş hesab edilən şəxslərə şəhid statusu verilir.

Bunun üçün vəfat etmiş hərbi qulluqçuların ailələri, yaxınları Müdafiə Nazirliyinə müraciət etməlidir. Hərbi ekspert Cəsur Sümərinli hesab edir ki, sərəncamda olduqca anlaşılmaz, hətta təəccüb doğuran məqamlar var:

TƏŞƏBBÜS KİMDƏN GƏLSİN – DÖVLƏTDƏN, YOXSA QONŞUDAN?


«Təəccüb doğuran məqam odur ki, əgər hansısa şəhidin qohum-əqrəbası yoxdursa, ona görə qonşusu müraciət edə bilər. Bunu niyə Müdafiə Nazirliyi özü eləməsin ki? Bütün statistika Müdafiə Nazirliyindədir. Ən ədalətlisi Türkiyə təcrübəsini elə olduğu kimi təkrarlamaq olardı. Türkiyədə hərbi xidmət zamanı istənilən səbəbdən dünyasını dəyişən insana şəhid statusu verilir. Azərbaycanda isə bu məsələdə yetərincə qaranlıq məqamlar qalmaqdadır. Tutaq ki, bir əsgər yoldaşı ilə mübahisə zamanı öldürülüb. O şəhid sayılacaq, yoxsa yox? Sərəncam bu məsələlərə aydınlıq gətirmir».

C. Sümərinli deyir ki, Müdafiə və Təhlükəsizlik Sektoruna İctimai Nəzarət Koalisiyasının apardığı hesablamalara görə, son 6 ildə Silahlı Qüvvələrdə təxminən 400 hərbi qulluqçu dünyasını dəyişib. Onların 200-ü birbaşa döyüş əməliyyatları zamanı, 200-ə yaxını isə döyüş tapşırıqlarını yerinə yetirərkən həlak olub. Yeni qaydalar isə konkret olaraq demir ki, bu şəxslərin hamısına, yoxsa yalnız hərbi əməliyyatlar zamanı həlak olanlara şəhid statusu veriləcək.

KOMANDİR SƏHLƏNKARLIĞINA GÖRƏ HƏLAK OLANLAR ŞƏHİDDİR?


Ehtiyatda olan polkovnik-leytenant İldırım Məmmədov isə düşünür ki, torpaqları işğal altında olan bir dövlət ölkənin ərazi bütövlüyü üçün canından keçən hər bir şəxsə ən yüksək dövlət qayğısı göstərməyə hazır olmalıdır. Ən azı digər vətəndaşları bu işə həvəsləndirmək üçün:

«Amerika ordusunda xidmət keçən şəxslərin əmək haqlarına daimi risk altında olduqlarına görə xüsusi əlavələr edilir. Azərbaycan qanunvericiliyində isə hərbçilərin həyatlarını riskə qoymalarının qarşılığı barədə heç bir göstəriş, bənd yoxdur. Təbii, şəhid deyəndə biz Vətən torpaqlarının bütövlüyü uğrunda canından keçən insanları nəzərdə tuturuq. Ancaq sərəncamda göstərilmir ki, əsgər minaya düşəndə, ya da komandirin səhlənkarlığı nəticəsində həlak olanda şəhid sayılacaq, ya yox. Bu məsələlərin hamısının qanuni izahı olmalıdır. Bu, müharibə aparan ölkəyə yaraşmayan məqamlardır. Ancaq əgər hökumət torpaqların işğaldan azad edilməsi üçün vətəndaşların can yandırmasını istəyirsə, bu məsələləri ciddi şəkildə tənzimləməlidir».

STATUSU KİM VERƏCƏK?

Bir sıra informasiya kanallarında Müdafiə Nazirliyində atəşkəs dövründə şəhid olanların dəqiq statistikasının aparılmamağı haqda xəbərlər yayılıb. Nazirliyin Mətbuat Xidmətinin əməkdaşı Teymur Abdullayev isə «Azadlıq» radiosuna bildirir ki, onlarda hərbi xidmət zamanı həlak olan şəxslərlə bağlı bütün informasiyalar var. Bu şəxslərdən şəhid statusu almayanların bu ada layiq görülmələri üçün təşəbbüs isə ilk sırada onların ailələrindən gəlməlidir:

«Döyüş tapşırıqlarını yerinə yetirərkən qəzalı vəziyyətlərdə və bu kimi hallarda həlak olan vətəndaşların ailəsi və yaxınları həmin şəxsə şəhidlik statusunun verilməsi üçün Müdafiə Nazirliyinə müraciət etməlidir. MN-də yaradılan xüsusi komissiya müraciətlərə baxacaq, uyğun bilindiyi halda bu şəxsə şəhid statusunun verilməsi haqqında vəsatət qaldıracaq».

Söhbət etdiyimiz ekspertlər düşünür ki, qaydaların yenidən təkmilləşdirilməsinə ehtiyac var. Onlar hesab edir ki, dövlətin ərazi bütövlüyü uğrunda həlak olanların ölümlərindən sonra mükafatlandırılması təşəbbüsünü ailələri, qonşuları deyil, dövlət üzərinə götürməlidir.
XS
SM
MD
LG