Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:00

Mal oğrularını kim tapacaq?


Astaranın Şahağacı kənd sakinləri deyirlər ki, təkcə onların kəndindən 100 başdan çox mal-qara oğurlanıb
Astaranın Şahağacı kənd sakinləri deyirlər ki, təkcə onların kəndindən 100 başdan çox mal-qara oğurlanıb
«Azərbaycanda tanınmış şəxslər qətlə yetirilir, bu yaxınlarda bir generalı da öldürdülər, bu cinayətlərin üstü indiyə kimi açılmayıb. Başa düşürük, sifarişli qətl hadisəsinin üstünü açmaq çətindir. Bəs mal oğurluğuna nə gəlib? Bunlar heç mal oğurluğun üstünü də aça bilmirlər. Təkcə bizim kəndən 100 başdan çox iribuynuzlu mal-qara oğurlanıb».

Bunları «Azadlıq» radiosuna Astara rayon Şahağacı kənd sakini, 71 yaşlı Hidayət Mirzəyev söyləyib. O deyir ki, kənd sakinlərinin əsas gəlir mənbəyi mal-qaradır, mal-qarasız adamlar ac qala bilər.

«ON İLDİR KƏND SAKİNLƏRİN İNƏKLƏRİ OĞURLANIR»

«Bizi bu sonuncu çörəkdən də məhrum etmək istəyirlər. On ildir ki, kənd sakinlərin inəkləri oğurlanır. Təkcə məndən 4 baş inək oğurlayıblar»-, deyir Hidayət kişi.

Onun sözlərinə görə, 2005-ci ildə inəyi oğurlandıqdan sonra şikayət etməyə başlayıb. Hidayət Mirzəyev məsələ ilə bağlı təkcə ölkə prezidentinə 150 ərizə və 40 teleqram vurduğunu deyir. Baş prokurora isə, dediyinə görə, 80-90 ərizə, 40-dan çox teleqram göndərib. Amma nəticə gözlədiyindən tam fərqli olub:

«Etdiyim şikayətlərin əvəzini məndən aldılar. Həyətimdən gecə vaxtı bir inəyimi də apardılar».

«OĞRULAR POLİSDƏN DƏSTƏK ALIRMIŞ»

Kəndin digər sakini Bəşir Həsənoğlunun sözlərinə görə, onun da 3 baş malı oğurlanıb. O da polisə müraciət edib. Dediyinə görə, şikayət etdiyi üçün onu hədələyiblər. Bəşir Həsənoğlu deyir ki, onun bir inəyini də bu yaxınlarda tövlədən aparıblar. Amma kəndli ümidini itirmir.

«Rayon polis şöbəsinin rəisini dəyişiblər .Yeni rəis gələndən sonra bir çox oğurluq hadisələrin üstü açılıb», deyən Bəşir Həsənoğlu güman edir ki, əvvəllər oğrular polisdən dəstək alırmış.

«NARKOMANLAR İNƏK OĞURLAMAĞA BAŞLADILAR»

Mal-qara oğurluğu kəndin yeganə problemi deyil. Bu kənddə narkomaniyanın xüsusilə geniş yayıldığı deyilir. Astara rayon Şahağacı bələdiyyəsinin sədri Seyran Mirzəyev elə oğurluq hallarını da kənddə narkomaniyanın yayılması ilə əlaqələndirir.

«Əvvəllər kəndin narkomanları dəniz sahilindən qum daşıyıb satırdılar. Qumun daşınmasını qadağan etdilər. Buna görə də narkomanlar inək oğurlamağa başladılar. Yenidən qumun üzərindən nəzarəti götürüblər. İndi narkomanlar qum satmaqla məşğuldurlar. Rayonda polis rəisi də dəyişdirilib. Nəticədə inək oğurluğu azalıb. Son ayda demək olar ki, inək oğurlanmayıb».

Astara rayon polis idarəsində «Azadlıq» radiosuna bildiriblər ki, «Şahağacı kəndində inəklərin oğurlanması, əsasən, 2005-2006-cı illərdə baş verib. Son aylarda isə həmin kənddə inək oğurluğu baş verməyib. Oğurluq halları azalmağa doğru gedir ki, bu da görülən tədbirlərin nəticəsidir». O ki qaldı inək oğrularının cəzasız qalması barədə kənd əhlinin iradlarına, polisdə bu fikri tam qəbul etmirlər. Polis idarəsindən dedilər ki, «inək oğurluğu üstündə həbs edilənlər də olub, amma başa çatdırılmamış işlər də var».

Şahağacı kəndi Xəzər dənizin sahilində, Astara şəhərindən 18 kilometr uzaqda yerləşir .Əhalisi beş min nəfərə yaxındır. Bələdiyyə sədri Seyran Mirzəyevin dediyinə görə kəndin 2000 başdan çox mal-qarası var. Təbii qazın olmadığı, nəqliyyatın müntəzəm işləmədiyi bu kənddə mal-qara həm də yanacaq mənbəyi və nəqliyyat vasitəsidir.
XS
SM
MD
LG