Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:55

Vətənə getməyim gəlir…


Tapdıq Məmmədov
Tapdıq Məmmədov
Üç il əvvəl Rusiyadan Azərbaycana deportasiya olunan Tapdıq Abbas oğlu Məmmədov elə o vaxtdan doğma evlərinə, Naxçıvanın Babək rayonunun Cəhri kəndinə gedib çıxa bilmir. Rusiyada bütün sənədlərini itirən Tapdıq elə sənədsiz də bu ölkədən çıxarılıb. 2006-cı ildən Bakının Keşlə qəsəbəsində dəmir yolunun yaxınlığında bir köşkdə gecələyir:

«45 yaşım var. 2006-cı ildən gəlmişəm Bakıya üç ildir Naxçıvana gedə bilmirəm, qalmışam küçələrdə. Gecələr hara münasibdir orda yatıram, daldalanacağa çəkilirəm ki, məni heç kim görməsin. 1986-cı ildə Tatarıstana oxumağa getdim qəbul ola bilmədim, amma qaldım işlədim».

Bakıya gələndən sonra bir müddət tikintidə çalışıb, amma sonradan ciyərlərindəki problemlə bağlı əməliyyat olunub və elə o vaxtdan da iş qabiliyyətini itirib. İndi qəsəbə sakinlərinin verdiyi pul və yeməklə dolanır.

GÜNDƏLİK ONA VERİLƏN 20-30 QƏPİKLƏ DOLANIR

«Burdakı adamlar gündə mənə 20-30 qəpik pul verilər. Gündəlik hardasa bir manata qədər pul toplayıram. Mən həmin pulla dolanıram. Bu adamlara mənə əl turular».
Onun dediyinə görə, düz üç ildir ki, rəsmi qurumlara müraciət edib Naxçıvana, doğma evlərinə göndərilməsini istəyir. Naxçıvan Muxtar Respublikasının Bakıdakı nümayəndəliyinə etdiyi müraciətlər də müsbət nəticə verməyib. Hər dəfə evlərinə getmək istəyəndə, onu ruhi xəstə hesab edib Maştağadakı Respublika Psixiatriya xəstəxanasına göndəriblər. Hər dəfə də onun sağam və anlaqlı bir adam olduğu üzə çıxdığından xəstəxanada saxlamayıblar.

Tapdıq Məmmədov hər gün burda gecələyir. Bura onun yeganə sığınacaq yeridir.
Dediyinə görə, Naxçıvan nümayəndəliyində ondan doğulduğu kənddən arayış gətirməsini istəyirlər: «Halbuki, 1986-cı ildən Azərbaycandan çıxmışam, yiyəsiz qalan ata mülkümə indi qohumlarım sahib çıxıb, elə bu səbəbdən də heç onlar da mənim kəndə qayıtmağımda maraqlı deyillər».

YA QOCALAR EVİ, YA DA…

Kimsəsiz qaldığından Tapdıq Məmmədov istəyir ki, heç olmasa onu qocalar evinə götürsünlər, qış-yay küçələrdə tüfeyli həyat sürməkdən canı qurtarsın. Ya da göndərsinlər Naxçıvana. Heç olmasa küçələrdə yox, gedib doğulduğu kənddə ölər.

«Mən ata-ana üzü görməmişəm, mən uşaqikən onlar rəhmətə gediblər, məni dayım saxlayıb o da dünyasını dəyişib. İndi qalmışam tək-tənha küçələrdə. Budur mənim həyatım».

«SAKİT, FAĞIR BIR ADAMDIR»

Keşlə sakini Qüdrət Əzimov: «2006-cı ildən burdadır, əvvəllər işləyirdi, özü-özünü dolandırırdı. Sonra səhhətində problemlər yarandı indi işləmir elə camaat dolandırır. Gecələr buralarda yatır. Çöldə yatdığına görə, bir iki dəfə xəstələnib təcili yardım çağırmışıq, gəlib aparıblar. Amma müalicə əvəzinə aparıblar ruhi xəstəxanaya iki-üç gündən sonra da buraxıblar.

Səfər Kərimov-taksi sürücüsü: «Soyuq qış aylarında bax bu köşkdə yatır. Gündüz həmin köşkdə bir nəfər alver edir, gecələr də o qalır. İçki içən, oğurluq edən adam deyil. Sakitdir, heç kimə də problem yaratmır. Sadəcə xəstəlik, çöldə yatmaq onu əldən salıb. Kənardan tanımayan adam baxanda elə hesab edir ki, o içki düşkünüdür və ya kimdisə pis adamdır…»

Tapdıq Məmmədovun gecələdiyi yer isə sadəcə kiçik, ətrafına polietilen çəkilmiş bir balaca köşkdür.

Məsələyə Bakıdakı Naxçıvan nümayəndəliyindən har hansı münasibət ala bilmədik. Amma «Ümid» Humanitar və Sosial Dayaq Mərkəzi həmin şəxsə kömək eləməyə hazır olduqlarını bildirir. Mərkəzin rəhbəri İsrail İsgəndərov deyir ki, əgər həmin şəxs doğurdan da dediyi kimi Babək rayonunun Cəhri kəndində doğulubsa onlar çalışacaqlar həmin kənddən bunu təsdiq edən arayışı gətirsinlər.

Qaldıkı onun Naxçıvana göndərilməsi və ona maddi yardım olunmasına mərkəz rəhbəri deyir ki, öz şəxsi vəsaitlərindən az da olsa ona yardım edə bilər. Amma onu muxtar respublikaya göndərmək rəsmi qurumların işidir.
Məsələnin zəllini izləyəcəyik.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG