Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:07

Senzuradan senzuraya


Azərbaycanın ilk filmlərindən olan «Sevil» filmindən bir kadr. 1929-cu il
Azərbaycanın ilk filmlərindən olan «Sevil» filmindən bir kadr. 1929-cu il
111 yaşlı Azərbaycan kinosu hələ də dövlət maliyyəsinin ümidinə yaşayır. Ekspertlər deyir ki, özəl maliyyə qaynaqları ilə hələ elə bir ciddi layihə həyata keçirilməyib ki, onun haqqında danışmaq mümkün olsun.

Amma dövlətin maliyyə yardımının arxasında hökumətin senzoru dayanırsa, onda necə? Azərbaycan kinosunda senzura qalmaqalı kinorejissor Ayaz Salayevin «Ehram TV», rejissor Çingiz Rəsulzadənin «Kuklalar» filminə müdaxilələrlə yenidən gündəmə gəldi. Doğrudur, Mədəniyyət və Turizm Nazirliyi senzura ilə bağlı iddiaları qəbul etmir. Amma tamaşaçılar hər iki filmin yekun variantını gözləməkdədirlər.

Bəs kino xadimlərinin özünün senzuraya münasibəti necədir? Bəri başdan deyək ki, müstəqil Azərbaycanın 111 yaşlı kinosunun tanınmış simaları arasında senzuranın «ağına da, qarasına da lənət» oxuyan çox az oldu…
«Neft və milyonlar səltənəti» filmindən bir kadr. 1916-cı il


«HƏLƏ Kİ, EHTİYAC YOXDUR»
Kinorejissor, xalq artisti Oqtay Mirqasımov: «Bu heç də birmənalı məsələ deyil. Bir tərəfdən demokratik cəmiyyətdə senzura sevilən məfhum, sevilən institut deyil. Səbəbləri də aydındır. Bolşevizm dövrünə təsadüf edən həyat təcrübəmiz çox şeyi göstərib, biz çox pis senzura görmüşük, sərt çərçivədə fəaliyyət göstərmişik. Digər tərəfdən şəxsən mənim fikrimcə, əxlaq normaları yer kürəsinə, dünyaya, bəşəriyyətə qayıtmalıdır. Qayıtmasa bu, çox pis nəticələrə gətirib çıxara bilər. Hansısa sənətkarın, ziyalının, maariflənmiş bir insanın daxilində əxlaq senzurası varsa, onun kənardan senzuraya ehtiyacı yoxdur. Əxlaqdan uzaqlaşmış insanın yaradıcılığında mülayim formada da olsa senzura tətbiq olunmalıdır. Hələ ki, Azərbaycan kinosunda bu cür senzuraya ehtiyac yoxdur».

Xalq artisti, aktyor Rasim Balayev: «Təbii ki dövlətin əleyhinə olan, onun mənafeyinə zidd ssenarilər senzura oluna bilər. Amma bunun da bir həddi var, rejissorun əl-qolu bağlanmamalıdır. Həqiqət deyilməlidir».

HƏMİŞƏ OLUB, İNDİ DƏ VAR
Xalq artisti, aktrisa Həmidə Ömərova: «Kinoda həmişə senzura olub, bu gün də var. Senzura kinonun inkişafına mane olur. Bəzən ən dəyərli səhnələr kəsilib atılır. Əlbəttə ki, senzuraya sadəcə bir çərçivədən baxmaq da düzgün deyil. Təbii ki, elə epizodlar ola bilər ki, onların təkrar çəkilişə ehtiyacı olsun. Yalnız Azərbaycanın maraqlarına zidd olan, dövlətin bütövlüyünə xələl gətirən ssenariyə senzura qoyula bilər, amma senzura qərəzli olmamalıdır».

«KİNO DÖVLƏTİN TƏLƏBLƏRİNƏ CAVAB VERMƏLİDİR»
Xalq artisti, aktyor Fəxrəddin Manafov: «Burda senzuraya yanaşma rakusu önəmlidir. Əgər siyasi rakursdan yanaşırıqsa, təbii ki, dövlətin tələblərinə cavab verməlidir. O ki qaldı, bəzi filmlərdə açıq-saçıq səhnələrin kəsilib atılmasına, onda düşünməlidirlər ki, bu cür səhnələr rejissorun konsepsiyasına işləyir».

«DÖVLƏTİN MƏSƏLƏYƏ DƏXLİ YOXDUR»
Azərbaycanın ilk filmi «Balaxanıda neft fontanı»ndan bir kadr. 1898-ci il
Ssenari müəllifi, kino redaktoru Nadir Bədəlov: ««Senzura» sözü mənim, ümumiyyətlə, xoşuma gəlmir. Mən deyərdim ki, tamaşaçı ilə kino yaradıcısı arasında gözəgörünməyən müqavilə var. Kino nəzəriyyəsində buna konvensiya deyirlər. O konvensiyadan çıxış edəndə görmək olur ki, nə olar, nə olmaz. Bizdə hələ o konvensiya yaranmayıb.

Azərbaycan kinosunun bu konvensiyasını yaradandan sonra biz bu barədə danışa bilərik. Sovet dövründə belə bir konvensiya var idi, amma orda dövlət də iştirak edirdi. Amma mənə görə, dövlətin burda iştirakı olmamalıdır».

Avqustun 2-si Milli kino günü kimi qeyd olunur. 111 il əvvəl - 1898-ci il avqustun 2-də Bakıda yaşamış fransız rejissoru Mişon çəkdiyi «Balaxanıda neft fontanı» filmi ilə Azərbaycanda kino sənətinin əsasını qoyub. Kinoekspertlər hesab edirlər ki, məhz həmin ildən Azərbaycanın kino tarixi başlayır.

2001-ci il avqust ayının 2-də prezident Heydər Əliyevin qərarına əsasən «Azərbaycan kinosu günü» təsis olunub. Həmin vaxtdan başlayaraq, hər ilin avqustun 2-si milli kino günü kimi qeyd olunur. Ötən illər ərzində Azərbaycanda 320-dən çox bədii, 2 mindən çox sənədli və yüzdən artıq cizgi filmi çəkilib.
XS
SM
MD
LG