Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:51

Iranda "Xamənəyi qatildir!” şüarı səsləndi


Dünən Tehranda "Xamənəyi qatildir!” şüarları səslənib.

İyulun 30-da insanlar küçələrə çıxıb bu şüarları ona görə səsləndiriblər ki, polis dünən onların qəbiristanlığa gedib - seçkidən sonrakı iğtişaşlarda qətlə yetirilən silahdaşlarının qəbirlərini ziyarət etməsinə imkan verməyib. Dünən qətlə yetirilənlərin 40-ı idi.

Polis Tehranın Beheşt Zəhra qəbiristanlığında təşkil edilən anım mərasimini dağıdıb, minlərlə insanın seçkidən sonra qətlə yetirilən gənc qız Neda Ağa Soltan və başqalarının qəbirləri ətrafında toplaşıb mərasim keçirməsinə yol verməyib. Müxalifət anım mərasimi üçün Daxili İşlər Nazirliyinə müraciət etsə də, onlara rədd cavabı verilmişdi.

Hətta müxalifət lideri Mirhüseyn Musəvini də qəbiristanlığa gəlişindən bir neçə dəqiqə sonra ərazini tərk etməyə məcbur ediblər.

“FATEHƏ DEYİB DAĞLIŞIN!”

İnternetə yerləşdirilən bir videoda Nedanın qəbri ətrafına toplaşan bir neçə nəfərə - təhlükəsizlik orqanlarının bir əməkdaşı yaxınlaşır və onlara deyir ki, “Fatihə” oxuyub tez dağılışsınlar.

Bir qadın aksiyaçı həmin şəxsdən soruşur ki, polis ölülərdən də qotxur? Təhlükəsizlik orqanının işçisi onlara 5 dəqiqədən sonra dağılışmağı əmr edir, aksiyaçılar isə soruşur ki, əgər dağılışmasalar, nə olacaq?

Təhlükəsizlik orqanının əməkdaşı deyir ki, polis hamınızı qıracaq, sizi də Nedanın gününə salacaq.

Polis zorakılığı ilə üzləşən mərasim iştirakçıları seçki sonrası etirazlar zamanı çıxdıqları küçələrə axışıblar. Polis onları dağıtmaq üçün dəyənəklərdən və gözyaşardıcı qazdan istifadə edib.

İSLAMÇI REJİMƏ QARŞI ŞÜARLAR

Etirazçılar İranın islamçı rejiminə qarşı çıxan şüarlar səsləndiriblər – məsələn, “Müstəqillik, Azadlıq, İran Respublikası!” Bu 30 il qabaqkı İran İslam İnqilabının əsas şüarının bir qədər dəyişdirilmiş formasıdır. İnqilabın şüarı – “Müstəqillik, Azadlıq, İslam Respublikası!” idi. Etirazçılar – “İslam Respublikası” əvəzinə “İran Respublikası” ifadəsini işlədiblər.

İran polis qəbiristanlığa toplaşanları dağıda bilib. 30 iyul 2009

Polis bir neçə nəfəri həbs edib, amma etirazlar gecəyə qədər davam edib.

Tutulanlardan biri də məşhur iranlı kinorejissor Cəfər Pahani olub, amma onu bir neçə saat sonra sərbəst buraxıblar.

Polis gözyaşardıcı qazdan istifadə eydiyi vaxt etirazçılar da yollardakı zibil konteynerlərini yandırıblar.

Tehrandakı son aksiyada iştirak etmiş bir müxalifətçi Azadlıq Radiosunun İran xidmətinə deyib ki, insanların daha polisdən qorxmadığını müşahidə etmək olar.

"Polislər bir qızı döyürdülər, qalan etirazçılar onların üstünə cumdular və polislərdən ikisni yerə yıxdılar. Bu inanılmazdı, bunu görməyə dəyərdi. Axır vaxtlar mən birinci dəfə görürəm ki, camaat polisin üstünə hücum çəkir, polis də qaçır”.

MÜXALİFƏT NÖVBƏTİ ETİRAZ AKSİYASINA HAZIRLAŞIR

İran rəsmiləri deyir ki, iyunun 12-dən sonra baş verən toqquşmalarda 30 nəfər həlak olub, müstəqil müşahidəçilər isə ölənlərin əsl sayının daha çox olduğunu bildirirlər.

Dünən Amerika Dövlət Departamentinin sözçüsü İan Kelli İran xalqının haqlı tələblərini dəstəklədiklərini deyib və bildirib ki, onlar özlərinin dinc toplaşmaq və sərbəst şəkildə fikirlərini söyləmək azadlıqlarını həyata keçirməyə çalışırlar.

İranın İsfahan, Şiraz, Rəşt və Əhvaz şəhərlərində da anım mərasimlərinin keçirilməsi haqda xəbərlər yayılıb.

ITehrandakı son etirazlar 30 iyul 2009
Avqustin 1-də isə 20-ə qədər müxalifətçinin məhkəməsi olmalıdır. Onlara qarşı ağır ittihamlar, o cümlədən partlayıcı maddə saxlanması ittihamı irəli sürülüb.

Nüfuzlu ruhanilərdən biri – Ayətulla Makarem Şirazi isə iyulun 31-də deyib ki, ölkədə sabitliyi bərpa etməyin yeganə yolu – tutulanları azadlığa buraxmaqdır.

Müxalifət isə avqustun 5-də növbəti etiraz aksiyasını keçriməyi planlaşdırır – mübahisəli seçkidən sonra prezident élan edilən Mahmud Əhmədinejad həmin gün and içməlidir. Müxalifət onun seçkini saxtalaşdırmaq yolu ilə seçildiyini bildirir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG