Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:15
Yox, söhbət adına mahnı qoşulmuş əmək qəhrəmanından getmir. O Sürəyya 50-60-cı illərin Sosialist Əməyi Qəhrəmanı idi. Tanınmış bəstəkar Səid Rüstəmov onun adına gözəl bir mahnı yazmışdı:

Qol çirməyib sən tarlaya çıxanda,
Səs yayılır hər mahala Sürəyya!

Bülbülün oxuduğu bu mahnıdan sonra Sürəyyanın ulduzu daha da parlamışdı. Əmək qəhrəmanlarına nəğmə qoşmaq ənənəsi də elə o dövrdən dəbə minmişdi. Sürəyya adlı qızların sayı da o mahnıdan sonra artmışdı. Vətənə bol pambıq vermək gərək idi (geyməyə bir şey tapılmasa da), qəhrəman pambıqçılar yetişdirmək tələb olunurdu (xoşbəxtlərin sayı barmaqla sayılacaq qədər olsa da). Sürəyyalar nə qədər bol olsaydı, vətən bir o qədər basılmazdı…

SÜRƏYYA NECƏ BAKILI OLDU?

Mənim bugünkü qəhrəmanım da elə o dövrdə dünyaya gəlmişdi. Ancaq o, adaşı kimi qəhrəman olmadı. Orta məktəbi bitirən kimi ərə getdi, iki uşaq anası oldu. Bir müddət əri ilə Rusiyada yaşadı. Sonra qaçqınlıq dönəmi başladı və o istəsə də, istəməsə də Bakılı oldu.

90-cı illər Bakısının halı da ki, məlumdur. Ölkə dağılmışdı, yenisini qurmaq lazımdı. Savaş, şəhidlər, atəşkəs, çevrilişlər, qiyamlar, qıtlıq, bilinməzlik, suçlamalar, ayaq açan yalanlar, göyə dirənən ah-nalələr... daha nələr bu onilliyin ayrılmaz yol yoldaşı idi…

Sürəyya yavaş-yavaş Bakının yaşam tərzinə uyğunlaşmağa, alışmağa başladı. Uşaqlar hələ balaca idi, ərinin qazandığı evə yetmirdi. Nə etməli? Qonşulardan kimsə ona «iş» təklif etdi. Yox, ağlınıza dünyanın ən asan və həm də ən çətin işi gəlməsin. Söhbət başqalarının mənzilinin təmizliyini yapmaqdan gedirdi. Sürəyya cavan idi, güclü idi, həvəsli idi. Bir az düşünüb, utancaqlığı bir kənara atdı və işə başladı…

O VAXTDAN İLLƏR KEÇDİ…

Sürəyya balalarını bu işin sayəsində böyütdü. Arada bir başqa iş təklifi də oldu - suçuluq, yəni evlərə gündə iki dəfə saatla su vuran. Sürəyya iş qrafikində dəyişiklik etdi, daha ev sahibəsinin istədiyi vaxtda deyil, saat 10-30-dan 17-30-dək təmizlik işləri görməyə başladı. Səhər saat 10-da suyu bağlayıb, evlərə qaçırdı. Düz saat altının yarısında paltarını dəyişib su verməyə tələsirdi. Ev sahibələri onun bu qrafiklə işləməsini bəyənməzdilər, ancaq çarə yox idi…

SÜRƏYYA YAXŞI TƏMİZKAR İDİ

Nə qədər ki, cavan idi, bütün gücünü sərf edirdi. Bir yerdə işlədiyi, onu bu işə həvəsləndirmiş qonşusu xeyli yaşlı idi. Günlərin birində Sürəyya gördü ki, tək çalışır. Ev sahibələri bir ağızdan ondan tələb edirdilər ki, rəfiqəni gətirmə, özün tək gəl, o, işləyə bilmir, yaşlaşıb. Bir az xəcalətdən sonra onlar deyən oldu, tək çalışmağa başladı. Amma əlahəzrət Zaman da öz işindəydi. Uşaqlar böyüyür… Sürəyya qocalırdı…

SUÇU LAYLASI

İndi Sürəyyanın ən xoşladığı an evlərə su vermək zamanıdır. Deyir, suyu açıram, televizoru qururam (komforta baxın!), uzanıram divana (ləzzət!), ancaq motorun səsindən televizoru eşitmirəm (dəhşət!), əlac qalır mürgüləməyə, dincəlməyə. Hərdən mühərrik elə bərkdən səs salır ki (fəlakət!), dik atılıram, amma canım yorğun olduğundan, təzədən yuxu üstələyir…

SÜRƏYYA NƏ QƏDƏR QAZANIR?

Sudan nə aldığını deyə bilmərəm, heç soruşmadım, ancaq evlərdə məzənnəsi 20 manatdır. Məzənnə zamana görə dəyişir. Son qiymət ötən ildəndir. Builki böhran Sürəyyaya təsir etməyib (bu xüsusiyyəti lap bizim hökumətə oxşayıb). Ancaq o bizim hökumət kimi varlı-dövlətli deyil. Nöyütü yox, mazutu yox, qazı yox (qaz demişkən, qaz da belə bahalandı). Əri kefinə düşəndə orda-burda fəhləlik edir, qazandığını da özü xərcləyir, yəni yeyib-içir (ikinci həmişə birincini üstələyir). Oğlu əsgərlikdən qayıdıb, işsizdir. Neçə dəfə Rusiyaya dostlarının yanına iş dalınca gedib, bir şey çıxmayıb. Getmək-gəlmək xərcini də Sürəyya ödəməli olub…

SÜRƏYYANI ƏN QORXUDAN ŞEY NƏDİR?

Toylar! Şadlıq evlərindəki bahalıq. Sürəyyanın qızı tələbədir. Bu yaxınlarda qrup yoldaşlarından birinin toyu olmalıydı. Sürəyya qızı tək buraxası deyildi ki… Birlikdə getmək üçün heç olmasa 100 manat salmalıydılar. Əri eşitmək belə istəməyib.
«Onsuz da qohumların toyu məni bezdirib deyib»- «Özünüz həll edin!». Necə? Demək, 5 gün evlərdə işləmək hesabına…
Yeri gəlmişkən, Sürəyya çox mədəni qadındır. Yaxşı rusca danışır. Səliqəli geyinir. Dili-ağzı da öz yerində...

MƏNİ QORXUDAN NƏDİR?

Sürəyyanın gücü azalır. O, daha əvvəlki tək işləyə bilmir. Gec-tez qonşusunun başına gələn onun da başına gələcək. Bu qaçılmazdır. Həyatın qanunudur. Demək, qalır bircə nə? Bircə su!
Yaxşı ki, su var.
Balaca da olsa otağı var,
Köhnə də olsa, divanı var,
Sınıq da olsa, televizoru var…

BAMBAŞQA SÜRƏYYA!

O Sürəyyanı mən ötən həftə Türkiyə televizya kanallarında gördüm. Soyadı Yalçındı. Türklər «sosyete» deyirlər, biz kübar, yüksək cəmiyyət adamı. Bu Sürəyya Yalçın bəzəkli tovuz quşuna bənzəyirdi (deyəcəksiniz, bizdəmi yoxdu belələri?). Bu Sürəyya Bodrumda bir loja kirayələmişdi. Mövsümü 50 min dollar! Dəniz sahilində teatr lojasına bənzər bir daldalanacaqdı, ürəyi istəyəndə ora dincəlməyə gəlir (yenə deyəcəksiniz, bizdəmi yoxdu belələri?), dostlarıyla görüşür, əylənir...

Yaxınlıqdakı oteldən ora ekzotik yeyəcək-içəcək daşınır (50 minə bu xidmətlər də daxildir). Loja xüsusi tor örtüklə qapana da bilir. Sürəyyanın gözündə Svarovski daşlarla bəzənmiş eynək, əlində həmin daşlarla örtülmüş lap-top! Sürəyya uzanır qarnı üstə lojada, ayaqlarını göydə yellədə-yellədə, başında eynək, qarşısında lap-top görməmiş jurnalistlərə poz verir.
Bəh-bəh! Bir başqa aləmdi!

O, HEÇ MƏNİM TANIDIĞIM SÜRƏYYAYA BƏNZƏMİRDİ...

O Sürəyya mənzilinin heç olmasa bir pəncərəsinin çərçivəsini dəyişmək arzusu ilə yaşamırdı.
O Sürəyya balalarıyla heç olmasa bircə il yaxşı bir kurortda dincəlməyi əlçatmaz saymırdı.
O Sürəyya bir toya getmək üçün beş gün yad qapılarında təmizlik yapmırdı.
O Sürəyya bütün ömrü boyu az qazancından kəsib bircə qızına cehiz toplamağın nə olduğunu ağlının ucundan belə keçirmirdi.
O lojalı Sürəyya bu Sürəyyanın su anbarında bircə saniyə də tab gətirməzdi.
O Sürəyya dənizin səssizliyini dinləyirdi, bu Sürəyya mühərrikin səsini.
O Sürəyya…bu Sürəyya…
Yetər!

Şərhləri göstər

XS
SM
MD
LG