Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:31

Bakı aeroportunda futbol qalmaqalı


İyulun 28-də Azərbaycan paytaxtında yerli "Bakı" klubu ilə qarşılaşan Bolqarıstanın Levski klubu Vətənə qayıdarkən Bakı Hava Limanında böyük problemlə üzləşib.

Bolqarıstanın Fokus informasiya agentliyi xəbər verir ki, komandanın təyyarə ilə Bakını tərk etməsinə imkan verilməyib, onlara gecə beynəlxalq reyslərin qadağan edildiyi və yalnız səhər saatlarında Bakını tərk edə biləcəkləri bildirilib.

Komanda ilə birgə səfər edən bolqar jurnalistləri hətta agentliyə bildiriblər ki, onları qəsdən yubadıblar və məqsəd komandanı "cəzalandırmaq" olub.

"Bakı" klubunun icraçı direktoru Yaşar Seyidov Azadlıq Radiosunun müxbiri ilə söhbətində Bakı aeroportunda insident baş verməsini təsdiqləyib, amma buna görə elə Levski klubunun özünün günahkar olduğunu deyib.

"Onlar Bakıya gəlməmişdən qabaq biz təklif etmişdik ki, qoy biz sizi qarşılayaq, maşınlar ayıraq, bir sözlə gəlib-getməyinizi təmin edək. Amma onlar bundan imtina etdilər və dedilər ki, özləri bu işin öhdəsindən gələ bilər. Oyundan sonra onlar aeroporta gecikiblər. Gecə 12-dən sonra isə yeni qaydalara görə reyslər daha yoxdur. Buna görə də səhərə qədər gözləyib sonra uça biliblər".

Y.Seyidov deyib ki, Levski klubu istəs, məsələn, UEFA-ya şikayət etsə belə, Azərbaycan klubuna qarşı heç bir cəza tətbiq edilə bilməz, çünki bolqarlar özləri günahkardır.

Levski klubunun mətbuat katibi Aleksandr Kasabov isə Azadlıq Radiosunun müxbiri ilə söhbətində deyib ki, onlar aeroporta gecikməyiblər. Artıq axşam 10.30-da Bakı Hava Limanında imişlər. "Amma bizim sənədlərimizin yoxlanması çox uzun çəkdi və sonda bizə elan etdilər ki, gecə saat 12-dən sonra Bakı aeroportundan uçmaq olmaz. Bizim klubun prezidenti Todor Batkov Azərbaycan rəsmiləri ilə əlaqə yaradandan sonra nəhayət ki gecə saat 3-də Bakı aeroportundan havaya qalxa bildik".

Mətbuat katibi aeroportda onların komandasından "çox yüksək vergi alınması"ndan da gileylənib, amma söhbətin konkret hansı vergidən getdiyini deməyib. "Bu məsələni bizim klub prezidenti həll etdi, pulu ödədi".

A.Kasabov deyir ki, problemə görə, Azərbaycan və Bolqarıstan hava yolları günahkardır. Çünki onların istifadə etdikləri çarter reysini bu iki hava yolu şirkəti təşkil edib, onlar belə bir problem çıxa biləcəyini əvvəlcədən bilməliydilər.

Amma bolqar klubunun mətbuat katibi məsələyə görə, Bakı klubunu günahlandırmaq fikrində olmadıqlarını söyləyib. "Bizim "Bakı"ya hər hansı problem yaratmaq fikrimiz yoxdur" - deyə o vurğulayıb və Azərbaycan klubunu Sofiyadakı təkrar qarşılaşmada gözlədiklərini bildirib.

Xatırladaq ki, Bakı-Levski qarşılaşması 0-0 başa çatıb.

Bakı aeroportunda gecə reyslərinə qadağa iyulun 2-dən qüvvədədir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG