Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:08

«Kimlərin övladları narkomandırsa, açıb söyləyəcəyəm»


Əli Həsənovun sözlərinə görə, hazırda ölkədə 23254 nəfərin narkoman olduğu bildirilsə də, bu rəqəm reallığı əks etdirmir

Əli Həsənovun sözlərinə görə, hazırda ölkədə 23254 nəfərin narkoman olduğu bildirilsə də, bu rəqəm reallığı əks etdirmir

«Yeni Müsavat»: Baş nazirin müavini Əli Həsənov Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının iyulun 28-də keçirilən iclasında sensasion bəyanatlarla çıxış edib.

Onun sözlərinə görə, hazırda ölkədə 23254 nəfərin narkoman olduğu bildirilsə də, bu rəqəm reallığı əks etdirmir. Yeni və daha dəqiq siyahının tərtibi ilə bağlı komissiya sədri Milli Təhlükəsizlik Nazirliyinə müraciət edəcəyini vurğulayıb.

Ə.Həsənov hesab edir ki, həqiqəti gizlətmək lazım deyil, real rəqəmlər açıqlanmalıdır: «Açıqlanan rəqəm real rəqəmlərə qətiyyən yaxın deyil. Növbəti iclasda görəcəksiniz nələr hazırlayacağam! Mən milli təhlükəsizlik nazirindən xahiş edəcəyəm ki, çox ciddi bir arayışın hazırlanması barədə tapşırıq versin. Bir gün o uşaqların da siyahısını çıxaracağam. Narkotik istifadəçilərinin kimlərin uşaqları olduğunu açıqlayacağam. Əmin olun ki, çalışıb çıxaracağam. Valideynlər də öz uşaqları ilə məşğul olmalıdırlar. İmkansızlar narkotik ala bilməz. Çünki narkotiklər ucuz deyil, çox bahadır».

Qəzet vurğulayır ki, Ə.Həsənovun bu bəyanatı səsləndirərkən, «bir neçə dəfə MTN-in adını çəkməsi onu göstərir ki, bu məsələdə onun yüksək səviyyədə dəstəkçiləri var. Hər halda, bu, hakimiyyət daxilində çox yüksək səviyyədə yeni bir savaşın başlandığının anonsudur».

«Bizim Yol»: İyulun 28-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə 300-dən çox vətəndaşını pulunu mənimsəməkdə təqsirləndirilən «GEN» MMC tikinti şirkətinin rəhbəri Elbrus Əliyev və digərlərinin məhkəmə prosesi davam etdirildi. Qəzetin məhkəmədən reportajı «GEN» MMC-nin məhkəməsində «bomba partladı» adlanır.

Təqsirləndirilən şəxslərdən Elburus Əliyev rüşvət verdiyi şəxslərin adlarını açıqlayıb.

O, bildirib ki, Sulutəpə qəsəbəsində bina inşa etdirilməsinə icazə alınması üçün Abşeron rayon icra hakimiyyətinin başçısına 70 min manat rüşvət verib. Zərərçəkmişlərin hüquqi nümayəndəsi Vidadi İsgəndərov isə E.Əliyevin rüşvətlə bağlı etiraflarının araşdırılmasını tələb etdi:

«Elburus Əliyev həm özünü, həm də dövlət məmurunu ağır cinayətdə ittiham edir. Hansısa səbəbdən prokuror və hakim bu məsələləri araşdırmaqda maraqlı olmayıblar. Təqsirləndirilən şəxsin rüşvətlə bağlı səsləndirdiyi ittihamlara aydınlıq gətirmək istəmirlər».

Hakim isə bildirib ki, onlar məhkəməyə daxil olan cinayət işi üzrə araşdırma aparılır: «Əlavə cinayəti araşdırmağa səlahiyyətimiz yoxdur. Əgər əlavə cinayət üzə çıxsa, onda cinayət işini ibtidai istintaqa qaytarmaq hüququmuz var». Məhkəmə prosesi iyulun 4-də davam etdiriləcək.

«Azadlıq»: ABŞ prezidenti Barak Obamanın Moskva səfərindən sonra iki superdövlət arasında münasibətlərin istiləşməyə doğru getməsi ilə bağlı fikirlər səslənməyə başladı. Lakin bu günlərdə vitse-prezident Cozef Baydenin açıqlaması iki ölkə arasında diplomatik qalmaqal üçün əsas yaradıb.

Məsələyə münasibət bildirən politoloq Zərdüşt Əlizadənin sözlərinə görə, Cozef Bayden hər kəs üçün aydın olan fikirləri bir daha təkrarlayıb. Bu isə diplomatik qalmaqal üçün səbəb deyil:

«Baydenin dedikləri heç bir diplomatik qalmaqala səbəb olmur. Bu ancaq Rusiya prezidentinin köməkçi Prixodkanın xoşuna gəlmədi. Köməkçi heç də Rusiya demək deyil. Vitse-prezident birdən birə deməyib. Çoxları deyir ki, Rusiyanın bir dövlət kimi gələçəyi yoxdur. İndiki idarəçilik üsulu çox səmərəsizdir. Rus xalqını, rus dövlətini çox məşum gələcək gözləyir. Belə olan halda Bayden hamının bildiyi, siyasətşünasların dəfələrlə yazdığını, iqtisadçıların etdiyi təhlillər nəticəsində gəldiyi qənaəti söyləyib».

«Səs»: Son zamanlar, ABŞ Konqresində «907-ci düzəliş»in ləğvi ilə bağlı təkliflərin səsləndirilməsi siyasi təhlilçilərin marağını cəlb etməkdədir. Onların fikrincə, bu sənədin aradan qaldırılması məsələsinin tez-tez gündəmə gətirilməsi Azərbaycanın ədalətli mövqeyinin gücləndiyini göstərir. Məsələyə «Səs» qəzeti vasitəsilə münasibət bildirən siyasi elmlər namizədi Elşad Mirbəşiroğlunun sözlərinə görə, «907-ci düzəliş» ABŞ üçün çəkisi olmayan bir sənəddir. Bu sənədin ləğvi ilə bağlı ABŞ Konqresində təkliflərin səsləndirilməsi isə yeni hadisə deyil. Artıq bir neçə ildir ki, «907-ci düzəliş»in aradan qaldırılması istiqamətdə təşəbbüslər səsləndirilir.
Onun fikrincə, regionda yeni geosiyasi vəziyyət formalaşır və bunun fonunda istər ABŞ-da, istərsə də Avropada Azərbaycanın üstün mövqeyi qəbul edilir:

«Yəni, etiraf edilir ki, Azərbaycan Avropanın maraqlarına cavab verə biləcək ölkəyə çevrilib. Azərbaycan Avropanın enerji təhlükəsizliyində obyektiv rola malik olan subyektdir. Bu baxımdan, Avropanın da ABŞ-a müəyyən təsiri var. Eyni zamanda, Avropanın enerji təhlükəsizliyində Rusiyanın rolunun aradan qaldırılması və Azərbaycanın rolunun yüksəlməsində ABŞ maraqlıdır. Ona görə ABŞ Azərbaycanın xeyrinə istənilən addımı atmağa məcburdur».

Günün bütün mövzuları

XS
SM
MD
LG