Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:04

Bağçalarda qiymət artımı


Son illər bir sıra bağçalar bağlansa da, hələlik nazirliyin yeni bağçalar açmaq plan yoxdur

Son illər bir sıra bağçalar bağlansa da, hələlik nazirliyin yeni bağçalar açmaq plan yoxdur

Sentyabrın 1-dən ARDNŞ-ın tabeliyində olan uşaq bağçalarında qeyri-neft sektorunda çalışanların övladları üçün ödənişlər 100 manat olacaq. Buna qədər isə qiymətlər 40 manat olub. Şirkətin tabeliyində olan bağçalardan birinin müdiri Fəridə Qədirova deyir ki, artıq valideynlərə xəbərdarlıq edilib. Ancaq bu, valideynlərin etirazına səbəb olub:

MÜRACİƏTƏ CAVAB NƏ OLACAQ?

«Ötən ay 25 valideyn ARDNŞ-a müraciət etmişdi. Cavab gəldi ki, saxlanma xərci artdığına görə, qiymətlər qalxıb. İndi 85 valideyn prezidentə müraciət edib. Biz də çıxılmaz durumdayıq. Uşaq yığılmasa bağçanın bağlanması və işçilərin ixtisarlar ediləcəyi haqda artıq xəbərdarlıq almışıq».

Fəridə Qədirova deyir ki, son illər bağçanın təminatı ilə bağlı bir sıra yeniliklər var. Yeni avadanlıqlar alınıb, qida rasionu yeniləşdirilib. Ancaq qiymətin artması bağçada xidmətlərin siyahısını genişləndirməyəcək.

40 MANAT NƏDƏN 100 MANAT OLDU?

ARDNŞ-ın Sosial Təminat İdarəsinin mətbuat xidmətinin başçısı Əmrah Cəfərov isə deyir ki, şirkətin balansında olan 42 bağçada qiymətlərin artırılması ilə bağlı qərar 2008-ci ilin dekabrında qəbul edilib. Şəhərin mərkəzində yerləşən bağçalarda bu qiymətlər artıq yanvardan qüvvədədir. Vətəndaşların aztəminatlı təbəqələrinin yaşadığı şəhərətrafı qəsəbələrdə isə bu qərar sentyabrdan qüvvədə olacaq:

«İnsanların sosial durumuna yardım məqsədi ilə qərar qəbul edilib ki, başqa sektorlarda çalışan şəxslərin də övladları ARDNŞ-ın bağçalarına qəbul edilsin. Əslində isə bu bağçalar neft sənayesində çalışanların uşaqları üçündür. Burada yenə onlara güzəşt edilir. Bir uşağın saxlanma xərcləri 4-5 ay öncənin hesablamalarına görə, 188 manatdır. Demək, ARDNŞ hər ailəyə 88 manat güzəşt edir».

Sosial Təminat İdarəsindən onu da bildirirlər ki, Neft Şirkətinin balansında olan bağçalara tələbat yenə də çoxdur. Səbəb isə onların dövlət bağçalarından daha yaxşı şəraitdə olmasıdır.

TƏHSİL NAZİRLİYİ MÜŞAHİDƏ MÖVQEYİNDƏ

Təhsil Nazirliyinin Məktəbəqədər Təhsil İdarəsinin əməkdaşı Məlahət Müştaqova isə deyir ki, qiymət artımı ilə bağlı vətəndaşların şikayətlərindən onların da xəbəri var. Ancaq Nazirlik bu məsələyə hər hansı formada müdaxilə etmək səlahiyyətində deyil:

«Təhsil Nazirliyinin balansında olan bağçaların hamısı dövlət təminatındadır - yəni pulsuzdur. Ancaq ayrı-ayrı nazirliklərin, idarələrin o sıradan ARDNŞ-ın balansında olan bağçalarda ödənişlərin məbləğinin Təhsil Nazirliyinə heç bir aidiyyəti yoxdur. Məbləği istədikləri zaman artırırlar da, azaldırlar da, biz onlara heç cür qarışa bilmirik».

Təhsil Nazirliyinin nümayəndəsi onu da bildirir ki, son illər bir sıra bağçalar bağlansa da, hələlik nazirliyin yeni bağçalar açmaq plan yoxdur. Bunu onunla izah edilir ki, vətəndaşlar uşaqlarını dövlət bağçalarına göndərməyə meylli deyillər.

Şərhləri göstər

XS
SM
MD
LG