Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:01
Balaca Fidanla Koala parkında tanış olduq. Fidan deyir ki, bu parkı çox sevir, xüsusən də su pərisi attraksionunu. Nəsimi rayonunda yerləşən bu parka Fidan kimi heç də bütün uşaqlar gələ bilmir. Çünki parka giriş pulludur.

«Üç manat verdik, üç manat da maşınlara minmək üçün karta pul köçürdük».

«CAMAATIN PARKINA GİRİŞİ PULLU ELƏMƏK OLARMI?»

«Dostluq» kinoteatrının yaxınlığında yerləşən Koalo parkı yeni salınmayıb, bu park ötən əsrin 80-ci illərində salınıb. Bəzi müsahiblərimiz də soruşur ki, camaatın parkına girişi pullu eləmək olarmı? Bu parka ilk dəfə gələn Nəzakət Cəlilova:

«Pulu olan gələr, pulu olmayan gəlməz də yəqin ki»

Uşaqlarıyla vaxtaşırı Koala parka gələn Gülnar xanım deyir ki, parka hər gəlişində 20 manat xərcləməli olur:

«Çox əyləncəlidir, uşaqlar üçün hər cür imkan var. İki- üç dəfədir ki, bura gəlirəm çox razıyam».

Giriş pullu olsa da, parkdakı attraksionların qiymətindən valideynlər razıdır:

«Ən baha qatarla, vesyoliy qorka 1 manatdır. Ən ucuzu 50 qəpikdir. Bizdə keçən ilki qiymətlərlə bu ilki qiymətlər eyni qalıb».

«DİSNEY-LAND» BAKIDA?

Parkın meneceri Elmar Bayramov deyir ki, parka yalnız uşaqla gəlmək olar. Bu məhdudiyyəti təmin etmək üçün də rəhbərlik girişi pullu edib. Elmar bəy deyir ki, giriş pullu olsa da, parkda pulsuz attraksion da var. İkimərtəbəli oyun meydançası buna misal ola bilər:

«Koala parkdakı attraksionlar «Disney land»də olan atrksionlardandır. Ən böyük yeniliyi isə keyfiyyəti, təhlükəsizliyidir. Bəli, mən razıyam giriş pulludur. Yay mövsümündə 3 manat 15 yaşından böyük hər kəsə, əslində valideynlərə gedir bu. Və qış mövsümündə 50 faiz endirim edirik biz».

Koala parkın meneceri Elmar Bayramovdan parkın özəl, yoxsa dövlət mülkiyyətində olduğunu soruşsaq da, konkret cavab almadıq:

«Parkın özəl olub-olmadığı barədə mənim belə bir informasiyam yoxdur. Bu barədə heç nə deyə bilmərəm. Ancaq onu deyə bilərəm ki, bu parkın sahibkarları var, parkın üzərində olan hər bir mülkiyyət onlara aiddir».

Dövlət Əmlak Komitəsindən Qulu Xəlilov bildirdi ki, parkın kimin mülkiyyətində olduğunu rayon icra hakimiyyətindən öyrənə bilərik. Nəsimi rayon İcra hakimiyyətinin mənzil təsərrüfat şöbəsindən isə rayon ərazisində belə bir parkın olmadığını bildirdilər.

HÜQUQŞÜNAS BUNU MƏNTİQSİZ SAYIR

Hüquqşünas Ənnağı Hacıbəyli deyir ki, park istər özəl olsun, istərsə də dövlət mülkiyyətində, parka girişin pullu olması məntiqsizdir. Hüquqşünas deyir ki, bu məsələ araşdırılmalıdır:

«Məntiq mənə deyir ki, tamamilə əsassız bir şeydir. Kənar adam asayişi poza bilərsə, bunun üçün qanun var, ictimai asayişi pozan adam cəzalandırılır. O motivlə girişə qadağa qoymaq, ya pullu etmək... Belə çıxır ki, onda üç manat verib istənilən xuliqan içəri girə bilər.
Özü də ictimai parkın özəl parka çevrilməsi, ora pullu adamların buraxılması nəsə mənim ağlıma batmır».

KASIB UŞAQLARA HÖRMƏT...

Girişi pullu olmayan parklarda da qiymətlərlə və şəraitlə maraqlandıq. Belə parklarda da ata-analar uşaqlarının bütün əyləncə arzularını yerinə yetirə bilmir, amma heç olmasa, parka girib ağac kölgəliyində dincəlmək üçün onlardan pul istəyən yoxdur. Məsələn, Nərimanov parkına giriş sərbəstdir, attraksionların qiyməti də Koala parkındakından elə də fərqlənmir. Amma bəziləri üçün bu qiymətlər elə də ucuz deyil.

Ucuz attraksion dərdindən Arzu Məmmədli qızını şəhər kənarındakı parklara aparmalı olur:

«Nərimanov parkına üstünlük veririk, hərçənd «Heydər» parklarında da pis deyil vəziyyət. Sadəcə bir az qiymətlər aşağı olsa yaxşı olar. Üç dəqiqəyə görə 1 manat vermişik bahadır».

Bu parkdakı attraksionlardan birinin sahibi Hüseyn Səfərov deyir ki, keçən illə müqayisədə qiymətlər 30 qəpik aşağıya düşüb:

«Attraksionlar qabaq 1 manat idi indi 70 qəpikdi, 3dəqiqə elə də olur 4 dəqiqə. Tələbat azdı, gələn yoxdu ona görə yendiririk aşağı».

Maşın attraksionunda çalışan Ümid Daşdəmirov isə deyir ki, 5 dəqiqə maşın sürmək üçün 50 qəpik ödəmək lazımdır:

«5 dəqiqəsi 50 qəpik, 10 dəqiqəsi 1 manatdır. İndi biz də kasıb uşaqlara hörmət eləyirik».

İndi bir çox parkların təmirə dayandığı bir vaxtda valideynlərin münasib park seçim imkanı da azalıb. Amma təmirdən sonra da parklarda ötən illə müqayisədə qiymət artımı valideynləri narahat edir və yay fəsli bitənəcən də narahat edəcək. Onlar həm də ondan narahatdılar ki, təmirdən sonra parklara giriş də pullu ola, Koala parkında olduğu kimi.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG