Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:07

Üçüncü nəsil texnologiya Azərbaycana niyə gəlmir?


Azərbaycanda 3G-nin tətbiqi üçün hüquqi baza yoxdur

Azərbaycanda 3G-nin tətbiqi üçün hüquqi baza yoxdur

İnformasiya Texnologiyaları üzrə ekspert Osman Gündüz deyir ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi kommunikasiya sistemlərinin inkişafını əngəlləyir. Ancaq səbəb ölkədəki mobil operatorların belə imkanlarının olmaması yox, nazirliyin operatorlar arasında düzgün seçim etməməsidir.

NAZİRLİK AYRI-SEÇKİLİK EDİR?

«Operatorlar elan edəndən sonra ki, bütün texniki imkanları var, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin bu tezliklərin verilməsindən imtina etməsi nonsensdir. Bunun heç bir izahı yoxdur. Başqa bir tərəfdən biz daha anlaşılmaz bir məsələni müşahidə etməkdəyik. Nazirlik açıq-aydın şirkətlər arasında ayrı-seçkilik qoyur. Bazara yeni daxil olan «Azərfon»a bu tezlik verildi, uzun illər bazarda oturuşmuş «Azərcell» isə 3G-ni ala bilmədi».

Osman Gündüzün sözlərinə görə, hətta rabitə texnologiyaları imkanlarına görə Azərbaycandan xeyli geridə qalan Gürcüstanda 3G tətbiq edilməyə başlayıb.

Azərbaycanda isə mobil operatorların bu xidmətlərdən nə zaman istifadə edə biləcəyi dəqiq bilinmir.

TEXNİKİ İMKANLARI KOMMERSİYA SİRRİDİR


3G xidmətləri üçün tezlik almış «Azərfon» Şirkətinin İctimaiyyətlə Əlaqələr üzrə meneceri Əziz Axundov deyir ki, hələlik sistemin testləşdirilməsi davam edir:

«Bu xidmət bazara çıxarılmamışdan öncə dəqiqliklə tezləşdirilməsi bizimçün olduqca vacibdir. İstəyirik ki, abunəçilərimiz bu xidmətdən keyfiyyətlə yararlana bilsinlər. Testləşdirmə bitəndən, bütün məsələlər çözüləndən sonra 3G-nin tətbiqinə başlayacağıq».
«Azərfon» təmsilçisi şirkətin 3G xidməti göstərmək üçün bütün texniki imkanlara malik olması və texniki personal hazırlıqlarının bitməsi ilə bağlı sualına da cavab vermir. Dediyinə görə, bu, kommersiya sirridir.

TEXNİKİ AVADANLIĞIN GÖZÜ LİSENZİYA YOLUNDA

Azərbaycanın mobil rabitə bazarında ən dayanıqlı şirkət sayılan «Azərcell»dən isə bildirirlər ki, artıq 2 ildir 3G xidməti göstərilməsi üçün bütün avadanlıqlar alınıb, texniki personal hazırlanıb. Şirkət rəsmisi Ülviyyə Həsənzadə deyir ki, onlar bu imkanlarını ötən il Bakıda keçirilən kommunikasiya sərgisinə də çıxarıblar:

«Hətta dövlət başçısı İlham Əliyev sərgidə «Azərcell»in bu imkanlarından istifadə etdi. RİTN bildirir ki, bu xidmət üçün lisenziya alınmalıdır. Bunun üçün isə hüquqi baza yoxdur. Biz gözləyirik».

3G QANUNSUZDUR?

Rabitə İnformasiya Texnologiyaları Nazirliyinin tənzimləmə şöbəsinin müdiri Əliyar Təmirov da deyir ki, Azərbaycanda 3G-nin tətbiqi üçün hüquqi baza yoxdur. Xidmətin təşkili üçün operatorlar lisenziya almalıdır. Fəaliyyəti xüsusi lisenziya tələb edilən xidmət növlərinin siyahısında 3G xidmətlərinin adı göstərilmir. Təmirovun dediyinə görə, nazirlik bu siyahıya 3G-nin daxil olması üçün rəsmi qurumlara müraciət edib. Qanunvericilik bazası olmadan «Azərfon»a hansı qanuni əsaslarla belə bir xidmət göstərmək imkanı verildiyi ilə bağlı sualımıza cavabında isə Əliyar Təmirov deyir ki, bu məsələ Radiotezliklər Üzrə Dövlət Komissiyasının səlahiyyətindədir:

«Komissiyada müraciətlərə baxılandan sonra həmin tezlik resursları «Azərfon»a ayrıldı. Görünür, onların texniki imkanları daha etibarlıdır. Resurslar məhdud olduğundan, tələb olunan diapazonda boş tezliklər olmadığından «Azərcell»in müraciətlərinə baxılaraq onlara məsləhət görülüb ki, istifadə edilməyən tezliklərin sahibləri ilə danışıqlar aparılandan sonra onların müraciətinə yenidən baxılacaq».

NƏDƏN «AZƏRFON»?

Ötən həftə «Azərcell» «Azərfon»un ona borcuna görə arabağlantılarını kəsəcəyini bildirmişdi. Ancaq sonradan bunu etmədi və Rabitə Nazirliyindəki mənbə bunu «Azərcell»ə sanksiya tətbiq olunmasıyla izah etmişdi.

Yerli mediada «Azərfon» mobil operatorunun yuxarı dairələrdə güclü himayəsi olduğu barədə dəfələrlə məlumatlar yayımlanıb.

Şərhləri göstər

XS
SM
MD
LG