Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:57

Qadınların adı çıxıbmış


Son araşdırmalar qadınların çoxdanışan olmaları haqqında deyilənləri sual altına qoyur

Son araşdırmalar qadınların çoxdanışan olmaları haqqında deyilənləri sual altına qoyur

Bütün cəmiyyətlərdə belə bir fikir var ki, kişilərlə müqayisədə qadınlar daha çox danışırlar. Çinlilərdə belə məsəl də var ki, «dil qadının qılıncıdır və qadın heç vaxt imkan verməz ki, bu qılıncı paslansın». Amma son araşdırmalar qadınların çoxdanışan olmaları haqqında deyilənləri sual altına qoyur.

Arizona Universitetinin psixologiya üzrə dosenti Matias Mel bu araşdırmanın müəllifidir. O, qadınların kişilərdən daha çox danışdığına şübhə eləyir. Deyir ki, əvvəllər aparılmış araşdırmalarda məlum olub ki, iş yerlərində və tədris ocaqlarında gedən müzakirələrdə kişilər dominantlıq edirlər:

«Əgər iş yerində işlə bağlı gedən söhbətlərə diqqət yetirsək, görərik ki, kişilər qadınlardan çox danışırlar».

Təkcə iş yerində və ya təhsil müəssisəsində yox, ümumilikdə kimin – qadının, yoxsa kişinin çox danışdığını müəyyən etmək üçün Mel könüllülərin xidmətindən faydalanıb. Onlar sutkanın 24 saatı öz üzərində səsyazan aparat gəzdirməyə razı olublar. Bu araşdırma 1998-ci ildən 2004-cü ilə qədər çəkib. Araşdırmada Birləşmiş Ştatlardan və Meksikadan seçilmiş qadın və kişilərdən ibarət 6 müxtəlif qrup iştirak edib. Məlum olub ki, kişilərin də, qadınların da gün ərzində işlətdikləri sözlərin sayı təxminən eyni olub – gündə 16 min söz. Təcrübədə iştirak edən könüllülərdən ən çox danışanların da yarısı kişi, yarısı qadın olub.

Bələdirsə, onda nəyə görə çoxdanışan kimi qadınların adı çıxıb? Mel güman edir ki, bu, daha çox ailədəki dava-dalaş vaxtı ərlə arvadın rəftarından irəli gəlir:

«Ailə münaqişələrində adətən kişilər susmağa, qadınlar isə nəyi isə tələb etməyə, danışmağa meylli olurlar. Buna «tələb-rədd modeli» deyirlər. Münaqişə zamanı qadın nəyi isə tələb edir. Kişi isə rədd edir. Bu münaqişələr o qədər mühüm xarakter daşıyır ki, biz onlar haqda çox düşünürük. Nəticədə həmin vəziyyətlərdə qadınla kişinin rəftarını ümumiləşdirib çox danışmağı qadınlara xas keyfiyyət hesab edirik».

Matias Mel onu da deyir ki, gəldiyi qənaəti tam sübuta yetirmək üçün araşdırmaları hələ davam etdirməlidir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG