Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:31

Nazirlərin prezidentə müraciət formaları


Son zamanlar Azərbaycan məmurlarının çıxışlarında mübaliğəli ifadələrlə zəngin “xüsusi girişlər” diqqəti çəkir. İyulun 22-də hökumətin iclası zamanı prezidentə hesabat verən nazirlərin çıxışlarının həmin “xüsusi giriş”lərini şərhsiz təqdim edirik.


DÖVLƏT GÖMRÜK KOMİTƏSİNİN SƏDRİ AYDIN ƏLİYEV

Aydın Əliyev - Dövlət Gömrük Komitəsinin rəhbəri
Dünyada baş verən qlobal maliyyə-iqtisadi böhran şəraitində yola saldığımız 2009-cu ilin birinci yarımilliyi ölkəmizdə sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlərlə müşayiət olunmuşdur. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş iqtisadi inkişaf strategiyasının Zati-alinizin bilavasitə rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun, məzmun və keyfiyyətcə yeni mərhələdə uğurla davam etdirilməsi nəticəsində ölkəmiz iqtisadi artım sürətinə görə layiqli mövqeyini qoruyub saxlamaqdadır.

EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRİ HÜSEYNQULU BAĞIROV

Hüseynqulu Bağırov - Ekologiya və Təbii Sərvətlər naziri
Ulu öndərimizin öz xalqına əmanəti olan müstəqil Azərbaycan möhkəm özül üzərində qurulmuşdur. Cənab Prezident, Sizin mükəmməl strategiyanız, bu strategiyanı həyata keçirmək üçün apardığınız mücadilə, Sizə xas olan iradə, qətiyyət və tələbkarlıq bu gün öz bəhrələrini verməkdədir. Proseslərin Sizin nümayiş etdirdiyiniz dəqiq təhlili və bu əsasda apardığınız dinamik siyasət ölkəmizi başqalarının öhdəsindən gələ bilmədiyi təhdidlərdən qoruyur.

Bunun nəticəsidir ki, Azərbaycan bütün dünyanı lərzəyə salan maliyyə böhranının öhdəsindən gəlir və inkişafını davam etdirir...

KƏND TƏSƏRRÜFATI NAZİRİ İSMƏT ABBASOV

İsmət Abbasov - Kənd Təsərrüfatı naziri
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş aqrar islahatların bu gün onun layiqli davamçısı, cənab Prezident, Sizin tərəfinizdən uğurla həyata keçirilməsi ölkənin aqrar sahəsinin inkişafında və əhalinin ərzaq məhsullarına tələbatının yerli istehsal hesabına ödənilməsində həlledici rol oynayır…

Aqrar sahəyə göstərdiyiniz gündəlik qayğı və dəstəyə görə, icazə verin, çoxminli fermer və sahibkarlar, kənddə yaşayan bütün insanlar adından Sizə dərin minnətdarlığımızı bildirim. Qürur hissi ilə yüksək diqqətinizə çatdırıram ki, qarğıdalı da daxil olmaqla, 2009-cu ildə taxıl istehsalının təxminən 3 milyon ton, o cümlədən buğda istehsalının təxminən 2 milyon 200 min ton olacağı gözlənilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG