Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:39
«Madrid prinsipləri» yenidən hazırlanır. Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupu həmsədrlərinin bu son bəyanatı bəzi suallara yol açıb. Yeni prinsiplərin əsasında nə duracaq, tərəflərdən kimin mövqeyinə daha çox uyğunlaşdırılacaq və s.

«YENİ VARİANTDAN AZƏRBAYCANDA İKİ-ÜÇ ADAM XƏBƏRDARDIR»

Rusiyalı həmsədr Yuri Merzlyakov deyir ki, söhbət yeniləşmiş və təkmilləşdirilmiş variantdan gedir:

«Bu, heç bir halda o anlama gəlmir ki, söhbət yeni və radikal şəkildə dəyişdirilmiş variantdan gedir. Biz onu əsas götürürük ki, «Madrid prinsipləri» tərəflərə təqdim olunandan bəri il yarım vaxt ötüb. Bu müddətdə proses yerində saymayıb. Ən azı son yarım ildə prezidentlər səviyyəsində danışıqlar gedir. Bu yarım il hədər getməyib. Tərəflər artıq bir çox məsələlərlə bağlı razılığa gəliblər. Ona görə həmin məsələləri qeydə almaq, sənədləşdirmək lazımdır».

Bu gün hər iki ölkədə narahatlığa səbəb olan Dağlıq Qarabağ məsələsinin statusuna gəlincə, Merzlyakov deyir ki, həmin məsələ mübahisə mövzusu deyil. Sadəcə statusun necə müəyyənləşdirmək yönündə mübahisə gedir. Həmsədr etiraf edir ki, bəzi narahatlıqlara səbəb danışıqların qapalı getməsi, mahiyyətinin tam açıqlanmamasıdır. Həmsədr ölkələrin prezidentlərinin Akvil bəyanatını xatırladan Merzlyakov deyir ki, orda da bütün prinsiplər olduğu kimi verilməyib:

«Bu, prinsiplərin heç yarısı da deyil, sadəcə, çox az, amma önəmli hissəsidir».

Politoloq Zərdüşt Əlizadə deyir ki, «Madrid prinsipləri»ndə nəyin yeniləşəcəyini, hansı prinsiplərə korrektə ediləcəyini Azərbaycanda iki-üç adamdan başqa yəqin heç kim bilmir:

«Həmsədrlər hansı istiqamətdə işləyirlər, mən deyə bilmərəm. Bunu Azərbaycanda yalnız iki-üç adam bilər. İlham Əliyev, Məmmədyarov, ola bilsin bir də Araz Əzimov».

Doğrudan da, gün ərzində Azərbaycandakı rəsmi qurumlardan bu haqda təfsilatlı məlumat almaq mümkün olmadı. Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov deyir ki, təkliflərin yeni variantı haqda o məlumatsızdır. İndilik sənədin yeni variantı üzərində iş gedir:

«Yeni təkliflər təqdim olunandan sonra məlumat olacaq və onun üzərində Azərbaycanla iş aparılacaq. İlk əvvəlsə həmsədrlər özləri görüşüb prinsipləri yenidən müəyyənləşdirəsidirlər. Azərbaycanın da öz mövqeləri var və sözsüz ki, həmsədrlər yeni prinsipləri hazırlayanda Bakının mövqeyini nəzərə alacaqlar».

- Belə fikir var ki, yeni «Madrid prinsipləri» daha çox Ermənistanın mövqeyinə uyğunlaşdırılacaq...

- Mən detallar haqda danışa bilmərəm. Bu prinsiplər hazırlanıb təqdim olunmalıdır ki, müzakirə edilsin…

Elxan Poluxovun sözünə görə, həmsədrlər sentyabrın əvvəlində regiona səfər edəcəklər və yeni variantın nədən ibarət olduğu da o zaman bilinəcək.

YENİ VARİANT ERMƏNİSTANIN İSTƏYİLƏ HAZIRLANIR?

Keçmiş dövlət müşaviri Vəfa Quluzadəsə yeni «Madrid prinsipləri»ndən təzə heç nə gözləmir. Onun qənaətincə, həmsədrlər həmişəki kimi Ermənistanın nazı ilə oynayırlar. Politoloqa görə, indiki məqamda Ermənistanı narazı salan odur ki, işğal altındakı torpaqlar dərhal qaytarılmalı, amma status məsələsi gələcəyə saxlanılmalıdır.

«Ona görə həmsədrlər qalıblar belə. Və belə bəyanatlar verirlər».

Zərdüşt Əlizadədə bu fikirdədir ki, «Madrid prinsipləri»nin yenidən işlənməsi Ermənistanın narazılığı ilə bağlıdır. Çünki bu sənəd Ermənistanda narazılıqla qarşılanır:

«Elan olunmuş, müzakirə və təhlil edilmiş «Madrid prinsipləri»nin yenidən işlənməsi həmsədrlərə tövsiyə edilibsə, deməli, tərəflərdən biri prinsiplərdən birini indi tətbiq edə bilmir. Məncə, bu Ermənistandır. Çünki bundan əvvəlki bəyanatlarda Azərbaycan prezidenti «Madrid prinsipləri»nə müsbət münasibət bildirmişdi».

«ERMƏNİSTANDA VAHİMƏ YARANIB Kİ…»

Əgər politoloqların təxmini doğrudursa, yeni variantda bəzi prinsiplər Ermənistanın mövqeyinə uzlaşdırıla bilərmi? Politoloq Rasim Musabəyov buna inanmır.

«Ermənistanın mövqeyimi güclənib? Yoxsa başqa, bizə məlum olmayan səbəb varmı ki, kimsə həmin prinsipləri ermənilərin xoşu ilə dəyişdirsin? O başqa məsələdir ki, danışıqlar bitməmiş Ermənistanda vahimə yaranıb ki, Yerevan torpağı qaytarır, əvəzində heç nə almır. Amma xarici işlər naziri Nalbandyan da dəqiq cavab verir ki, Ermənistan bu prinsipləri müzakirə edir, o demək deyil ki, prinsipləri birdəfəlik qəbul edib. Bunu Azərbaycan üçün də demək olar…»

«DAİMİ STATUS MƏSƏLƏSİ SONRAYA QALIRSA, ARALIQ STATUS ƏHƏMİYYƏTLİ MƏSƏLƏYƏ ÇEVRİLİR»

Rasim Musabəyov güman edir ki, yeni variantda sadəcə, bəzi prinsiplərə dəqiqlik gətirilə bilər. Özü də tərəflərin güzəştə getmək istədiyi prinsiplərə.

«Bu danışıqlarda əsas iki məsələydi: referendum və status. Eləcə də aralıq status və daimi status. İlham Əliyev demişdi ki, status məsələsi bir il sonra da həll oluna bilər, on il sonra da, yüz il sonra da. O məsələ çox uzaq vaxta qalırsa, razılaşma mümkün deyilsə, aralıq status ermənilər üçün çox əhəmiyyətli məsələyə çevrilir. Onun təminatı nədir, çərçivələri nədir. Bu halda bu yöndə danışıqlar, prinsiplərin dəqiqləşdirilməsi davam etdirilə bilər».

Elan olunmuş «Madrid prinsipləri»ndə nəzərdə tutulur ki, Dağlıq Qarabağ ətrafındakı rayonlar Azərbaycana qaytarılsın; Dağlıq Qarabağa keçid statusu verməklə onun təhlükəsizliyi və özünü idarə etməsinə təminat verilsin; Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhliz yaradılsın; Dağlıq Qarabağın yekun statusunu müəyyən edəcək, hüquqi səlahiyyəti olan öz müqəddəratını ifadə etmək hüququ; sülhməramlı əməliyyatları nəzərdə tutan beynəlxalq təhlükəsizlik təminat verilsin.

Şərhləri göstər

XS
SM
MD
LG