Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:34

Jurnalistikanın problemlərindən xəbəriniz varmı?


Sumqayıtda qəzet oxumaq aksiyası, 13 aprel 2009

Sumqayıtda qəzet oxumaq aksiyası, 13 aprel 2009

«Onlar bizim ailənin problemləriylə maraqlanırlar ki, mən də jurnalistlərin problemiylə maraqlanım?»

Satıcı Elmir Məmmədov «Azərbaycan jurnalistikasının problemlərindən xəbəriniz varmı?» sualıma sualla cavab verir. Əlindəki makaron qutularını rəflərə düzə-düzə deyir ki, heç vaxt jurnalistlərin problemiylə maraqlanmağı ağlından keçirməyib. Çünki öz problemləri daha çoxdur:

«Bəlkə görsəydim kimsə mənimlə maraqlanır, mən də maraqlanardım. Bəlkə ona görə ki, jurnalistlər daha çox siyasətdən yazırlar, nəinki mənim kimi sadə adamlardan?»-, deyə sual edir.

«Azərbaycan jurnalistikasının problemlərindən xəbəriniz varmı?» sualı ilə Elmir Məmmədov kimi çox adama müraciət etdim. Əksəriyyətin cavabı belə oldu:

«Yox, bilmirəm;
Hansı problemlərinin olmasından məlumatım yoxdur;
Onları məndən uzaq elə, bilmirəm;
O qədər də məlumatım yoxdur...»

Problemlərdən danışanda isə jurnalistlərin həbsdə olması, jurnalistikanın inkişafına şərait olmamasını göstərdilər:
«Həbsdə olan jurnalistlər azad olmalıdır, bu problemdir;
Azərbaycanda diktaturadır, düz söz deyəni döyürlər;
Hökumət jurnalistləri sıxışdırır, işləməyə şərait yoxdur»

Problemi jurnalistlərin özlərində görənlər də tapıldı:
«Düzgünlükdən qaçırlar, çox şeyi şişirdirlər;
Bizdə jurnalistika yoxdur;
Jurnalistlərin elələri var ki, rüşvət alırlar, jurnalist olduğunu deyib yol polisindən rüşvət alan jurnalisti gözümlə görmüşəm, adam iyrənir».

Cəmiyyətdə belə fikir var ki, jurnalistikanın problemləri - həbslər, jurnalistlərin döyülməsi, qəzetlərə olan təzyiqlər adamları çox az maraqlandırır. Bakı Dövlət Universitetinin professoru, Şirməmməd Hüseynov deyir ki, bu ictimai rəyin olmamasıyla bağlıdır:

«Üzeyir Hacıbəyov yazırdı: «Fransada, Almaniyada, İngiltərədə, Amerikada qəzetlər bağlansa, nə olar? - Cəmiyyət ayağa qalxar. Sonra soruşurdu ki, bəs bizdə qəzetlər bağlansa nə olar? – Heç nə. Heç millətin eyninə də olmaz». Çünki millətin siyasi mədəniyyəti çox aşağıdır. Bizdə düşünmək mədəniyyəti aşağıdır. Səbəb də odur ki, heç kim bu mədəniyyətin qayğısına qalmayıb. Hakimiyyətdə olanların marağı yoxdur ki, millət onun işinə nəzarət etsin».

«Media Forum» saytının baş redaktoru Azər Qaraçənli isə deyir ki, bu cəmiyyətin ümumi vəziyyəti ilə bağlıdır. Müəyyən cəhdlərin nəticəsiz qalması adamlarda da laqeydlik yaranır:

«Ümumən götürəndə bizim cəmiyyət canlı cəmiyyət deyil. Süstlük özünü ictimai siyasi, həyatda, məişətdə də göstərir. Səbəbi odur ki, şikayət, tədqiqat, nəticə vermir. Bu inamsızlıqla bağlıdır. Səsverməyə də münasibət belədir. Nə vaxt vətəndaşlarda öz səslərinin nəticə verəcəyinə ümid yaranır, cəmiyyətdə də fəallıq olur, nə vaxt ki ümidsizlik şəraitində seçki keçirilir, fəallıq da aşağı düşür. Jurnalistikada da belədir. Əgər ictimai, iqtisadi, hüquqi sahədə irəliləyiş olsa, canlanma yaranar. Bu da «laqeydlik» dediyimiz uzaqlaşmanı aradan qaldırar. Başqa cəmiyyətlərə vətəndaşla jurnalistikanın yaxınlığını dərindən görmüşəm. Bizdə isə bütün baş verənlər nəticəsizliyə görə yaranıb».

Azər Qaraçənliyə görə, bunu da hökumət bilərəkdən yaradıb ki, məqsəd də tənqidi medianı zəiflətməkdir.
XS
SM
MD
LG