Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:58

«Millətin siyasi mədəniyyəti çox aşağıdır»


«Millət öz jurnalistinə sahib çıxmalıdır, millət jurnalistləri tək qoymamalıdır»

«Millət öz jurnalistinə sahib çıxmalıdır, millət jurnalistləri tək qoymamalıdır»

Azərbaycanda milli mətbuatın yaranmasının, «Əkinçi» qəzetinin işıq üzü görməsinin 134-cü ildönümündə mətbuat tarixi tədqiqatçısı, professor Şirməmməd Hüseynov «Azadlıq» Radiosuna müsahibə verib.

«BU GÜN HƏSƏN BƏY SƏVİYYƏSİNDƏ BİRCƏ REDAKTOR GÖSTƏRİN MƏNƏ...»

-1907-ci ildə Zərdabi vəfat eləyəndə Əhməd bəy Ağayev və Üzeyir bəy Hacıbəylinin çıxardığı «İrşad» qəzetində, belə bir yazı verilmişdi: «Həsən bəy ilə bütöv bir aləm, tamam bir dövrə, tam bir əsr aradan gedir».

Həsən bəydən sonra Səid Kamal Ünsizadə qardaşları, Məhəmməd Ağa Şahtaxtinski, Əli bəy Hüseynzadə, Xəlil İbrahim kimi adamlar gəldilər. İndi mənə bu adamlar səviyyəsində bir qəzet redaktoru göstərə bilərsinizmi?

Onlar milli yüksəliş istiqamətində yazıçılardan da, şairlərdən də, siyasi xadimlərdən də çox iş görən adamlar olublar, böyük bir ordu yaradıblar.

1918-ci ildə müstəqillik də onların sayəsində elan edildi. Əlbəttə ki, 134 il ərzində bu əqidədə jurnalistlər olub, onları da qiymətləndirmək lazımdır. İndiki jurnalistlər gərək milli mətbuatın keçdiyi yolu öyrənsinlər, ondan bəhrələnsinlər, bu yolu davam etdirsinlər. Bu yol milli tərəqqi, milli inkişaf, özünüdərk yoludur.

- Deyirsiniz ki, mətbuat milli tərəqqiyə çalışmalıdır. Amma müasir dünyada qəzet həm də biznesin qoludur axı...

- Amerikada «Nyu-York Taymz» qəzeti çıxır, Britaniyada «Taymz» qəzeti. Demək olarmı ki, bu qəzetlər kommersiya məqsədi güdür?! Xeyr! Bu qəzetlər siyasi mədəniyyətin səviyyəsini yüksəltməyə, öz ölkələrinin tərəqqisinə xidmət edirlər.

Əlbəttə ki, iqtisadiyyat əsasdır. Amma mətbuata ancaq bu istiqamətdən yanaşmaq mətbuatın funksiyasını başa düşməməkdir. Qərbdə mətbuat «dördüncü hakimiyyət»dir, media cəmiyyətin hakimiyyət üzərində nəzarətini həyata keçirir.
Bizdə bu mümkündürmü, qoyurlarmı mətbuatı «dördüncü hakimiyyət» olmağa?!

«BİR SUAL VAR Kİ, MƏNİ HƏMİŞƏ DÜŞÜNDÜRÜR»

Bir sual var ki, məni həmişə düşündürür. Bizim yaşadığımız cəmiyyətin adı nədir? Biz kapitalist ölkəsiyik? On nəfər kapitalistin adını çəkə bilərsinizmi?

Yoxdur belə milyarderlər. Amerikada isə hər il milyarderlərin siyahısını dərc edirlər. Biz keçid dövründə yaşayırıqmı? Bəs onda nədən nəyə keçirik? Mətbuat bu problemləri xalqa başa salmalıdır.

Azərbaycanda formal şəkildə söz azadlığı var. Amma söhbət formal azadlıqdan getmir. Amerikada bir icmalçı olub, Uolter Uitman var idi, deyirdi ki, Birləşmiş Ştatlarda prezidentlər gəldi-gedərdi, Amerikaya qalan jurnalistlərdir. Onlar ölkənin mənafeyini hər bir prezidentdən
yaxşı bilirlər, daha yaxşı müdafiə edirdilər və cəmiyyət də onları müdafiə edirdi.

«BİZDƏ QƏZETLƏRİN HAMISINI BAĞLASALAR, NƏ BAŞ VERƏCƏK?»

Mən bizim jurnalistləri qınamıram. Mətbuat nə ilə məşğul olmalıdır? İctimai rəylə. Bizdə ictimai rəy yoxdur axı... Üzeyir Hacıbəyov yazırdı: «Fransada, Almaniyada, İngiltərədə, Amerikada qəzetlər bağlansa, nə olar? - Cəmiyyət ayağa qalxar. Sonra soruşurdu ki, bəs bizdə qəzetlər bağlansa nə olar? – Heç nə. Heç millətin eyninə də olmaz».

- Niyə belədir bəs, Şirməmməd müəllim?

- Çünki millətin siyasi mədəniyyəti çox aşağıdır. Bizdə musiqi mədəniyyəti yaxşıdır, məişət mədəniyyəti, yemək mədəniyyəti var, düşünmək mədəniyyəti aşağıdır.

- Bəs bu nə ilə bağlıdır?

- Səbəb budur ki, heç kim bu mədəniyyətin qayğısına qalmayıb. Hakimiyyətdə olanların marağı yoxdur ki, millət onun işinə nəzarət etsin.

Cümhuriyyət dövründə 23 ayda dörd hökumət dəyişdi. Niyə? Çünki deyirdilər ki, bu hökumət yaxşı işləyə bilmədi, deməli, getməlidir. Deyin görüm, nə vaxt olub ki, bizim Milli Məclis məsələ qaldırsın ki, bu hökumət filan işi görə bilmir. Yoxdur ictimai rəy!

«BÜTÜN QƏRBİ İRƏLİ APARAN SİYASİ MƏDƏNİYYƏTDİR!»

Bütün Qərbi irəli aparan siyasi mədəniyyətdir. Məhəmməd Əmin Rəsulzadənin bir məqaləsi var, deyir ki, təklikdə hamı narazıdır, amma elə ki, bir yerə yığıldılar, hamısı razı olur. Bax bu psixologiyanı aradan qaldırmaq lazımdır. Bu dövlət də, bu torpaq da, bu hakimiyyət də bizimdir. Hər bir fərd gərək ölkəyə sahib çıxsın. Yalanla, rüşvətxorluq, oğurluqla ölkəni uzun müddət idarə eləmək olmaz. Mətbuat da gərək buna qarşı vuruşsun.

«KİM BATMAQDAN QORXURSA, DƏNİZƏ GİRMƏSİN»

- Amma vuruşanlar «gözü çıxmış qardaşları»nı yada salırlar axı...

- Kim canavardan qorxursa, meşəyə girməsin, kim batmaqdan qorxursa, dənizə girməsin. Jurnalistlər qvardiyaçılardır. Gərək heç nədən qorxmasınlar. Müharibədə ən çətin cəbhəni yarmağa qvardiyaçılar gedirlər. Amma millət öz jurnalistinə sahib çıxmalıdır, millət jurnalistləri tək qoymamalıdır.

«MİNLƏRLƏ BİVEC MOLLANIN İÇİNDƏN MİRZƏ FƏTƏLİ ÇIXDISA...»

1915-ci ildə Üzeyir bəy «Nəyimizin vaxtıdır?» adlı bir məqalə yazmışdı, deyirdi ki, bir vaxtlar, 1905-06-cı illərdə şərait yarandı, biz qızışdıq, böyük işlər gördük, amma sonra söndük. Qorxuram ki, bizim işığımız tez sönər. «Açıq söz» qəzetində M.Ə. Rəsulzadə ona cavab vermişdi: «Əgər bu millət minlərlə bivec mirzələrin içində Mirzə Fətəli Axundov kimi əjdaha yetişdirdisə, minlər bivec seyidin içində Seyid Əzim Şirvani yetirdisə, minlərlə baqqal içində Sabir yetişdirdisə, bu millətin işığı heç vaxt sönməyəcək».

Mən Milli Mətbuat günü münasibətilə bütün həmkarlarımı təbrik eləyirəm. Allah Həsən bəy Zərdabiyə min rəhmət eləsin!

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG