Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:03
«2005-ci ilə qədər yazdığım bir sıra məsələlərə toxuna bilmirəm. Bu ölkənin birinci şəxsi ilə bağlı bir sıra mövzulardır, şəxsiyyətə pərəstişə aid məsələlərdir. Bu çox acı gerçəklikdir…»

Bu Azərbaycan jurnalistikasında ən kəskin yazıları ilə seçilən Zamin Hacının etiraflarıdır. Hətta onun üçün də tabuya çevrilmiş mövzular var. Zamin Hacı deyir ki, tabunun rədd edilməsi tək ona yox işlədiyi qəzetə də problem yarada bilər. Odur ki, bəzi mövzulardan qaçmağa, qaça bilməyəndə də Ezop dilində yazmağa üstünlük verir. Zamin Hacı deyir ki, daxili senzura hətta «Qlavlit»dən (rəsmi senzura) belə təhlükəlidir.

DAXİLİ SENZURA…

Milli mətbuatın yaranmasının 134-cü ildönümü ərəfəsində olan Azərbaycan jurnalistikasında son illərə xas qorxu birdən-birə yaranmayıb. 1993-cü ildən 1998-ci ilə qədər Azərbaycanda rəsmən senzura hökm sürüb. Ondan sonra isə bir jurnalist - «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov öldürülüb. İndiyə qədər də bu qətlin üstü açılmayıb. 41 jurnalist isə məhkəmənin hökmü ilə həbs edilib. Onların 3-ü hələ də həbsdədir. 60-dan çox jurnalist isə şərti cəza və müxtəlif qaydada inzibatı cəriməyə məruz qalıb. İki jurnalist isə döyülərək şikəst edilib. Onların biri bundan az sonra vəfat edib. Zamin Hacı:

«Risk etmirsən. Fikirləşirsən ki, buna dəyərmi? Elmar Hüseynovun qətli bizim üçün acı bir dərs oldu. İndi ortada onun məzarı var, həyat yoldaşı və oğlu isə ölkədən didərgin düşüb».

Ancaq qəribədir ki, Azərbaycan jurnalistikasında daxili senzuraya haqq qazandıranlar da var. Hakimiyyət yönlü «Səs» qəzetinin Baş redaktoru Bəhruz Quliyev deyir ki, daxili senzura jurnalistlərdə məsuliyyət yaradır:

«Hər bir jurnalistin daxilində bir senzor olmalıdır. Biz son illər hətta Dağlıq Qarabağ kimi ümummilli məsələdə belə bu tələbi qorumuruq, nə istəyirik yazırıq. Bəzən hərbi sirləri də. Ancaq senzuranın ləğvi o demək deyil ki, biz ağlımıza gələni yazmalıyıq».

KİMDİR GÜNAHKAR?…

Bir dəfə «Zerkalo» qəzetinin şərhçisi Azər Rəşidoğlu jurnalistikanın vəziyyəti ilə bağlı maraqlı bir bənzətmə dilə gətirmişdi. O, deyirdi ki, artıq Azərbaycanda tam müstəqil mətbu orqanı qalmayıb. Bu yük sadəcə bir neçə cəfakeş jurnalistlərin çiyninə düşüb. Ölkədəki siyasi vəziyyəti minalanmış əraziyə bənzədən Azər Rəşidoğlunun fikrincə, həmin cəfakeş jurnalistlər də tədricən minalara toxunub sıradan çıxır. O düşünür ki, Azərbaycanda müstəqil mətbuatın sıradan çıxması təkcə məmur basqıları ilə bağlı deyil. Müstəqil, müxalifət düşərgədə yer alan mətbu orqanlarına rəhbərlik edən şəxslər də artıq sağlam qəzetçiliyin maddi fayda gətirmədiyini görüb siyasi proseslərə atılmaqdadırlar:

«Artıq siyasətə gəlmək istəyirlər. O özlərini «media kapitanları» kimi təqdim edən simalar. Ancaq resursları yoxdur. Ona görə mətbuatdan trampilin kimi istifadə etmək istəyirlər. Bu insanların hakimiyyətlə də, müxalifətlə də çox gözəl münasibətləri var. Azərbaycan mətbuatını təkcə hakimiyyətin basqıları yox, bu media kapitanlarının ambisiyaları da bu günə qoyub».

Azər Rəşidoğlu deyir ki, Azərbaycan jurnalistikasına ayrılıqda bir ada kimi baxmaq olmaz. Onun fikrincə, jurnalistikanın inkişafı ümumilikdə ölkədə azadlıqların tanınmasından və ona hörmət edilməsindən keçir…

Şərhləri göstər

XS
SM
MD
LG