Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:08

Vəfa Quluzadənin yuxusu..


Vəfa Quluzadə
Vəfa Quluzadə
«Dəyirmi stol. İlham Əliyev, Serj Sarkisyan, Dmitri Medvedev stolun ətrafında əyləşiblər.
Medvedev deyir: «Əziz dostlar, siz ikiniz də Rusiyanın dostusunuz, deməli, bir-birinizə düşmən ola bilməzsiniz. Qarabağ münaqişəsini Rusiya həll edəcək, siz bircə səbir edin. Səbirli olun, qoyun İran nüvə silahını icad etsin, ondan sonra hamımız Amerikanın əleyhinə çıxış edə bilərik».

Keçmiş dövlət müşaviri Vəfa Quluzadə deyir ki, bu səhnəni prezidentlərin Moskva görüşündən iki gün sonra yuxuda görüb.

Deyir ki, fikrindəki yuxusuna girib - əmindir ki, Rusiya Qarabağla bağlı ancaq öz maraqlarını fikirləşir, hələlik bu ona sərf eləmir, münaqişənin həlli ancaq Rusiya çökəndən sonra mümkün olacaq.

MEDVEDEV MƏMMƏDYAROVA NİYƏ ÜMİD VERDİ?


Azərbaycandakı Moskvadakı görüşdən sonra Azərbaycan tərəfdən hələ ki, rəsmi bəyanat budur ki, Rusiya Qarabağın həllində aktivləşib, bu da ümid verir. Xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə deyib ki, o, bu qənaətə Rusiyanın prezidenti Medvedevlə İlham Əliyev ikilikdə görüşəndən sonra gəlib.

Vəfa Quluzadə deyir ki, Moskva aktivləşsə belə, bundan Azərbaycana bir xeyir gəlməyəcək, çünki Rusiyanın məqsədi Azərbaycanı da Ermənistan kimi oyuncağa çevirməkdir.

«AZƏRBAYCAN MƏMURLARI NİYƏ BELƏ SADƏLÖVHDÜR»

Politoloq deyir ki, indi Qarabağla bağlı heç bir danışıq yoxdur. Soruşuruq ki, bəs onda Vəfa müəllim, Məmmədyarova ümid verən nədir?

«Mən inanmıram ki, kimsə Məmmədyarova ümid verib, onun özünün danışığından ümidsizlik gəlir, konkret heç nə demir axı!... 15 dəfədən artıq görüş olub bütün Rusiya prezidentləri ilə. Amma hələ ki, ortada bir şey yoxdur. Bu Azərbaycan məmurları nə qədər sadəlövhdürlər».

«Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyir ki, Moskvanın aktivləşməsi onunla bağlıdır ki, Rusiya Azərbaycanı Qərbdən uzaqlaşdırmaq istəyir, yəni, Rusiya bilir ki, Azərbaycan «Madrid prinsipləri» ilə razı deyil, amma Qərb bu prinsipləri dəstəkləyir, indi istəyir ki, Azərbaycanı inandırsın ki, Qərblə yox, Rusiya ilə qalmaq, razılaşmanı imzalamamaq lazımdır: «Bu hal
Prezidentlər Moskvada, 17 iyul 2009
Rusiyaya sərf eləyir ki, münaqişə nə hərb, nə sülh vəziyyətində qalsın».

ZƏRDÜŞT ƏLİZADƏ: «RUSİYA AZƏRBAYCANIN XEYRİNƏ ERMƏNİSTANA GÜZƏŞTLƏRİ AZALDA DA BİLƏR»


Başqa bir politoloq Zərdüşt Əlizadə deyir ki, Rusiya Bakı ilə yaxınlaşmaqda maraqlıdır, çünki Azərbaycanda enerji maraqları var, Azərbaycan Orta Asiya neft-qaz ehtiyatları üçün Rusiyayla tranzit əməkdaşlığı edə bilər. Zərdüşt Əlizadə inanır ki, bu maraq naminə Rusiya hətta Ermənistana güzəştlərini Azərbaycanın xeyrinə azalda bilər.

Amma politoloq Zəfər Quliyev deyir ki, o, Rusiyanın Dağlıq Qarabağla bağlı mövqeyində aktivləşmə görmür, indiyə kimi Azərbaycan və Ermənistan prezidentlərinin Sürixdəki görüşünü Fransa, Praqa görüşünü Amerika təşkil eləmişdi, indi də növbə Rusiyanındır:

«Moskvadakı görüşlərə o biri həmsədr ölkələr də narazılıq bildirmirlər, bu, razılaşdırılmış bir prosedurdur».

ZƏFƏR QULİYEV: «RUSİYA AKTİVLƏŞSƏ DƏ BU TƏHLÜKƏLİ DEYİL»

Zəfər Quliyev deyir ki, axır bir neçə görüşün Rusiya ərazisində keçirilməsində səbəb budur ki, Kremlin Cənubi Qafqaza təsir imkanı daha çoxdur. Ekspert deyir ki, Rusiyanın aktivləşməsi təhlükə törətmir, çünki bütün hallarda son sözü Azərbaycan prezidenti və xalqı deyəcək.

Əliyevlə Sarkisyan axırıncı dəfə keçən həftə Moskvada görüşüblər. Bundan qabaqkı görüş bir ay əvvəl, iyunun 4-də Sankt-Peterburqda olmuşdu. Keçən ilin noyabrında Moskvada «Mayn Dorf» sarayında Azərbaycan, Ermənistan və Rusiya prezidentləri münaqişənin nizamlanması ilə bağlı «Moskva bəyannaməsi» qəbul eləmişdilər.
XS
SM
MD
LG