Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:37

Türkiyə də siqaretə qadağa qoydu


Bazar günündənsə siqaret aludəçisi olan türklər yeni qadağa ilə üzləşiblər
Bazar günündənsə siqaret aludəçisi olan türklər yeni qadağa ilə üzləşiblər
Bir vaxtlar Osmanlı İmperiyasında siqaret çəkmək əxlaqa və islama zidd, insanları yoldan çıxaran pis bir vərdiş hesab olunurmuş. Hətta 17-ci əsrdə Sultan IV Murad küçələrdə siqaret çəkənləri xəlvəti güddürüb cəzalandırırmış da.

Bazar günündənsə siqaret aludəçisi olan türklər yeni qadağa ilə üzləşiblər. Bundan sonra kafe, bar və restoranlarda siqaret çəkmək qadağandır. Bu vaxta qədərsə yalnız idarələrdə və ictimai nəqliyyatda siqaret çəkmək qadağan idi.

Əgər qadağa effektiv olsa, bu, il ərzində 100 milyard siqaret istifadə edən bir ölkə üçün inqilab anlamına gələcək. Hazırda Türkiyə dünya siqaret çəkən ölkələr arasında 8-cidir. Bu ölkədə kişilərin yarısı siqaret çəkir ki, bu da orta Avropa göstəricisindən çox yüksəkdir.

Yeni qadağa adətən təqaüdçülərin və işsizlərin öz boş vaxtlarını keçirmək üçün nərd oynadığı tütün tüstüsü ilə dolu çayxanalara böyük zərbə vuracaq.
Ankarada bir binanın zirzəmisində çayxana işlədən 31 yaşlı Dəniz deyir ki, onun üçün çətin zamanlar başlayır: «Mənim müştərilərim deyirlər ki, onlar yenə də siqaret çəkməkdə davam edəcəklər, onlar tərgidə bilmirlər. Ancaq mən bir dəfə 5 min lirə (3300 dollar) cərimə edilsəm, bağlanmalı olacağam».

Bar və kafelərin sahibləri də öz müştəriləri ilə problemləri olacaqlarından ehtiyat edirlər. Ankaranın mərkəzində qərb stilli bir kafenin meneceri olan Mustafa deyir ki, onun müştəriləri indidən ondan soruşurlar ki, o, bu qadağadan yan ötmək üçün lazımi orqanlara rüşvət verəcək, ya yox?

Türklərin çoxu siqaret və rakını bir-birindən ayrı təsəvvür etmir. Bəziləri belə düşünür ki, siqaretə qoyulan bu qadağalar dolayısı ilə sürətlə mühafizəkarlaşan cəmiyyətdə spirtli içkidən istifadəni azaltmaq məqsədi güdür. Bununla belə, bütün əsas siyasi partiyaların liderləri qadağanı bəyəniblər. Bundan başqa belə görünür ki, qadağa cəmiyyətdə də geniş dəstək qazanıb.

«Mən tamamilə bunun tərəfdarıyam» - astmadan əziyyət çəkən 69 yaşlı təqaüdçü İsmət kişi belə deyir. «Mən heç vaxt əlimə siqaret götürməmişəm. Hətta oğlumu siqaretdən uzaqlaşdırmaq üçün ona maşın da almışam, hərçənd o, hələ tərgitməyib».

Qadağan olunmuş yerlərdə siqaret çəkən şəxslər 69 lirə, həmin yerlərin idarə edənlər isə 560 lirədən 5600 lirəyədək cərimə olunacaqlar.

Azərbaycanda «Sağlam Həyat» təşkilatının apardığı araşdırmaya görə, siqaret çəkənlərin sayı 3 milyondan artıqdır. Onların 10 faizini qadınlar, qalanlarını isə kişilər təşkil edir.

1995-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə Azərbaycanda Səhiyyə Nazirliyi yanında Nikotinə qarşı Mübarizə üzrə Əlaqələndirmə Şurası yaradılıb.

2000-ci ildə Milli Məclisin «Reklam haqqında qanun»a etdiyi dəyişikliklərə görə, tütünün KİV-də və ictimai yerlərdə reklamı qadağan olunub.

Bakıdakı ictimai nəqliyyatda ancaq metroda siqaret çəkmə qadağanına əməl olunur. Marşrut avtobuslarda da «siqaret çəkmək qadağandır» elanları vurulur. Ancaq çox vaxt sürücülərin özlərini siqaret çəkən görmək olur.

2001-ci ildə Səhiyyə Nazirliyinin əmri ilə Azərbaycanda xəstəxanalarda və idman komplekslərində siqaret çəkmək qadağan olunub. İş yerləri və başqa ictimai yerlər üçün belə qadağalar yoxdur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG