Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:01

Gənc fəallar haqqında məhkəmə qərarı qüvvədə qaldı (VİDEO)


Adnan Hacızadə və Emin Milli
(Məhkəmənin qarşısında çəkilmiş videoya mətnin sonunda baxa bilərsiniz)

İyulun 20-də Bakı Apellyasiya Məhkəməsində gənc fəallar - Adnan Hacızadə və Emin Millinin apellyasiya şikayəti üzrə proses davam edib.

Məhkəmənin qarşısına ölkədəki bir sıra səfirliklərin və beynəlxalq təşkilatların təmsilçiləri, vətəndaş cəmiyyəti nümayəndələri və jurnalistlər yığışmışdılar. Günün ikinci yarısı başlanan və qapalı keçirilən prosesdən ilk əldə edilən məlumat o oldu ki, təqsirləndirilən şəxslərin vəkilləri –Elton Quliyev və İsaxan Aşurov hakimlərin dəyişdirilməsi barədə vəsatət qaldırıblar. Onlar iclası qapalı keçirdiyi üçün məhkəmə tərkibinə etiraz ediblər.

Ancaq çox keçmədi ki, bu vəsatətin təmin edilmədiyi bəlli oldu. Uzun sürən gözləntidən sonra Emin Millinin vəkili Elton Quliyev prosesdən çıxdı və Səbail Rayon Məhkəməsinin qərarını Bakı Apellyasiya Məhkəməsinin qüvvədə saxladığını bildirdi.

«Etiraz verdik onlara, iclası qapalı keçirdiklərinə görə. Getdilər. Gəldilər ki, etiraz qəbul olunmur. Sonra mahiyyəti üzrə şikayətə baxdılar, hesab etdilər ki, qərar düzgün qəbul olunub, qüvvəsində qalır. Biz əminik ki, həbs qanunsuzdur. Zərərçəkənlər prosesdə iştirak etmirdi. Eminin isə səhhəti normaldır, hamıya təşəkkürünü bildirir».

Bir qədər sonra isə vəkil İsaxan Aşurov jurnalistlərin qarşısına çıxdı və dedi ki, möcüzə baş vermədi. Onun müdafiə etdiyi gəncin – Adnan Hacızadənin də şikayəti təmin edilmədi.

Elton Quliyev və İsaxan Aşurov bildirirlər ki, onlar Azərbaycanda bütün məhkəmə instansiyaları keçib Avropa İnsan Haqları Məhkəməsinə üz tutacaqlar. Amma bununla belə Apellyasiya Məhkəməsi hakimlərinin hərəkətlərinə də laqeyd qalmayacaqlar. Vəkil İsaxan Aşurov:

«Bizim milli qanunvericilikdə nəzərdə tutulmasa da, iş Avropa Məhkəməsinə getməklə yanaşı həm də Azərbaycan Ali Məhkəməsinə şikayət təqdim edəcəyik. Və hakimlərin bu hərəkəti barədə səlahiyyətli orqanlara ayrıca bənd şəklində xəbər verilməsini istəyəcəyik».

İsaxan Aşurovun sözlərinə görə, təqsirləndirilən şəxslər indiyə qədər tibbi yardım almadıqlarını bildirirlər. Ona görə də Adnan Hacızadə və Emin Milliyə qarşı qeyri insani davranış və müdafiə hüququnun pozulması ilə bağlı artıq şikayət veriblər. İyulun 22-də Səbail Rayon Məhkəməsi həmin şikayət üzrə işə baxacaq.

Bakı Apellyasiya Məhkəməsinin qarşısında dayanıb prosesin nə ilə nəticələnəcəyini gözləyən ABŞ səfirliyinin nümayəndə Dmitri Taraxovski isə deyir ki, o Adnan Hacızadə və Emin Millinin azadlığa buraxılacağına ümid edirdi. Çox təəssüf ki bu baş vermədi:

«Mənim yeganə şərhim o olacaq ki, biz bu işi yaxından müşahidə edəcəyik. Və ümid edirik ki, bu iki gəncin işi lazımi qədər diqqət və hüquqi çərçivədə həll olunacaq. Həmçinin hökumətlə biz bu məsələni yenə də müzakirə edəcəyik».

ABŞ səfirliyinin nümayəndəsi iyulun 22-də qeyri insani rəftarla bağlı şikayət üzrə Səbail Rayon Məhkəməsində keçiriləcək prosesdən də xəbərdar olduqlarını və bu məsələni də nəzarətdə saxlayacaqlarını deyir.

Gənc fəallar Adnan Hacızadə və Emin Milli xuliqanlıqda təqsirləndirilirlər və barələrində iki aylıq həbs-qətimkan tədbiri seçilib. Bir çox beynəlxalq hüquq müdafiə təşkilatları gənclərin saxlanmasını pisləyib və onlara qarşı irəli sürülən ittihama inanmadıqlarını bəyan ediblər.

Məsələ barədə mövqeyinizi forumda bildirə bilərsiniz.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG