Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:53

«Moskvada sənəd imzalanmayacaq»


Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə
ÜMİDLƏR NİYƏ PUÇA ÇIXDI?

Azərbaycan və Ermənistan prezidentlərinin Moskva görüşünə barmaqla sayılası günlər qaldı. Görüş ərəfəsində Rusiyada nəhayət ki, danışıqlarda dövlət başçılarının dönüş edəcəklərinə ümid yaranmışdı. Bu dönüş isə baza prinsiplərinin razılaşdırılması və sülh sazişi layihəsinin hazırlanması ilə bağlı qərar ola bilərdi.

Ümid doğuran isə dövlət başçılarının nisbətən yumşaq açıqlamaları, həmsədr dövlətlərin başçılarının ortaq bəyanatı, Azərbaycan və Ermənistan ziyalılarının qarşılıqlı səfərləri və müxtəlif səviyyələrdə planlaşdırılan görüşləriydi. Amma artıq bu gün Bakıda həmin ümidlər yoxa çıxıb.

Politoloq Zərdüşt Əlizadə deyir ki, Rusiyada münaqişəylə bağlı hər hansı razılaşma və ya sənəd imzalanmayacaq:

«Bir neçə gün bundan qabaq ciddi əsaslar varıydı ki, bu yaxınlarda münaqişənin qismən tənzimlənməsinə ümid bəsləyək. Amma İlham Əliyevin son bəyanatları göstərdi ki, erməni tərəfi Azərbaycanın gözlədiyi güzəştlərə getmir, əvvəlki sərt mövqeyində durur. Görünür, beynəlxalq ictimaiyyətin əlavə təpkiləri gərəkdir».

Yeri gəlmişkən, İlham Əliyev iyulun 13-də Böyük Britaniyada deyib ki, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək, üstəlik də o, münaqişənin müharibə yolu ilə həllini istisna etməyib.

«HƏMSƏDR DÖVLƏTLƏR TƏZYİQ GÖSTƏRMƏLİDİRLƏR»

Zərdüşt Əlizadə bunu da bildirir ki, indiki məqamda Ermənistanı təzyiq altında saxlayan Rusiya da münaqişənin həllində müəyyən irəliləyişlərin olmasını istəyir. Amma görünür, Ermənistan daxilindəki şərait buna imkan vermir. Buna görə də supergüclər işə düşməsə Moskva görüşündən nəsə gözləmir:

«Hər hansı təpki olmasa, bəyanat olmasa, ağır şərtlər olmasa, Ermənistan geri cəkilməyəcək. Madam ki, Fransa, ABŞ, Rusiya münaqişənin qismən tənzimlənməsində maraqlıdırlar və razılığa gəliblər ki, bu təpki də üçtərəfli olmalıdır».

SƏNƏD İMZALANMASI ÜÇÜN BİRCƏ ŞƏRT

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğluna görəsə, belə bir sənədin imzalanmayacağı əvvəlcədən bəlliydi. Ekspert bildirir ki, bu gün danışıqlarda ən böyük problem Dağlıq Qarabağın statusunu müəyyənləşdirəcək referendumla bağlıdır, bu məqamda da tərəflər geriyə addım qoymaq istəmirlər:

Elxan Şahinoğlu
«Azərbaycan prezidenti bəyan edir ki, status məsələsi ilə bağlı bəlkə 10 il, bəlkə 100 il sonra referendum keçiriləcək, bəlkə də heç vaxt keçirilməyəcək. Ermənistan tərəfsə dirənib ki, tarix indidən deyilməlidir. Çətin məsələ olduğundan həmsədrlər də bu məsələdə tərəflərin baxışlarını uzlaşdıra bilmirlər. Bu məsələ həll olunmayana kimisə münaqişənin tənzimlənməsindən danışıla bilməz».

Elxan Şahinoğluna görə, danışıqlarda irəliləyişlə bağlı ümidlər növbəti ilə bağlanır.

«BİZ DƏ SİZİN KİMİ…»

Moskva görüşündən Azərbaycan rəsmiləri də əllərini üzüblər. Və bunu gizlətmirlər də. Hərçənd Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov bildirir ki, Moskvadakı danışıqlar prezident səviyyəsində gedəcək deyə nəsə demək çətindir:

«Hansısa qərar olsa, ölkə rəhbərləri səviyyəsində qəbul ediləcək. Və belə bir sənəd qəbul olunsa, biz də yalnız o zaman biləcəyik. Əvvəlcədən nəsə proqnozlaşdırmaq çətindir».
XS
SM
MD
LG