Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:00
Bakının Mirzağa Əliyev və Dilarə Əliyeva küçələrində yerləşən iki mərtəbəli bina bir neçə gündür uçmaq təhlükəsi ilə üzləşib. Binanın yaxınlığında aparılan qazıntı işlərinə görə sakinlər indi qorxu içindədirlər:

- Üç gündür həyətdə qalmışıq. Ay yarımdır tikinti işləri gedir, şikayət etmədiyimiz instansiya qalmayıb, axırda da belə - 3 ev uçdu. Mən niyə öz şəxsi evimdən, mülkümdən köçməliyəm? Biz təhlükəsizliyimizin təmin edilməsini istəyirik. İndi isə bunların üzündən qəzalı vəziyyətə düşmüşük.

- 1900-cü ildə tikilən evdir, 2000-ci ilin zəlzələsində heç nə olmadı. İndi bircə görəsiz hansı vəziyyətdədir.

- Bu gecə uşaqlarla küçədə yatmışıq. Bu gün necə olacaq bilmirik.

- Bizi yaxşı pulla təmin etsinlər, uşaqlarıma bir gün ağlayım. Burdakıların əksəriyyəti «JEK» evləri olub, amma bunlar dədə-baba evləridir. İndi hara düşəcəyik, necə olacaq, bilmirik.

«Avropa yəhudilərinin sinaqoqu» yaxınlığında aparılan qazıntı işini «Kapital İnvest» MMC şirkəti aparır. Şirkətin rəsmisi Ramiz Cabbarov «Azadlıq» radiosuna müsahibəsində sakinlərin ittihamlarını qəbul etmədiyini, evlərin uçmasının tikinti ilə bağlı olmadığını deyib.

- Biz tikinti yox, bərkitmə işləri aparırıq. Bizim əlimizdə rəy var ki, evlər çox qədim olduğuna görə qəza vəziyyətindədir. Biz də rəyə əsasən bərkitmə işlərini aparmışıq. İndi Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarını çağırıblar ki, guya təhlükəli bir şey var. Ancaq yalan informasiyadır. İki gündür belə çatlayıb. Evlər qədimdir, orada aparıcı divarların arasında boşluqlar yaradıb, taxçalar düzəldiblər, bununla əlaqədar olaraq ev boşalıb. Bu yaxınlarda bu küçələrdə kanalizasiya sistemlərinin təmizlənməsi gedirdi. Bununla əlaqədar Dilarə Əliyeva və Rəsul Rza küçələrində su xətləri partlayıb. Onun da böyük ziyanı dəyib.

Hazırda qəzalı vəziyyətdə olan binanın sakinləri Fövqəladə Hallar Nazirliyinin Tikintiyə nəzarət şöbəsinin işçiləri tərəfindən evakuasiya olunub və əraziyə heç kim buraxılmır.

48 saylı Mənzil İstismar Sahəsinin rəisi Qədir Abbasov isə deyib ki, 15 ailənin 7-si köçürülüb, 8-i isə qalıb. O, qanunun tələblərinə uyğun insanların köçürüləcəyini bildirib.

Sakinlər isə nəinki evlərinin taleyinin necə olacağını, hətta gecəni harada keçirəcəklərini də bilmirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG