Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:07
Emin Milli informasiya blokadasını yaracağını, Azərbaycanda dəyişiklik ideyalarını yayacağını 2008-ci ilin noyabrında elan edir - Avropada Təhsil alan Azərbaycanlı Tələbələrin Forumunun (FASE) London toplantısında.


(Emin Milli ilə "Azadlıq" radiosunun sonuncu müsahibəsini dinləyin)


LONDONDA «DƏYİŞİKLİK MANİFESTİ...»

Emin Milli 2006-cı ildə FASE-ni yaradanlardan biri olub. İki il sonra London Forumunda Milli deyirdi:

«İstəyirəm mənim və sizin uşaqlarınız bilsinlər ki, Azərbaycan Xalq Cümhuriyyətinin irsinə hörmət etmək, «Azadlıq» Radiosuna qulaq asmaq niyə vacibdir, istəyirəm olanlar bilsinlər ki, bir nəfərin iki dəfədən artıq prezident seçilmədiyi sistemə malik olmaq, monopoliya və korrupsiyanı aradan qaldırmaq niyə mühümdür».

Emin Milli elə bu forumda elan edir ki, bütün bu fikirlərini ictimaiyyətə yaymaq üçün FASE-dən gedir.
AN şəbəkəsinin təsisçisi Emin Milli və FASE-nin koordinatoru Rəşad Elli «Azadlıq» radiosunun qonaqlarıdır, 27 yanvar 2009


AZI 5500-lük AUDİTORİYA VƏ MÜASİR MAARİFÇİ

Təkcə «Facebook» sosial şəbəkəsində Emin Millinin 3000-dən çox «dostu» var – həmin adamlar hər gün onun yayımladığı məlumatları alırdılar.

Emin Milli daha çox demokratiya, insan haqları ilə bağlı məlumatları yerləşdirirdi.

Ən məşhur yahoo-email qruplardan sayılan «AStudents» qrupunu da Emin Millinin həmtəsisçisi olduğu AN şəbəkəsi yaradıb. «AStudents»in 2500-dən çox üzvü var.

Emin Milli gündə bir neçə dəfə «AStudents»ə məlumat göndərirdi.

«EMİN CƏMİYYƏTDƏ DƏYİŞİKLİYİN FİLOSOFUDUR»

Emin Milli siyasətçidirmi? Bu suala onun dostları birmənalı cavab verirlər - Xeyr! Onun hakimiyyətə heç bir iddiası yoxdur. AN şəbəkəsinin həmtəsisçisi Elnurə Civəzadə deyir:

«Emin cəmiyyətdə dəyişikliyin filosofudur».

Amma dostları deyirlər ki, Emin Milli qeyri-zorakılıqla, maarifçiliklə dəyişikliyin tərəfdarıdır, zorakılıqla yox.

HƏYAT YOLDAŞININ DEDİKLƏRİNDƏN...

Emin Millinin həyat yoldaşı Leyla Kərimli ABŞ-ın Kolumbiya Universitetində doktoranturada oxuyur. Dediyinə görə, Emin Milli indi heç yerdə rəsmi işləmir, ancaq müxtəlif ictimai görüşlərdə mühazirə deyir və müstəqil tərcüməçiliklə məşğuldur.

Leyla Kərimli «Azadlıq» Radiosuna danışır:
-Emin ideya adamıdır. Çox adam var ki, karyera güdür, pul fikirləşir, amma Emin elə deyil, onun üçün əsas Azərbaycanda müstəqil düşünməyi bacaran və Azərbaycanın gələcəyinin parlaq olmasını təmin edəcək gənclərin olmasıdır.
-«Yeni Müsavat» qəzeti yazır ki, Emin Milli Amerikanın əli ilə Azərbaycanda çevriliş planı, «narıncı inqilab» hazırlayırmış...
-Bu, nonsensdir. Mən bilmirəm bu məlumatı haradan alıb yazıblar. Emin heç kimin adamı deyil, ona neçə dəfə təklif ediblər ki, qalsın xaricdə işləsin, razılaşmayıb. Bir də inqilab hazırlayan adam niyə görə BMT-nin qarşısında açıq-aşkar aksiyalar keçirməli idi. Yəni, «Yeni Müsavat» professionallıq iddiasındadırsa, onda boşboğazlıqla yox, konkret faktlara istinad edən məlumatların çapı ilə məşğul olsunlar.

«Yeni Müsavat» qəzeti 14 iyul sayında yazır ki, Emin Milli və həbs olunan başqa yoldaşı Adnan Hacızadə Amerikanın Azərbaycanda «narıncı inqilab» planının icraçıları imişlər.

EMİN MİLLİNİN AMERİKA SƏFƏRLƏRİ

Emin Milli dostları arasında
Həyat yoldaşı Leyla Kərimlinin verdiyi məlumata görə, Emin Milli Birləşmiş Ştatlara birinci dəfə 2001-ci ildə gedib.

New York State University-də «Avropa Qərar Qəbulu prosesi» mövzusunda tələbə konfransında iştirak edib. Bu, onun Saarbrukende oxuduğu dövrdə baş verib. Leyla Kərimli deyir ki, bir dəfə hətta Emin Milli Dövlət Gömrük Komitəsinin və Prokurorluğun işçiləri üçün tərcüməçi kimi ABŞ-a gedib.

2008-ci ilin avqustundan bu yana Emin Milli həyat yoldaşını görmək üçün bir neçə dəfə Amerikaya gedib. Bunu da Leyla Kərimli deyir.

CV
Emin Milli (Abdullayev) 1979-cu ildə Bakıda doğulub, 1999-cu ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsini bitirib, Almaniyada Avropa Saarbruecken Hüquq Məktəbində magistr dərəcəsi alıb.

O, 1999-2000-ci ildə Bakıda (International Republican Institute (IRI)) Beynəlxalq Respublikaçılar İnstitutunda koordinator, 2002-2004-cü ildə Friedrich Ebert Fondunun Azərbaycan üzrə direktoru işləyib.

2002-2004-cü illərdə həm də Avropa Şurasının Azərbaycanda siyasi məhbuslar üzrə hüquqşünası və məsləhətçisi olub.

2005-ci ildə Emin Milli ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidə missiyasının siyasi təhlilçisinin köməkçisi işləyib.

AN ŞƏBƏKƏSİ

Yuxarıdakı bioqrafik məlumatları «Azadlıq» Radiosuna Emin Millinin yoldaşlarından biri Elnurə Civəzadə verib. Civəzadə deyir ki, Emin Milli 2005-ci ildə xaricdə oxuyan məzunlarla bir yerdə Alumni Network (Məzunlar Şəbəkəsi)ni-AN şəbəkəsini yaradır və gənclərin xaricdə təhsil alması uğrunda məsləhətlər verməyə başlayır. AN şəbəkəsi qeyri-hökumət təşkilatı deyil, heç bir layihə həyata keçirmir, ofisi və ayrıca strukturu, sədri yoxdur, heç vaxt qrant almayıb, məqsədi informasiya mübadiləsidir.

BAKI UNİVERSİTETLƏRİNDƏ İMZATOPLAMA KAMPANİYASI KEÇİRİR

...2005-ci ildə Emin Abdullayev özünə «Milli» təxəllüsünü götürür və dostlarının dediyinə görə, bundan sonra daha ciddi ictimai fəaliyyətə başlayır. Dostları deyir ki, bu təxəllüsün «millətçilik»lə əlaqəsi yoxdur.

2005-ci ildə Emin Milli Bakı universitetlərində imzatoplama kampaniyasına başlayır. İdeya bu olur ki, neftdən gələn vəsait hər il xaricdə 5 min tələbənin təhsil almasına yönəldilsin. Milli minlərlə imza toplamağa nail olur, amma elə həmin il prezident fərman imzalayır ki, neft pulları hesabına xaricə tələbə göndərilsin. Amma hər il 5 min yox, müəyyən dövr ərzində 5 min.

Yuxarında dediyimiz kimi 2006-da Emin Milli FASE-ni yaradanlardan biri olur, 2008-də FASE-dən gedir və özünün dediyi kimi internetdə informasiya blokadasını yarmağa çalışır. Amma mübarizə təkcə virtual məkanla məhdudlaşmır. Emin Milli Bakının küçələrinə də çıxır.

HƏR ŞEY BİR DƏSTƏ GÜLLƏ BAŞLADI

Media Emin Milli haqqında keçən ildən yazmağa başladı. 2008-ci ilin mayın 28-də Emin Milli bir neçə yoldaşı ilə birgə şəhərin mərkəzində, Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin büstü qoyulmalı olan, əvəzində fontan tikilən yerə gül dəstəsi qoymağa cəhd eləyir, polis onu bir neçə saatlığına saxlayır.

KULMİNASİYA: AMERİKADA AZƏRBAYCANLILARIN ETİRAZI

Bu ilin yanvarında Amerikada yaşayan azərbaycanlılar Konstitusiyada dəyişikliyə etiraz kimi Nyu-Yorkda, BMT-nin baş ofisinin qarşısında aksiya keçirdilər, bir nəfərə ömürlük prezidentlik şansı verən düzəlişə etiraz etdilər. Emin Milli həmin aksiyanı təşkil eləyən AZAD adlı təşkilatının təşəbbüs qrupunun üzvü idi.

2009-cu ilin aprelində Emin Milli ABŞ-ın Kolumbiya Universitetində Azərbaycanda Konstitusiya dəyişikliyinin əleyhinə kəskin tənqidi çıxış edir.

GÜL BAYRAMINA CÜT QƏRƏNFİLLƏ...

Polis Emin Millini axırıncı dəfə bu ilin mayında, mərhum prezident Heydər Əliyevin ad günündə saxlamışdı. Həmin vaxt Milli tərəfdaşları ilə bir yerdə Neft Akademiyasında həlak olan 12 nəfərin xatirəsinə matəm elan olunmamasına etiraz kimi cüt qərənfillə gəlib «gül bayramı»nın keçirildiyi yerdə dayanmışdı. «Gül bayramı» mərhum prezident Heydər Əliyevin ad günündə, 10 mayda keçirilirdi. Polis Millini başqa etirazçılarla bir yerdə bir neçə saat saxlamışdı.

VƏ NƏHAYƏT «LİVAN» RESTORANI

Emin Milli və Adnan Hacızadənin həbsi, 9 iyul 2009
2009-cu ilin iyulun 8-də Emin Milli özündən başqa altı dostu ilə bir yerdə «Livan» restoranının barında oturubmuş, dostlarının iddia etdiyinə görə qonşu stoldan ona hücum olur və Milli, dostu Adnan Hacızadə döyülür. Onlar polisə şikayət etdikdə isə özlərini xuliqanlıqda təqsirli bilib saxlayırlar. Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə bəyanatında isə göstərilir ki, onlar barda ucadan etik normadan kənar nalayiq ifadələr işlədiblər, bardakı başqa iki nəfər- Vüsal Məmmədov və Babək Hüseynov Emin Milliyə və dostlarına irad tutmaq istəyiblər, amma Emingil həmin iki nəfərə qarşı zor tətbiq ediblər.

«EMİN MİLLİ KİMİ GƏNCLƏRİN İLHAM ƏLİYEVƏ BÖYÜK ÜMİDLƏRİ VAR İDİ...»

Siyasi şərhçi Rauf Mirqədirov deyir ki, Emin Milli kimi gənclərin 2005-ci ilə qədər prezident İlham Əliyevə böyük ümidləri var idi, onlar Əliyevi xarici dilləri bilən, dünyagörüşlü lider hesab edirdilər: «Amma 2005-ci ildən sonra, azadlığın çərçivəsi daraldıqca, belə gənclər çox məyus oldular. Onlar yeni metodlardan, informasiya texnologiyalarından istifadə edərək yeni mübarizə üsulu seçdilər».

«MÜXALİFƏTDƏN DƏ TƏHLÜKƏLİ»

Rauf Mirqədirov deyir ki, indi belə gənclər hakimiyyət üçün müxalifətdən daha təhlükəlidir, çünki indiyə qədər müxalifətin gənclər təşkilatları arasındakı gənclər vətənpərvərdirlər, amma bəzən savadları çatışmırdı, amma Emin kimi gənclər həm vətənpərvərdir, həm də onlar xaricdə təhsil aldıqlarından imkanları genişdir: «Odur ki, hakimiyyət belələrini virtual auditoriyasının artmasından narahatdır».

Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov mətbuata müsahibəsində deyib ki, Emin Millinin həbsi siyasi xarakterli deyil və məsələ siyasiləşdirilməsin.

Prokurorluq və Daxili İşlər Nazirliyi isə Milli və onunla birgə tutulan Adnan Hacızadənin həbsini pisləyən xarici səfirliklərə müraciət ediblər ki, istintaqın işinə qarışmasınlar.

«Sərhədsiz Reportyorlar» Birliyi Emin Millini «bloqçu» kimi təqdim edir, amma Azərbaycanda Emin Millini bloqçu kimi yox, daha çox forumlarda, sosial şəbəkələrdə məlumat yayan adam kimi tanıyırlar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG