Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:15

«Prezidentin fərqli bəyanatına Rusiyanın mövqeyi səbəb olub»


İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Qordon Braun, 13 iyul 2009

İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Qordon Braun, 13 iyul 2009

«DAĞLIQ QARABAĞA HEÇ VAXT MÜSTƏQİLLİK VERİLMƏYƏCƏK»

Prezident İlham Əliyev iyulun 13-də Londonda beynəlxalq siyasətlə məşğul olan ekspertlər qarşısında çıxış edərkən Dağıq Qarabağ problemindən də danışıb. O deyib ki, münaqişənin nizamlanmasında daha ümidverici dinamika müşahidə olunsa da, bu, birdəfəlik sülhün bərqərar olması üçün yetərli deyil. Ölkə başçısı bildirib ki, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək.

Bir müddət əvvəl – iyulun 5-də isə İlham Əliyev Rusiyanın «Vesti» telekanalına müsahibəsində bildirmişdi ki, razılaşma imzalanandan dərhal sonra ilkin mərhələdə erməni ordusu Dağlıq Qarabağ ətrafındakı 5 rayondan çıxarılır. Kəlbəcər və Laçının boşaldılması isə razılaşma qüvvəyə minəndən 5 il sonraya nəzərdə tutulur:

«Dağlıq Qarabağın statusu məsələsi köçkünlər öz evlərinə qayıdandan 1 il sonra da ola bilər, 10-100 il sonraya da qala bilər, heç olmaya da bilər. Düzdür, Dağlıq Qarabağa status verilməlidir, amma ölkənin ərazi bütövlüyü çərçivəsində».

Bu müsahibədən sonra bəzi siyasi dairələrdə belə bir fikir yaranmışdı ki, iyulun 18-də Moskvada keçiriləcək MDB-nin qeyri-formal sammitində Azərbaycanla Ermənistan arasında hansısa razılaşma imzalana bilər. Amma dövlət başçısının Londondakı son açıqlamaları yenidən bu istiqamətdə müzakirələrə rəvac verdi.

«PREZİDENTİN FƏRQLİ BƏYANATINA RUSİYANIN MÖVQEYİ SƏBƏB OLUB»

Prezidentin qısa bir zaman çərçivəsində fərqli bəyanatlar verməsinin səbəbinə siyasətçilərin münasibəti müxtəlifdir.

Politoloq Zərdüşt Əlizadə hesab edir ki, prezidentin fərqli bəyanatına çox güman ki, Rusiyanın mövqeyi səbəb olub:

«Görünür, Rusiya söz veribmiş, axır məqamda başlayıb dəbbələməyə. Prezident əvvəl deyir ki, məsələ həll oluna bilər, sonra xəbər tutur ki, Rusiya Ermənistanla başqa cür danışır. Mövqeyini ona sərt şəkildə çatdırmır. Ermənistan da cızığından çıxır. Ona görə də İlham Əliyev deyir ki, dinamika var, amma bu, kifayət deyil. Yəni bu, böyük dövlətlərə açıq işarədir ki, siz Ermənistana təzyiqinizi artırın».

Zərdüşt Əlizadəyə görə, Ermənistan Amerika, Rusiya, Fransa və Avropanın hesabına yaşayan bir dövlətdir. Onların hərtərəfli dəstəyi olmasa, bu dövlət yaşaya və öz siyasətini davam etdirə bilməz.

«BU VƏZİYYƏTİ PREZİDENT YARADIB VƏ ÖZÜ DƏ İDARƏ EDİR»

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu isə deyir ki, əslində, prezidentin verdiyi son açıqlama Böyük Səkkizliyin görüşündə ATƏT-in Minsk Qrupuna həmsədr olan dövlətlərin başçılarının yaydıqları son bəyanata reaksiyadır:

«Həmsədrlər 6 prinsip və 1 yekunu açıqladılar. Prezident də onu dinamika üçün əsas hesab edir. Amma deyir ki, bu, yetərli deyil. Yəni tutaq ki, orada ancaq 1-ci bənddə konkretlik var ki, 7 rayon qaytarılmalıdır. Bir də səhv etmirəmsə 5-ci prinsipdə konkretlik var ki, bütün məcburi köçkünlər və qaçqınlar yurdlarına qayıtmalıdır. Qalan 4 prinsipdə qeyri-müəyyənlik var. Bu baxımdan görünür, prezident tələb edir ki, açıqlanan sənəd elə vəziyyətdə olsun ki, Ermənistan ona başqa don geyindirə bilməsin».

Mübariz Əhmədoğlu deyir ki, ümumiyyətlə, bu cür problemlərin həlli məsələsində, müxtəlif manevrlər hökmən olmalıdır. Bu vəziyyəti prezident yaradıb və özü də idarə edir.

Böyük Səkkizliyin toplantısında Barak Obama, Dmitri Medvedev və Nikola Sarkozi həmsədrlərə 2007-ci il noyabrın 29-da açıqlanmış Madrid təklifləri üzrə yeni versiyanı təqdim etməyi tapşırıblar. Onlar Azərbaycan və Ermənistan prezidentlərini qalan fikir ayrılıqlarını aradan qaldırmağa və hərtərəfli sülh planının əsasını təşkil edəcək baza prinsiplərinin razılaşdırılmasını başa çatdırmağa çağırıblar.

«PREZİDENT ƏL YERİ QOYMAĞA ÇALIŞIR»

Konfliktlərin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyev isə deyir ki, Azərbaycan prezidenti mühiti nəzərə alaraq danışır. Əslində, vəziyyəti daha düzgün ifadə edən dövlət başçısının Londonda dedikləridir:

«Prezident özü də bilir ki, ifadə olunan prinsiplər Azərbaycan xalqı tərəfindən qəbul ediləsi məsələlər deyil. Ona görə də yəqin ki, belə danışmaqla əl yeri qoymağa çalışır. Bu baxımdan İlham Əliyevin bir yerdə elə danışıb, digər yerdə başqa cür danışması onun özü-özünü tora salmasından irəli gəlir».

Elxan Mehdiyevə görə, rəsmi Bakının razılaşmaları, geriçəkilmələri nəticəsində Azərbaycan üçün təhlükəli bir situasiya yaranıb. Və artıq bu razılaşmalar bir sənəd üzərinə də köçürülüb. Bunlar da ki, faktiki olaraq 1998-ci ildə Robert Koçaryan Ermənistanda hakimiyyətə gəldiyi vaxtdan irəli sürülən prinsiplərə əsaslanır. Yəni söhbət son nəticədə Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına əsas yaradan bir sənəddən gedir.

Şərhləri göstər

XS
SM
MD
LG