Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:40

Mütləqiyyətin son qalası…


Bastiliyanın alınması
Bastiliyanın alınması
14 iyul Bastiliyanın alınması günüdür və Fransa bu günü milli bayram kimi qeyd edir. Fransızlar onu «Fête Nationale», yəni «Milli Bayram Mərasimi» adlandırırlar. Ümumiyyətlə, 14 iyul 1880-ci ildən Fransanın milli bayramı kimi qeyd edilir.

Parisdə yerləşən Bastiliya qalası 1370-1382-ci illərdə tikilib. Beş əsrdən artıq dövlət həbsxanası olub. Bastiliyada əsasən siyasi dustaqlar saxlanırdı. 1789-cu il iyulun 14-də Paris üsyançıları mütləqiyyət rəmzi olan qalanı ələ keçirdilər və bununla da Böyük Fransa İnqilabının başlandı.

BÖYÜK FRANSA İNQİLABI

Bu inqilab Fransa və Avropanın siyasi tarixində köklü dəyişikliklərə səbəb olmuş ən mühüm hadisələrdən biri hesab olunur. İnqilabın əsasında mütləq monarxiyadan demokratiya, vətəndaşlıq və insan hüquq və azadlıqlarına söykənən ictimai-siyasi ideyalar dururdu.
İnqilabda demək olar ki, bütün xalq iştirak edirdi.

İNQİLABIN SƏBƏBLƏRİ

XVIII əsr Fransası hərbi dayaqlara əsaslanan mütləq monarxiya idi. Kral XVI Luiz iri zadəgan feodallar və katolik ruhanilərinə böyük miqyaslı imtiyazlar verməklə mütləq hakimiyyətini qoruyub saxlayırdı.

Kralın mütləq hakimiyyəti get-gedə ruhani sinfi, burjuaziya və zadəganlar arasında nüfuzunu itirirdi. Fransız maarifçiləri - Volter, Monteskiyö, Russo və digər mütəfəkkirlərinin əsərləri cəmiyyətinin intellektual hissəsinin hadisələrə münasibətini inqilabi şəkildə dəyişirdi. Şimali Amerikada gedən vətəndaş müharibəsi də inqilaba ciddi təsir göstərən amillərdən idi.

Həmin dövrdə Fransa parlamenti ayrı-ayrı silklərin nümayəndələrindən formalaşırdı. Seçkilərindən sonra - 5 may 1789-cu ildə hər üç zümrədən olan deputatlar kralın Versal sarayında parlamentin ilk iclasına toplaşırlar. Tezliklə parlamentdə üstünlük tamamilə üçüncü silkin əlinə keçir. Bu kralın xoşuna gəlmədiyindən o, qanunverici orqanın fəaliyyətini dayandırmaq qərarına gəlir.

20 iyun 1789-cu ildə üçüncü silkdən olan deputatlar tennis zalına toplaşaraq and içirlər ki, əsas insan hüquqlarına təminat verən yeni Konstitusiya qəbul olunmayanacan buranı tərk etməyəcəklər.

XVI Luiz iyunun 27-i güzəştə getməli olur. Üçüncü silkdən olan deputatlar iyunun 9-u parlamenti Milli Assambleya elan edirlər.

QİYAM BAŞLADI

Bu zaman kral parlamenti zor gücünə buraxmaq üçün qoşunlarını Paris və Versala toplamağa başlayır. Şəhərə şayiə yayılır ki, kral qoşunları Bastiliya qalasının yanında cəmləşəcək. Parisdə qiyam başlayır. Qiyamçılar silah anbarlarını ələ keçirir, 14 iyul 1789-cu ildə isə hamının kral tiraniyasının rəmzi kimi tanıdığı Bastiliya ələ keçirilir.

Avqustun 26-da Milli Assambleya əsas insan hüquqlarının toxunulmazlığını elan edən «İnsanın və vətəndaşın hüquqları haqqında bəyannamə»ni qəbul edir. 1789-cu ilin avqustunda nümayişçilərin tələbi ilə kral Versaldan Parisə köçür.

Milli Assambleya hər kəsin vətəndaş bərabərliyini və dövlətdə hər hansı vəzifəni tutmaq hüququnu qanuniləşdirir, katolik kilsəsinin torpaqlarını milliləşdirir və kilsəni dövlətdən ayırır.

Bu mütərəqqi ideyalar az müddət ərzində Fransanı öncül mövqeyə çıxarır, Avropanın siyasi mənzərəsini tamamilə dəyişir. Böyük Fransa İnqilabının təsiri ilə burjua münasibətləri sürətlə inkişaf edir, Avropada mütləq monarxiya quruluşu əsaslı dərəcə də sarsılır. İnqilabdan sonra monarxiyanın bərpa edilməsinə bir neçə dəfə cəhdlər edilir, lakin bunların heç biri uzunömürlü olmur, fransızlar bütövlükdə 19-cu əsr boyu tiraniyaya qarşı vuruşur və dövlət quruluşunun respublika modelini qoruya bilirlər.

Bu gün Fransa sayca özünün beşinci respublikasında monarxiya üzərində qələbəsinin - Bastiliya qalasının alınmasının 220-ci ildönümünü qeyd edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG